Məhkəmə qərarları › İş №3(039)-823/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-823/2022

07.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-823/2022 07.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Yevlax rayonu Rüstəmli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Rüstəmli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 14 iyul 2022-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş 07 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 15:30-da Yevlax rayonu Rüstəmli kəndində eltisi X2 döymüşdür. İnzibati protokolu tərtib etmiş Yevlax rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X5 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, X1 xx.xx.2022-ci il tarixdə Şəxs tərəfindən döyülməsi barədə müraciəti əsasında Yevlax rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılmış, Şəxs əməllərində cinayət tərkibi olmadığından istintaq bölməsi cinayət işinin başlanmasını rədd etmiş və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon X6 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək bildirmişdir ki, X4 onun eltisidir. 2022-ci il iyun ayının 19-da saat 15:30 radələrində o, həyat yoldaşı Ağa ilə birlikdə həyat yoldaşının “OKA” markalı avtomobili ilə qızıgilə gedən zaman Arzumangilin evinin yanından keçərkən Arzumanın qardaşı Əhliman avtomobili saxlatmış və Ağanı nalayiq söyüşlərlə söyüb-təhqir etmiş, onun arxasınca anası Telli çıxmış və yerdən daş götürüb onların avtomobilinə ataraq şüşəsini sındırmış, daha sonra Arzuman da çıxmış və o da Ağanı nalayiq söyüşlərlə söyüb təhqir etmiş, sonra Arzuman və qardaşı Əhliman da onların avtomobilini daşlamağa başlamışlar. Ağa həmin vaxt “102 xidməti”nə zəng edib məlumat vermiş, bundan sonra Arzuman gedib əmisi Qafqazı çağırmış, Qafqaz da həyat yoldaşı Gülbəniz ilə gəlmiş və Ağanın üstünə hücum edərək yumruqla çənəsinə vurmuş, həmin vaxt aralarında söyüşlə mübahisə olmuş, bundan sonra Gülbəniz də yerdən daş götürmüş və Ağanı və onun avtomobilini daşlamağa başlamış, Gülbənizin atdığı daş avtomobilin şüşəsini sındırmış, sonra da Gülbəniz ona da daş ataraq xəsarət yetirmişdir. Daha sonra polis əməkdaşları həmin yerə gələrək mübahisəni sakitləşdirib hər kəsi öz evinə aparmışlar. Bundan başqa xx.xx.2022-ci il tarixdə isə onlar Yevlax xəstəxanasında olan zaman orada da Gülbəniz təpiklə həyat yoldaşı Ağanı vurmuş, sonra da onun üstünə hücum çəkib əli ilə onu vurmuş, Qafqaz da həmin vaxt Ağanın üstünə hücum çəkib əli ilə Ağanı boğmağa başlamışdır. O, Gülbəniz Ağayevanı nə döyməmişdir nə dəki, söyməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs oğlu onun eltisidir. 2022-ci ilin iyun ayının 19-da saat 15:30 radələrində yaşadıqları evdə olan zaman qonşuluqda yaşayan eltisi Tellinin və oğlanları Arzuman ilə Əhlimanın səslərini eşitmiş, bundan sonra həyat yoldaşı Qafqaz ilə birlikdə Tellinin qapısının ağzına getmiş, qaynı Ağanın “OKA” markalı avtomobilinin yolda dayandığını, orada Ağa və həyat yoldaşı Aybəniz ilə Telli və oğlanları Arzuman və Əhlimanın aralarında əvvəllər olmuş namus məsələsinə görə mübahisə ediklərini görmüşdür. Həmin vaxt Ağa onlarda kişi olmadığını, ona görə də oğlu Səxavətin o hərəkətləri etdiyini və yaxşı etdiyini bildirmişdir. Ağanın bu sözləri onun həyat yoldaşı Qafqaza çox pis təsir etmiş və Ağanın cavabını qaytarmışdır. Buna görə aralarında mübahisə yaranmış və Ağa həyat yoldaşı Qafqazı nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. Ağanın həyat yoldaşı Aybəniz də daş götürüb onlara tərəf atmış, Telli də daş götürüb onlara tərəf atmışdır. Səs-küyə qonşular çıxmış, lakin heç biri yaxınlaşmamışlar. Həmin vaxt o da, həyat yoldaşı Qafqaz da, Ağa da “102 xidməti”nə zəng edib məlumat vermiş, bundan sonra bir müddət ara sakitləşmiş, hadisə yerinə Yevlax RPŞ-nin əməkdaşları gəlmiş, Ağa və həyat yoldaşı polislərin gəldiyini görüb yenidən qızışmış və onları söyüb təhqir etməyə başlamış, həmin vaxt Ağanın həyat yoldaşı Aybəniz onun üstünə hücum çəkmiş və yerdən daşı götürüb onu vuraraq xəsarət yetirmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə səhər saat 08 radələrində həyat yoldaşı Qafqaz Vaz-2106 markalı **-BA- *** nömrəli avtomobili ilə yaşadıqları evdən çıxıb yanacaq doldurmağa getmiş, təxminən 30 dəqiqə sonra qayıtmış və həmin vaxt Qafqazın başından qan axdığını görmüş, o isə nə baş verdiyini soruşmuş, Qafqaz isə qardaşı Ağanın yolda onun qabağını kəsib çomaqla vuraraq başına xəsarət yetirdiyini bildirmişdir. Bundan sonra onlar Yevlax şəhərinə gəlmiş, xəstəxanada olan zaman orada yenə Aybənizlə Ağa onların üstünə hücum çəkmiş, Aybəniz onun yaxasından şəhid oğlu İldırımın şəkilini qopartmış, Ağa isə onun paltarını cıraraq qolunu sıxıb ona xəsarət yetirmişdir. Aybənizdən şikayətçidir və onunla barışmayıb. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 07 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 15:30 Yevlax rayonu Rüstəmli kəndində eltisi X2 döymüşdür; cinayət işinin başlanmasının rədd edilməsi barədə 14 iyul 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış HK-1/1465 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilməsi, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi, qərarın surətinin icra olunması üçün Yevlax rayon X6 Təhlükəsizlik Bölməsinə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X8 405 nömrəli, xx.xx.2022-ci il tarixli ekpert rəyindən görünür ki,1974-cü ildə anadan olmuş X1 bədənində aşkar edilmiş xəsarət diz səthinin, sol bazunun aşağı 1/3-nin yan səthinin, sol baldırın aşağı 1/3-nin ön və tış səthinin, sol nil-bilək oynağının tış və iç səthinin qançırları küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi zərərçəkmiş şəxsin izahatı ilə yanaşı, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar