Məhkəmə qərarları › İş №3(039)-945/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-945/2021

13.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-945/2021 13.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X3, X1nın, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax şəhəri Ü.Hacıbəyov küçəsi ev 156 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş 13 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-664/2011 saylı, 26.08.2011-ci il tarixli icra sənədi üzrə yaranmış 1510 manat aliment borcunu ödəməkdən yayınmışdır. Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar müvafiq qərar və bildiriş göndərilməsinə baxmayaraq icra sənədini tam icra etməmişdir. İcra sənədinin icrası ilə bağlı izahatı alınmış və izahatında icra sənədi üzrə hazırkı tarixədək yaranmış 1510 manat aliment borcunu maddi imkanı olmadığı üçün tam şəkildə ödəyə bilməcəyini bildirmişdir. Bundan başqa bildirmişdir ki, icra sənədi əvvəllər başqa icra məmurunun icraatında olmuş və həmin dövrdə alimentin borclunun təqaüdündən tutulurdu. Lakin borclunun təqaüdü dayandırıldıqdan sonra icra sənədi onun icraatında olduğu müddətdə o, borclunu icra və probasiya şöbəsinə dəvət etmiş və borcluya icra sənədi üzrə onun aliment borcunun yarandığını bildirmişdir. Bundan sonra borclu 2021-ci ilin fevral ayından başlayaraq icra sənədi üzrə təyin olunmuş 50 manat alimentini və 50 manat yaranmış borcundan ödənişlər etmişdir. Lakin hazırki, tarixə onun 1510 manat borcu mövcuddur və tələbkar aliment pulunun tam şəkildə ödənilməsini tələb etdiyindən və görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. X1 inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, 2011-ci ildən başlayaraq borclunun pensiyasından hər ay 30 manat aliment onun xeyrinə tutulurdu. Lakin borclunun təqaüdü dayandırıldıqdan sonra borcu yaranmışdır. Bundan sonra borclu 2021-ci ilin fevral ayından başlayaraq icra sənədi üzrə təyin olunmuş 50 manat alimentini və 50 manat yaranmış borcundan ödənişlər etmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, əvvəlki dövrlər üzrə aliment borcunun yaranmasından məlumatsız olmuşdur. Maddi imkansızlığı səbəbindən öhdəliklərini tam icra edə bilməsə də, 2021-ci ilin fevral ayından başlayaraq X1nın xeyrinə icra sənədi üzrə təyin olunmuş 50 manat alimentini və 50 manat yaranmış borcundan ödənişlər etmişdir. Bundan başqa o, 2022-ci ilin yaz aylarından tələbkarın xeyrinə hər ay 150 manat aliment ödəyəcəyini, ikinci ailəsindən olan övladının talassemiya xəstəsi olduğunu bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 13 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-664/2011 saylı, 26.08.2011-ci il tarixli icra sənədi üzrə yaranmış 1510 manat aliment borcunu ödəməkdən yayınmışdır; Yevlax Rayon Məhkəməsinin 2(039)-664/2011 saylı, 26.08.2011-ci il tarixli icra sənədinə əsasən 25.07.2011-ci il tarixdən başlayaraq Şəxs 19.03.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat sabit pul məbləğində aliment alınaraq X4 xeyrinə verilməlidir; icraata başlama haqqında 28.09.2011-ci il tarixli qərarın surətindən görünür ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-664/2011 saylı, 26.08.2011-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; 28.09.2021-ci il tarixli BPM**********62 saylı qəbzdən görünür ki, Şəxs tərəfindən tələbkarın xeyrinə borcun ödənilməsi məqsədi ilə 100 manat məbləğində ödəniş olmuşdur; 28.10.2021-ci il tarixli BPM**********34 saylı qəbzdən görünür ki, Şəxs tərəfindən tələbkarın xeyrinə borcun ödənilməsi məqsədi ilə 100 manat məbləğində ödəniş olmuşdur; 30.11.2021-ci il tarixli BPM**********39 saylı qəbzdən görünür ki, Şəxs tərəfindən tələbkarın xeyrinə borcun ödənilməsi məqsədi ilə 100 manat məbləğində ödəniş olmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə araşdırması zamanı hazırkı icra sənədi üzrə isə borclu tərəfindən 2021-ci ilin fevral ayından başlayaraq icra sənədi üzrə təyin olunmuş 50 manat alimentini və 50 manat yaranmış borcundan tələbkarın xeyrinə ödəniş edilmişdir. Qeyd olunanan hallar isə borclunun qətnamənin icrasından yayınmağa çalışmadığını göstərir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən alimentin tam şəkildə, aliment borcunun isə qismən ödənilməsi ilə icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar