Məhkəmə qərarları › İş №3(039)-873/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-873/2025

04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-873/2025 04.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, X1 nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə Yevlax Rayon Məhkəməsində, məhkəmə iclas zalında baxaraq, məhkəmə müəyyən etdi: X5 Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şkayət verərək, həmin qərarın ləğv edilməsini və tərəfindən ödənilmiş 540 (beş yüz qırx) manat məbləğində cərimənin tam şəkildə ona qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Baş X9 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN Baş X9 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərarda qeyd edilmişdir ki, guya o inzibati xəta törətmişdir. İnzibati tənbeh verə haqqında qərarda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixində, saat 11:36-da o (şikayətçi) etibarnamə üzrə istifadəsində olan ** JU *** dövlət qeydiyyat nişanlı XCMG QY25K5D_5 xüsusi təyinatlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edərək, inzibati xəta törətmişdir. Nəqliyyat vasitəsinin texniki pasportunda da maksimal yük götürmə imkanı qeyd edilmişdir. Həmin qeydə əsasən maksimal çəki 31700 kq, idarə etdiyi nəqliyyat vasitəsi isə 31505 kq-dır. Nəqliyyat vasitəsinin texniki pasportunda qeyd edilən maksimal yük götürmə imkanına əsasən o (şikayətçi) yük həddini aşmamışdır. Nəqliyyat vasitəsinin çəkisinin müəyyən olunduğu və protokol tərtib olunan zaman qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Nəticədə qanunsuz və əsassız protkol tərtib olunmuşdur. Onun tərəfindən cərimə tam şəkildə ödənildiyi üçün əsassız olaraq maddi zərər çəkmişdir. Bu səbəbdən tərəfindən ödənilən 540 (beş yüz qırx) manat miqdarında cərimənin tam şəkildə ona geri qaytarılmasını tələb edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 07 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçüləri xüsusi ölçü alətləri və cihazları, hərəkətdə olan belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri isə yol örtüyünün altında yerləşdirilmiş Azərbaycan Avstomobil Yolları Dövlət Agentliyinin texniki vasitələri (elektron tərəziləri) vasitəsilə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallardı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları DÖvlət Agentliyinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ilə birlikdə yoxlanılır. 4.3. Xüsusi ölçü alətlərinin, cihazlarının və tərəzilərin standartlara uyğun olmaları barədə sertifikatları olmalıdır. Şikayətçi qeyd edilənlərin nəzərə alınaraq, DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı «Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmn edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulmsı ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» elektron qərarın ləğv edilərək, onun tərəfindən ödənilən 540 (beş yüz qırx) manat məbləğində cərimənin tam şəkildə ona qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçinin nümayəndəsi (vəkil) Nümayəndə ərizə verərək, şikayətin ödənimiş cərimə məbləğinin geri qaytarılmasına dair hissəsindən imtina edərək, qalan hissədə şikayətə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçinin nümayəndəsi (vəkil) Nümayəndə şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmn edilməsini və Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayətçinin nümayəndəsinin izahatını dinliyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş BB739198 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** JU *** qeydiyyat nişanlı, XCMG markalı, QY25K5D_5 xüsusi təyinatlı nəqliyyat vasitəsi "xxxx" MMC-nin mülkiyyətindədir və nəqliyyat vasitəsinin maksimal kütləsi 31700 kq., yüsüz kütləsi isə 31505 kq. təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, PL 015/25 saylı etibarnamənin surətindən görünür ki, "xxxx" MMC-nin balansında olan ** JU *** qeydiyyat nişanlı, XCMG markalı, QY25K5D_5 xüsusi təyinatlı nəqliyyat vasitəsi 1 (bir) il müddətinə sürmək üçün X3 etibar edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ Vİİİ X10 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* inzibati xəta haqqında protkolun surətindən görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə barəsində həmn maddə ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2025ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 Azərbaycan REspublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 121-ci maddəsinə əsasən bu Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmin Məcəllənin 122.3.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. Həmin Məcəllənin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2.1 – 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. Müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə göndərməlidir. SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatlar, həmçinin nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetinə yerləşdirilir və onun elektron ünvanına (olduğu halda) göndərilir. Həmin Məcəllənin 125.4-cü maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarın bu Məcəllənin 57.1-57.5ci maddələrində nəzərdə tutulmuş qaydada “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar 1 gün müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə göndərilir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli, 104 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi» Qaydalarının 4.2-ci bəndinə əsasən hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini ölçən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin elektron tərəziləri və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələri ilə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ilə birgə xüsusi ölçü alətləri, cihazları və tərəzilər vasitəsilə yoxlanılır. Həmin Qaydaların 4.2-1-ci bəndinə əsasən bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. Həmin Qaydaların 4.3-cü bəndinə əsasən xüsusi ölçü alətlərinin, cihazlarının və tərəzilərin standartlara uyğun olmaları barədə sertifikatları olmalıdır. Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, X2 ona istinad olunan Azərbaycan Respublikasının İXM-in 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən olunmur. Belə ki, məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə tərəfindən tələb olunan sübutları (baş vermiş inzibati xətanın törədilməsini əks etdirən video görüntüləri, xüsusi ölçü alətləri, cihazları və tərəzilər barədə məlumatlar, habelə istifadə olunmuş texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar) təqdim etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası DİN BDYPİ Vİİİ X10 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* inzibati xəta haqqında protkolda da bununla bağlı müvafiq qeydiyyat öz əksini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən izibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar X5 tərəfindən verilmiş şikayətə əsasən ləğv edilməli və iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN BDYPİ-ə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ tərəfindən X2 barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN Baş X9 İdarəsinə göndərilsin. Şikayət qalan hissədə təmin ediməsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar