Məhkəmə qərarları › İş №3(039)-943/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-943/2021

13.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-943/2021 13.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X5, zərərçəkmiş şəxs X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax Rayon Polis Şöbəsində tərtib olunmuş protokollar 13 dekabr 2021-ci il tarixdə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 03.09.2021-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X3 məxsus evin həyətindən 11 ədəd toyuq və 07.10.2021-ci il tarixdə Yevlax şəhəri 32-ci məhəllədə bağ evlərində yaşayan X4 məxsus evin həyətindən 10 ədəd toyuq oğurlamışdır. Barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati material 13.12.2021-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis Şöbəsinin polis sahə rəisi X7 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolların dəlillərinə uyğun izahat vermiş və Şəxs barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 inzibati xəta haqqında protokola öz münasibətini bildirərək qeyd etmişdir ki, 03.09.2021-ci il tarixdə yaşadığı evinin həyətindən 11 ədəd toyuğu oğurlanmışdır. Bu günə qədər ona dəymiş ziyan ödənilmədiyindən Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X2 məhkəmə prosesində iştirakını təmin etmək üçün istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlanılsa da, zərərçəkmiş şəxs məhkəmə prosesində iştirak edə bilməyəcəyini və ona dəymiş ziyanın ödənilmədiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib vermiş olduğu izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Yevlax şəhərində yaşayır. Yadında qalmayan tarixlərdə əvvəllər tanıdığı X8 ilə birlikdə tanımadığı şəxslərin həyətlərindən toyuq oğurlamışdır. Bu hərəkətləri etməyinə səbəb maddi imkanının olmaması olmuşdur. Hazırda əməlindən səmimi peşman olmasını bildirərək barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 14 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilmişdir; 18 oktyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilmişdir; 11 dekabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 03.09.2021-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X3 məxsus evin həyətindən 11 ədəd toyuqlarını oğurlamışdır; 11 dekabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 07.10.2021-ci il tarixdə Yevlax şəhəri 32-ci məhəllədə bağ evlərində yaşayan X4 məxsus evin həyətindən 10 ədəd toyuqlarını oğurlamışdır; 11 dekabr 2021-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs 11 dekabr 2021-ci il tarixdə saat 18:00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM-32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 24 (iyirmi dörd) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 11 dekabr 2021-ci il tarixdən saat 18:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar