Məhkəmə qərarları › İş №3(039)-915/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-915/2021

27.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-915/2021 27.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon Polis Şöbəsinin polis sahə rəisi, mayoru X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Yevlax rayonu Tanrıqulular kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonu Tanrıqulular kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, 27 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 27.11.2021-ci il tarixdə polisin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis Şöbəsinin X1nin polis sahə rəisi X3 çıxış edərək bildirmişdir ki, Şəxs tərəfindən Yevlax rayonu Tanrıqulular kəndində qanunsuz tikinti aparılması barədə daxil olmuş məlumat əsasında polis nəfəri Elnur Musayev ilə birlikdə 27 noyabr 2021-ci il tarixdə qeyd olunan ünvana getmişlər. Həmin ərazidə bir neçə nəfər fəhlənin işlədiyini görmüşlər. Onlar fəhlələrdən tikintiyə dair icazənin olub-olmadığını soruşduqda fəhlələr tikintinin Şəxs tərəfindən aparıldığını bildirmişlər. Bundan sonra onlar Şəxs ilə telefon vasitəsilə əlaqə saxlamışlar və Şəxs tikinti aparılan əraziyə gəldikdən sonra polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gətirilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, Yevlax rayonu Tanrıqulular kəndində ona aktla verilmiş mağazanın yerləşdiyi torpaq sahəsinə dair çıxarışın verilməsi üçün müvafiq qurumlara müraciət etsə də, hazırki tarixədək ona çıxarış verilməmişdir. Bu səbəbdən də o, həmin torpaq sahəsində tikinti işləri başlamışdır. 27 noyabr 2021-ci il tarixdə şəxsi işləri ilə əlaqədar olaraq Yevlax şəhərində olan zaman ona zəng gəlmiş və tikinti olan əraziyə polis əməkdaşlarının gəldiyi bildirilmişdir. Bundan sonra o, tikinti aparılan əraziyə gedərək polis əməkdaşları ilə birlikdə özünə məxsus avtomobil ilə rayon polis şöbəsinə gəlmişdir. O, polisin heç bir tələbinə qarşı etiraz etməmişdir. Əksinə polis heç bir əsas olmadan ona təzyiq edərək tikintinin dayandırılmasını ondan tələb etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 sahənin polis nəfəri, polis baş serjantı X4 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs tərəfindən Yevlax rayonu Tanrıqulular kəndində qanunsuz tikinti aparılması barədə daxil olmuş məlumat əsasında polis sahə rəisi X3 ilə birlikdə 27 noyabr 2021-ci il tarixdə qeyd olunan ünvana getmişlər. Həmin ərazidə bir neçə nəfər fəhlənin işlədiyini görmüşlər. Onlar fəhlələrdən tikintiyə dair icazənin olub-olmadığını soruşduqda fəhlələr tikintinin Şəxs tərəfindən aparıldığını bildirmişlər. Bundan sonra onlar Şəxs ilə telefon vasitəsilə əlaqə saxlamışlar və Şəxs tikinti aparılan əraziyə gəlmiş, sonra tərəflərindən rayon polis şöbəsinə aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı, 27 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 27.11.2021-ci il tarixdə polisin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 27 noyabr 2021-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs 27 noyabr 2021-ci il tarixdə saat 14:50-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında protokol, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatları, eləcə də inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və sonuncunun əməlində inzibati xəta tərkibinin olmaması müəyyən edilmişdir. Belə ki, həm barəsində inzibati icraat aparılan Şəxs izahatından 27 noyabr 2021-ci il tarixdə polisin qanuni tələbinə tabe olmaması müəyyən olunmamışdır, Şəxs tərəfindən polisin qanuni tələbinə qəsdən tabe olmamasına dəlalət edə biləcək sübutlar məhkəmə baxışı zamanı, habelə səlahiyyətli orqan tərəfindən aparılmış araşdırma gedişatında aşkar olunmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində polisin qanuni tələbinə tabe olmayan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.0.2-ci maddəsi tətbiq edilməklə xitam verilsin. Şəxs həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar