Məhkəmə qərarları › İş №3(039)-835/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-835/2020

05.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-835/2020 05.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X3, tələbkar Musayev Möhübbət Paşa oğlunun nümayəndəsi X5, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun Məmmədov Fərhad Möhübbət oğlunun barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Yevlax rayonu, Qaraməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Rüstəmli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda və ona edilmiş əlavədə göstərilmişdir ki, Əliyev X4 Rayon Məhkəməsinin 2(039)-309/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasından yayınmışdır. Yevlax rayon icra şöbəsinin icra məmuru X7 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-309/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə 31 baş qoyun, olmadıqda icra sənədində göstərilən qaydada dəyəri və bir qoyunun dəyərinin yarısı 115 manat Şəxs alınaraq tələbkar Musayev Möhübbət Paşa oğlunun xeyrinə ödənilməlidir. İcra sənədi üzrə müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun yaşadığı ünvanına bildiriş göndərilmişdir. Borclu icra sənədi üzrə 17 baş qoyunu tələbkarın xeyrinə versə də, qalıq 14 baş qoyunu tələbkara vermədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Tələbkar Musayev Möhübbət Paşa oğlunun nümayəndəsi X9 inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, borclu icra sənədi üzrə Şəxs tərəfindən qalan14 baş qoyunun qaytarılmasını, qaytarılmadığı təqdirdə sonuncunun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixdə icra sənədi üzrə 17 baş qoyunu tələbkara vermişdir, qalan 14 baş qoyunu hazırda verə bilməməsinin səbəbi isə maddi imkanının aşağı olmasıdır. O, hazırda kənd ərazisində şəxslərin torpaq sahələrini sulamaqla ailəsini dolandırmağa çalışır, buna baxmayaraq qətnamənin icra edilməsi ilə bağlı öz məsuliyyətini dərk edir və qısa müddətdə 14 baş qoyunu da tələbkara qaytaracağını bildirməklə məhkəmədən iş üzrə icraarta xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında vəkil Məmmədov Fərhad Möhübbət oğlu çıxışında hüquqlarını müdafiə etdiyi şəxs Şəxs icra sənədinin bir hissəsini icra etməsini, qətnamənin icrasından boyun qaçırmadığını bildirərək iş üzrə icraarta xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda və ona edilmiş əlavədə göstərilmişdir ki, Əliyev X4 Rayon Məhkəməsinin 2(039)-309/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasından yayınmışdır. Yevlax Rayon Məhkəməsinin 2(039)-309/2019 saylı, xx.xx.2019-cu il tarixli il icra sənədinə əsasən cavabdehlər X1 və X2 müştərək qaydada hər birinin dəyəri 250 manat olmaqla 10 baş, hər birinin dəyəri 180 manat olmaqla 13 baş, hər birinin dəyəri 230 manat olmaqla 8 baş qoyun, onlar olmadıqda qeyd edilən məbləğdə dəyəri, habelə bir qoyunun dəyərinin yarısı 115 manat alınaraq iddiaçı Musayev Möhübbət Paşa oğlunun xeyrinə ödənilməlidir; xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-309/2019 saylı, xx.xx.2019-cu il tarixli il icra sənədi üzrə hər birinin dəyəri 250 manat olan 10 baş qoyunu və hər birinin dəyəri 130 manat olan 7 baş quzu alınıb X6 verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən Yevlax Rayon Məhkəməsinin 2(039)-309/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin bir hissəsinin, yəni 17 baş qoyunun alınıb tələbkara verilməsi hissəsinin icra olunması, icra sənədinin tam şəkildə icra olunmamasının borclunun maddi vəziyyəti ilə əlaqədar olması borclu tərəfindən icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğunu istisna edir. Qeyd olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğluna ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayətverilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar