Məhkəmə qərarları › İş №3(040)-109/2023

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-109/2023

11.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-109/2023 11.07.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmişova Arzu Ramiz qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs–Şəxs, Zərərçəkmiş şəxs- X1 iştirakları ilə, xx xxxx 1980-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Nadirxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, Kəlbəcər rayonundan məcburi köçkün, Kəlbəcər rayonunun Kəndyeri kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, Göygöl rayonunun Murovdağ qəsəbəsində məcburi köçkün qismində məskunlaşan, evli, orta təhsilli, işləməyən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra: İnzibati Xətalar Məcəlləsi) 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilməsi ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində tərtib olunmuş material (inzibati xəta haqqında protokol və digər sənədlər) baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir (05 iyul 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur). Materiala daxil edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis baş leytenantı X5 tərəfindən tərtib edilmiş 05 iyul 2023-cü il tarixli “MN № 1679559” saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs 11 may 2023-cü il tarixdə Göygöl rayonunun Murovdağ qəsəbəsində X2 döymüş, bununla da İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Materiala daxil edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı X4 tərəfindən icraatında olan HK-1/121 saylı material üzrə qəbul edilmiş 12 iyun 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla Şəxs və digərlərinin əməllərində cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs və digərlərinin barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsində nəzərdə tutulan inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhllükəsizlik bölməsinə göndəriləsi qərara alınmışdır. Həmin qərarla müəyyən edilmişdir ki, Şəxs 11 may 2023-cü il tarixdə saat 14 radələrində X2 döymüşdür (bir-birlərini qarşılıqlı olaraq döymüşlər). İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İşin məhkəmədə baxılması 05 iyul 2023-cü il tarixə təyin edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə gəlmədiyindən, barəsində gətirilmə qərarı qəbul edilmiş və iş üzrə icraat dayandırılmış, 11 iyul 2023-cü il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə könüllü gəldiyindən, iş üzrə icraat təzələnərək 11 iyul 2023-cü il tarixdə baxılmışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan- məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümyəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 11 may 2023-cü il tarixdə saat 14 radələrində X3 ilə onun arasında mübahisə olsa da, o, Zərintaca fiziki olaraq toxunmamış, Zərintacı döyməmişdir. Odur ki, onun barəsində olan inzibati xəta haqqında hazırki işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs- X3 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 11 may 2023-cü il tarixdə Muxdarova qızı ilə onun arasında mübahisə olsa da, Zərintac ona fiziki olaraq toxunmamış və onu döyməmiş, onu Zərintacın qızı Ceyhunə döymüşdür (bu barədə qısa ərizəsini də məhkəməyə təqdim etmişdir). İnzibati Xətalar Məcəlləsinin: -1.1 və 1.2-ci maddələrinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir; bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır. -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. -8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. -12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. -48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. -75.0. İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Мəhkəmə iş üzrə tədqiq edilmiş sənədlərə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarına məcmu halda qiymət verərək, Şəxs Zərintac Məmmədlini döyməkdə təqsirli olması barədə şübhələri Şəxs xeyrinə həll edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs zərərçəkmiş X2 döyməsi faktı məhkəmə araşdırması zamanı sübutlarla təsdiq edilməmişdir. Belə ki, iş üzrə məhkəmə icraatı zamanı izahat vermiş şəxslər- həm barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, həm də zərərçəkmiş şəxs Zərintac Məmmədli, Şəxs Zərintac Məmmədlini döyməsi faktını inkar etdiklərindən, məhkəmə hesab edir ki, Şəxs X2 döyməsi halı sübuta yetirilmiş hesab edilə bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsindən görünür ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə bu nəticəyə gəlir ki, Şəxs 11 may 2023-cü il tarixdə X2 döyməsi faktı üzrə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə bağlı hazırki inzibati xəta haqqında işin icraatına İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən- təqsirliliyi sübuta yetirilmədiyinə görə- xitam verilməlidir. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarına izah edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən xitam verilmiş şəxs həmin iş üzrə tam təqsirsiz hesab edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1, 114.1.4 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə təqsirləndirilməsi ilə bağlı aparılan hazırki inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar