Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-102/2024 03.07.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs-Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis leytenantı X1 iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Y.Ayrım kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, orta təhsilli, işləməyən, Kəlbəcər rayonunun Y.Ayrım kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbə, bina 4, mənzil 2-də məskunlaşan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra: İnzibati Xətalar Məcəlləsi) 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və toplanmış digər materiallar baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Materiala daxil edilmiş, Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis leytenantı X4 tərəfindən tərtib edilmiş 03 iyul 2024-cü il tarixli “MN № 2022615” saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs Gəncə şəhərindəki “Yeni qəsəbə” ərazisində yerləşən polisin inzibati binasına gələrək ünvansız küçə söyüşləri söyərək iş rejimini pozmuş, polisin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Materiala daxil edilmiş, Kəlbəcər Rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru Habil Əliyev tərəfindən 24 iyun 2024-cü il tarixdə tərtib edilmiş və Kəlbəcər Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış yazılı raportda göstərilir ki, 24 iyun 2024-cü il tarixdə qəsəbə ərazisində yerləşən polisin inzibati binasında olan zaman Gəncə şəhəri, Yeni qəsəbə, bina 4, mənzil 2-də yaşayan Şəxs içkili vəziyyətdə gələrək onun və polisin ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. Şəxs dəfələrlə nizam-intizama dəvət etsə də o, qanunsuz hərəkətlərini davam etdirmişdir. Odur ki, vətəndaş Şəxs barəsində qanunamüvafıq tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs- Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis leytenantı X4 məhkəmə iclasında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 24 iyun 2024-cü il tarixdə saat 17:00 radələrində Kəlbəcər Rayon Polis Şöbəsinin Gəncə şəhərinin Yeni Qəsəbə-1500 ərazisində yerləşən inzibati binasına yaxınlaşaraq ünvansız nalayiq ifadələr işlətmiş, yüksək səslə qışqıraraq polisin normal iş fəaliyyətini pozmuşdur. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də Şəxs öz hərəkətlərini davam etdirib polisin qanuni tələbinə yenə də məhəl qoymamış və Kəlbəcər Rayon Polis Şöbəsinin inzibati binasında iş rejiminin ümumi gedişatına maneçilik törətmişdir. Bununla da ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Tərtib edmiş olduğu 03 iyul 2024-cü il tarixli “MN № 2022615” saylı inzibati xəta haqqında protokolu qanuni və əsaslı hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, polis əməkdaşını təhqir etməmiş və polisin qanuni tələblərinə tabesizlik göstərməmiş, həmçinin heçbir nalayiq ifadələr işlətməmişdir. Onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda və iş materiallarında onun barəsində qeyd edilənlər əsassızdır. Məhkəmədən, onun barəsində olan hazırki iş üzrə icraata xitam verilməsini xahiş edir. Şahid qismində məhkəmədə izahat verən Kəlbəcər Rayon Polis Şöbəsinin Postpatrul xidməti bölüyünün manqa komandiri, polis baş serjantı Şahid izahat verərək bildirmişdir ki, Şəxs 24 iyun 2024-cü il tarixdə axşam saatlarında Kəlbəcər Rayon Polis Şöbəsinin Gəncə şəhərindəki 1500 ailəlik Yeni qəsəbə ərazisində yerləşən inzibati binasına gələrək içkili vəziyyətdə əsassız olaraq ucadan səs-küy salmış, ünvansız nalayiq ifadələr işlətmişdir. Ona edilən xəbərdarlıqdan sonra polis əməkdaşlarının qanuni tələblərinə tabe olmuşdur. Şahid qismində məhkəmədə izahat verən Kəlbəcər Rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X2 izahatında bildirmişdir ki, Şəxs 24 iyun 2024-cü il tarixdə saat 17:00 radələrində Kəlbəcər Rayon Polis Şöbəsinin Gəncə şəhərindəki 1500 ailəlik Yeni qəsəbə ərazisində yerləşən inzibati binasına gələrək içkili vəziyyətdə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Onu nizam-intizama dəvət etsələr də polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Daha sonra gəlib polis əməkdaşlarından üzr istəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiya) 125-ci maddəsinin 7-ci hissəsində bəyan edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin 3-cü hissəsində bəyan edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. -3.0.5-ci maddəsindən görünür ki, şikayət – pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciətdir. -4.0-cı maddəsinə əsasən, vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipləri aşağıdakılardır: 4.0.1. qanunçuluq; 4.0.2. vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirməsinə şərait yaradılması; 4.0.3. müraciətlərə dair tələblərin vahidliyi; 4.0.4. fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması; 4.0.5. müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi; 4.0.6. müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin fəaliyyətində şəffaflığın təmin edilməsi; 4.0.7. vətəndaşların müraciət etmək hüququ ilə dövlət maraqlarının uzlaşdırılması. -5.1 və 5.2-ci maddələrindən görünür ki, Azərbaycan Respublikasının Konstitusiya qanunlarında, başqa qanunlarda, onların əsasında qəbul edilmiş digər normativ hüquqi aktlarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunun müddəaları vətəndaşların bütün müraciətlərinə şamil edilir; bu Qanunun müddəaları vətəndaşların məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində etdikləri müraciətlərə şamil edilmir. -7.5-ci maddəsindən görünür ki, müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. İnzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir, bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. -8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. -8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. -12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -75.0.-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. -53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən-təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməlidir. Belə ki, iş materiallarından və məhkəmə iclasında verilən izahatlardan Şəxs 24 iyun 2024-cü il tarixdə Kəlbəcər Rayon Polis Şöbəsinin Gəncə şəhərindəki 1500 ailəlik Yeni qəsəbə ərazisində yerləşən inzibati binasında polisin hər hansı qanuni tələbinə tabe olmaması halı mötəbər sübutlarla təsdiq olunmamışdır. İnzibati xəta haqqında icraatı başlamış orqan məhkəməyə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyini təsdiq edən mötəbər sübutları, o cümlədən video-audio yazılar təqdim etməmişdir; Məhkəmə iclasında izahatları alınan şahid ifadələri Şəxs təqsirli olmasını sübut etmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Beləliklə, məhkəmə icraatı zamanı Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmaması əməli sübuta yetirilmədiyindən, Şəxs barəsində aparılan inzibati xəta haqqında hazırki iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən-təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.4 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında hazırki işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən-inzibati xəta əməlinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-102/2024
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-102/2024
03.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver