Məhkəmə qərarları › İş №3(040)-105/2023

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-105/2023

03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-105/2023 03.07.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmişova Arzu Ramiz qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs-Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs iştirakları ilə, 15 avqust 1992-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, ali təhsilli, işləməyən, İkinci Qarabağ müharibəsi veteranı, Kəlbəcər şəhəri, S.Səfərov küçəsi, ev 15-də yaşayış yeri üzrə qeydiyyatda olan, Gəncə şəhəri, Yeni Qəsəbə, bina 14, mənzil 11-də məskunlaşan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İnzibati Xətalar Məcəlləsi) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində tərtib olunmuş material (inzibati xəta haqqında protokol və digər sənədlər) baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru X2 tərəfindən tərtib olunmuş 01 iyul 2023-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 06 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs döymüşdür. Bununla da, o, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Materiala əlavə edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin İstintaq qrupunun müstəntiqi, polis leytenantı X4 tərəfindən icraatında olan ********* nömrəli cinayət işi üzrə 07 iyun 2023-cü il tarixdə qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs aldığı xəsarətlər dərəcəsi təyin edilməyən xəsarətlər olduğundan, həmin xüsusatlar üzrə cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan, barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli vəzifəli şəxs Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru X2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs 06 aprel 2023-cü il tarixdə yaşadığı Gəncə şəhəri, Yeni qəsəbə 1500, bina 14, mənzil 11-də qeyri-rəsmi nikah münasibətlərində olduğu həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində sonuncunu döymüşdür. Həmin faktla bağlı Kəlbəcər Rayon Polis Şöbəsinin icraatında olmuş ********* nömrəli material üzrə Kəlbəcər Rayon Polis Şöbəsinin İstintaq qrupunun müstəntiqi X4 tərəfindən qəbul edilmiş 07 iyun 2023-cü il tarixli qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığından, qərarın surəti müvafiq tədbir görülməsi üçün Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Buna görə də 01 iyul 2023-cü il tarixdə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. O, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli vəzifəli şəxs olaraq tərtib etdiyi 01 iyul 2023-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolu qanuni və əsaslı hesab edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, həqiqətən, 06 aprel 2023-cü il tarixdə yaşadığı Gəncə şəhəri, Yeni qəsəbə 1500, bina 14, mənzil 11-də qeyri-rəsmi nikah münasibətlərində olmaqla yaşadıqları arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində arvadı Zərərçəkmiş şəxs döymüş və törətdiyi həmin əməldən peşman olmuşdur. Belə ki, həmin vaxt hirsli olmuşdur və əsəblərini cilovlaya bilməmişdir. Etdiyi əmələ görə Aytacdan üzr istəyir. O, İkinci Qarabağ müharibəsinin iştirakçısı olmaqla veterandır. Məhkəmədən onun barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, qeyri-rəsmi nikah münasibətlərində olduğu əri Şəxs 06 aprel 2023-cü il tarixdə yaşadığı Gəncə şəhəri, Yeni qəsəbə 1500, bina 14, mənzil 11-də aralarında yaranmış şəxsi münasibətlər zəminində onu döymüşdür. O, Şəxs şikayətçidir, Qəşəmlə barışmaq fikri yoxdur. Şəxs barəsində həbslə bağlı tənbeh verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan: Kəlbəcər Rayon Polis Şöbəsinin İstintaq qrupunun müstəntiqi, polis leytenantı X4 tərəfindən qəbul edilmiş 07 iyun 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarın surətindən görünür ki, 06 aprel 2023-cü il tarixdə Gəncə şəhəri, Yeni qəsəbə yaşayış massivində 14 saylı binanın 11-ci mənzilində Şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş ailə münaqişəsi zamanı Şəxs Zərərçəkmiş şəxs sol yanaq, boyun nahiyələrinin və sol qulaq seyvanının arxa səthinin sıyrıqları, hər iki bazu və hər iki sait nahiyəsinin qançırları ilə müşayiət olunan bədən xəsarəti yetirməklə onu qəsdən döyüb fiziki ağrı yetirmişdir. Zərərçəkmiş şəxs aldığı xəsarətlər dərəcəsi təyin edilməyən xəsarətlər olduğundan, həmin xüsusatlar üzrə cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan, barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, Şəxs Zərərçəkmiş şəxs döyməklə ona fiziki ağrı yetirməsi zərər çəkmiş şəxsin izahatı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, 07 iyun 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərar, inzibati xəta haqqında protokol və işin digər sənədləri ilə tam sübuta yetirilir. Şəxs əməli İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməklə, barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. - 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halın müəyyən edilməməsini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin (400 (dörd yüz) manat) tətbiq olunmasını qanuni və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğdə cərimə tənbehi tətbiq edilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar