Məhkəmə qərarları › İş №3(039)-763/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-763/2025

11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-763/2025 11.06.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Gəncə Gömrük İdarəsindən xx.xx.2025-ci il tarixli, 00900- 00166/25 №-li protokol daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən inzibati xəta protokolu tərtib edilmiş və inzibati material məhkəmənin icraatında olmaqla baxılmaqdadır. Protokolda göstərilir ki, xx.xx.2025-ci il tarixdə "Düyələr" yükünü daşıyan nəqliyyat vasitəsi ölkə ərazisinə daxil olduqdan sonra gömrük orqanına qısa idxal bəyannaməsi vaxtında təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında iş üzrə icraat başlana bilməz, başlanmışsa xitam verilməlidir. "xxxx" MMC-nin bir hüquqi şəxs olaraq birbaşa öhdəliyi daşımadığı bir əmələ görə məsuliyyətə cəlb edilməsi qanunsuzdur. Gömrük bəyannaməsinin vaxtında təqdim edilməməsi, daşıyıcı sürücünün və ya ixracatçı tərəfin hərəkət və ya hərəkətsizliyindən irəli gəlmişdir. Bu fakt, təqdim olunan malları göndərən şirkətlə yazışmaları əsasında təsdiqini tapır. Tərəflərindən sərhədi keçməmələri barədə xəbərdarlığa baxmayaraq, yükü göndərən şirkət sürücünü lazımi qaydada təlimatlandırmamışdır ki, bunun da nəticəsində sürücü sərhədi keçmişdir. Bu halda hüquqi şəxs inzibati məsuliyyət daşımamalıdır. Protokoldan göründüyü kimi, gömrük orqanlarına bəyannamənin təqdim edilməsi ilə yükün sərhədi keçməsi arasında çox cüzi vaxt fərqi olmuşdur. Məsul şəxsin təqdim etdiyi sənədlərdə də təsdiqləndiyi kimi, bəyannamə giriş anından dərhal sonra sistemə daxil edilmişdir. Bu vəziyyət "xxxx" MMCnin xəbəri və iradəsi daxilində olmamışdır. "xxxx" MMC tərəfindən ixracatçı tərəfə və sürücülərə dəfələrlə xəbərdarlıq edilmiş və sərhəd keçidindən öncə məlumat verilməsi tələb olunmuşdur. Lakin yükü daşıyan nəqliyyat vasitəsi bu təlimatlara əməl etməmiş, nəticədə bəyannamə texniki baxımdan sərhədin keçilməsindən qısa müddət sonra təqdim edilmişdir. Bu isə hüquqi şəxsin məsuliyyət daşıdığı anlamına gəlmir. Gömrük bəyannaməsinin təqdimindəki bu minimal gecikmə nəticəsində nə dövlət büdcəsinə zərər dəyib, nə də gömrük nəzarətindən yayınma baş verib. Əksinə, mallar dərhal qeydiyyata alınmış və qanunla müəyyən edilmiş bütün rüsumlar və prosedurlar yerinə yetirilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmır. İnzibati xəta tərkibinin əlamətləri mövcud olmadığından, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərinə nəzərə alınaraq, "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tərkibi əlamətləri olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüququ şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nünayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinin nümayəndəsi X2 verdiyi izahatında göstərmişdir ki, 01 aprel 2025-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına Gİ440ZO/Gİ440Z nömrəli nəqliyyat vasitəsi ilə daşınaraq gələn 23 ədəd «Düyələr» yükünə qısa idxal bəyənnaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına təqdim edilmədiyi müəyyən edilmiş və bu barədə Yevlax gömrük postundan Əməliyyat və Təhqiqat şöbəsinə xx.xx.2025-ci il tarixli, 3-33-1600/019/001110 saylı raport daxil olmuşdur. Araşdırma nəticəsində 01 aprel 2025-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına gələn 23 ədəd «Düyələr» yükünü daşıyan Gİ440ZO/Gİ440Z nömrəli nəqliyyat vasitəsi gömrük ərazisinə 01 aprel 2025-ci il tarixdə saat 17:44-də daxil olduğu, 01 aprel 2025-ci il tarixli, **********4646 nömrəli qısa idxal bəyənnaməsinin gömrük orqanına 01 aprel 2025-ci il tarixdə, saat 21:49-da təqdim edildyi və bununla da qısa idxal bəyənnaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilmədiyi müəyyən edilmişdir. Buna görə də, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüququ şəxs "xxxx" MMCnin ona istinad olunan inzibati xətanı törətməsi səlahiyyətli orqanın nümayəndəsinin izahatı, işdə olan protokol və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli, 00900-00166/25 №-li protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsində müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən qısa idxal bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında təqdim edilir. Azərbaycan Respublikasının Nazirər Kabinetinin xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları»nın 13.4-cü bəndinə əsasən məlumatların elektron emalı üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyənnaməsi mallar gömrük sərhədini keçənədək təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar