Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-897/2021 23.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin sahə rəisi polis mayoru X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsində Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan MN seriyalı ******* saylı, 22.11.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərədən görünür ki, Şəxs, 05.07.2021-ci il tarixdə Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən Baytarlıq İdarəsinin həyətindən bir ədəd kameralı soyuducunun motorunu oğurlamışdır. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X4 izah etdi ki, Yevlax rayon Baytarlıq İdarəsinin rəisi X3 07.07.2021-ci il tarixdə Yevlax rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, 04.07.2021-ci il tarixdən 07.07.2021-ci il tarixədək Yevlax rayonu H.Əliyev prospektində yerləşən Baytarlıq İdarəsinin həyətindən bir ədəd kameralı soyuducunun motorunu naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat vermiş və qanuni tədbir görülməsini xahiş etmişdir. Bu barədə Yevlax RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığından materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş və sonuncunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsinin tərkibi olduğundan inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Yevlax RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə tərəfindən araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, 05.07.2021-ci il tarixində Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən Baytarlıq İdarəsinin binasını nəzarətsiz və mühafizəsiz görmüş, binanın həyətinə daxil olmuş və orada motor görmüş, onu satmaq məqsədilə oğurlamışdır. Oğurladığı motoru Bərdə rayonunda metal qəbulu sexinə tanımadığı bir şəxsə satmışdır. Oğurluq edən zaman tək olmuş və maddi imkanı olmadığı üçün oğurluq etmişdir. Maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyə bilmir. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X3 izahatında bildirdi ki, Yevlax rayonu Baytarlıq İdarəsinin rəisi vəzifəsində işləyir. 07.07.2021-ci il tarixdə İdarəyə gələndə görmüşdür ki, kameralı soyuducunun motoru oğurlanmışdır. Bu barədə Yevlax rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, qeyd etdiyi əşyanın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat vermiş və qanuni tədbir görülməsini xahiş etmişdir. Oğurluq nəticəsində İdarəyə ümumilikdə 350-400 manat ziyan vurulmuşdur. Hazırda Şəxs şikayətçidir. Məhkəmədən Şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini və hazırda ondan şikayətçi olduğunu nəzərə alaraq ona qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 iyul 2021-ci il tarixli qərardan məlum olur ki, törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş 22.11.2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 17.45-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, protokol üzrə aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi üçün əsaslar var. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında İXM-nin 53.0.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan sənədlərdən görünür ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar 16 iyul 2021-ci il tarixdə tərtib edilmişdir, lakin MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol 22 noyabr 2021-ci il tarixdə tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 23 noyabr 2021-ci il tarixdə Yevlax Rayon Məhkəməsinə daxil olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.6, 105.1 və 128.2.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-897/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-897/2021
23.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver