Məhkəmə qərarları › İş №3(040)-112/2023

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-112/2023

07.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-112/2023 07.07.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmişova Arzu Ramiz qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs–Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi– Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru X14 iştirakları ilə, xx xxxxxxxx 1958-ci ildə Azərbaycan Respublikasının Ağdərə rayonunun İmarət Qərvənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, Kəlbəcər rayonundan məcburi köçkün, Kəlbəcər rayonunun Bağlıpəyə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, ünvan 1 ünvanda yerləşən xüsusi təyinatlı yaşayış sahəsində məcburi köçkün qismində məskunlaşan, subay, ali təhsilli, işləməyən Şəxs Əimiraslan qızının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra: İnzibati Xətalar Məcəlləsi) 157-ci maddəsi ilə olan material üzrə inzibati xəta haqqında işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Əimiraslan qızınun İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilməsi ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində tərtib olunmuş material (inzibati xəta haqqında protokol və digər sənədlər) baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir (07 iyul 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur). Materiala daxil edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis baş leytenantı X15 tərəfindən tərtib edilmiş 07 iyul 2023cü il tarixli “MN № 1679563” saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs 19 may 2023-cü il tarixdə Gəncə şəhəri “Yeni Qəsəbə” bina 18 mənzil 21-də X3 döymüş, və da İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Materiala daxil edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin İstintaq qrupunun müstəntiqi, polis polkovnik-leytenantı X18 tərəfindən icraatında olan HK-1/126 saylı material (X1 Şəxs barəsində şikayəti) üzrə qəbul edilmiş 17 iyun 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla Şəxs əməlində cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsində nəzərdə tutulan inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhllükəsizlik bölməsinə göndəriləsi qərara alınmışdır. Həmin qərarla müəyyən edilmişdir ki, Şəxs 23 may 2023-cü il il tarixdə saat 18 radələrində ünvan 2 ünvanda aralarında baş vermiş mübahisə zəminində yaranmış davadalaş zamanı X3 döyərək ona “boyun nahiyəsinin qançırı” kimi sağlamlığına zərər vurmayan, dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İşin məhkəmədə baxılması 07 iyul 2023-cü il tarixə təyin edilmişdir. Zərərçəkmiş şəxs X4 məhkəməyə göndərdiyi teleqramda göstərmişdir ki, sağlamlığında yaranmış ağırlaşma ilə əlaqədar həkim nəzarətində olduğuna görə məhkəmə iclasında iştirak edə bilmir, bağışlamır, barışmır. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi- Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru X20 məhkəmə iclasında bildirmişdir ki, Kəlbəcər Rayon Polis Şöbəsinin İstintaq qrupunun müstəntiqi, polis polkovnik-leytenantı X18 tərəfindən icraatında olan HK-1/126 saylı material üzrə qəbul edilmiş 17 iyun 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla Şəxs əməlində cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsində nəzərdə tutulan inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhllükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərarla müəyyən edilmişdir ki, Şəxs 23 may 2023-cü il il tarixdə saat 18 radələrində ünvan 2 ünvanda X5 aralarında baş vermiş mübahisə zəminində yaranmış dava-dalaş zamanı X3 döyərək ona “boyun nahiyəsinin qançırı” kimi sağlamlığına zərər vurmayan, dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bundan sonra Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis baş leytenantı X15 tərəfindən 07 iyul 2023-cü il tarixli “MN № 1679563” saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokola əsasən, Şəxs 19 may 2023-cü il tarixdə Gəncə şəhəri “Yeni Qəsəbə” bina 18 mənzil 21-də X3 döymüş, bununla da İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş polis əməkdaşı İbrahim İbrahimov hal-hazırda Kəlbəcər rayonunda xidmətdə olduğundan, hazırki məhkəmə iclasında iştirak edə bilmir, bu səbəbdən, o, 17 iyun 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla 07 iyul 2023-cü il tarixli “MN № 1679563” saylı inzibati xəta haqqında protokol arasında olan fərqli məsələlərə aydınlıq gətirə bilmir. Belə ki, qərarda və protokolda xətanın baş verdiyi tarix və yer (ünvan) fərqlidir. Bununla belə, o, Şəxs Əiraslan qızı barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş 07 iyul 2023cü il tarixli “MN № 1679563” saylı inzibati xəta haqqında protokolu tam qanuni hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, ixtisasca ali təhsilli müəllimdir, eyni zamanda uzun illər məktəb direktoru işləmişdir. Zərərçəkmiş şəxs X4 onun mərhum qardaşı Elbəyi Əmiraslanovla 1999-cu ildə tanış olub ailə qurmuşdur; Samaya Əmiraslanova ilə onun mərhum qardaşı Elbəyi Əmiraslanovun evliliyi qardaşının ikinci nikahı olmuşdir; Arzu və Eldəniz onun mərhum qardaşı Elbəyinin əvvəlki nikahdan olan övladlarıdırlar. Samaya 2014-cü ildən Gəncə şəhəri “Yeni qəsəbə-1500” bina 18 mənzil 21-də qardaşı Elbəyinin mənzilində qardaşı Elbəyi və Elbəyinin övladları Arzu və Eldənizlə birlikdə yaşamağa baçlamış, qardaşı Elbəyi 2020-ci ildə vəfat etdikdən sonra Samaya onun qardaşının övladları Eldəniz və Arzu ilə yaşadığı mənzildə yola getməmişdir. Əslində Eldəniz və Arzu Samayaya qarşı həmişə hörmətlə yanaşmış, lakin Samaya həm Eldənizə, həm də Arzuya qarşı həmişə aqressivlik nümayış etdirmişdir. 17 may 2023-cü il tarixdə qardaşı qızı Arzuya elçi gəlmiş, həin elçiliyə bibi olaraq o da dəvətli olmuşdur. Həmin vaxt Samaya həmin mənzildə Arzunun ünvanına nalayiq ifadələr işlətmiş, o da ağbirçəklik edərək onları sakitləşdirmişdir. Bundan sonra, o, 19 may 2023-cü il tarixdə də qardaşı qızı Arzunun ailə qurması məsələsini Arzu və Eldənizlə müzakirə etmək üçün oğlu Tarzanla birlikdə Arzugilə getmişdir. Samaya Əmiraslanova 19 may 2023-cü il tarixdə saat təxminən 20 radələrində qardaşı qızı Arzuya "sən əxlaqsızsan, ona görə ərə getmirsən, hamınız əxlaqsızsınız” demiş, ardınca da Arzunun ünvanına nalayiq ifadələr, küçə söyüşləri işlətməkdə davam etmiş, bu zaman Arzu ilə Samayanın arasında söz münaqişəsi olsa da, həmin vaxt orada olanlar- o və oğlu Tarzan, qardaşı qızı Arzu və qardaşı oğlu X9 təxribatlarına uymamış, Samayanı heç kim döyməmiş, əksinə, X21 və Eldənizi təhqir edərək onları mənzildən qovacağı ilə hədələmişdir. Həmin hadisə zamanı Arzunun əlində bıçaq olmamış, habelə o, Samayanın üzərində hər hansı xəsarət görməmişdir. Bundan sonra, o, 23 may 2023-cü il tarixdə də Arzunun xahişi ilə, Arzunun ailə qurması məsələsini müzakirə etmək üçün yenidən Arzugilə getmiş, həmin gün orada o, Arzu və Samaya olmuş və digər şəxslər olmamış, həmin gün də Samaya ucadan səs-küy salaraq Arzunu təhqir etmiş, bu zaman o, arada sülh yaratmaq üçün tərəfləri dilə tutmuş, Samaya isə yenidən Arzunu və onu təhqir etmiş, o da sakitcə oradan çıxıb öz mənzilinə getmişdir. Həmin vaxt heç kim, o cümlədən də o, Samayanı döyməmiş, həmçinin Samayanın üzərində hər hansı xəsarət görməmişdir. Samayanın hansı şəraitdə xəsarət alması barədə onun məlumatı yoxdur. Şahid qismində məhkəmə iclasında izahat verən X11 izahatında bildirmişdir ki, zərərçəkmiş şəxs X4 onun mərhum atası Elbəyi Əmiraslanovla 1999-cu ildə tanış olub ailə qurmuşdur; Samaya Əmiraslanova ilə onun mərhum atası Elbəyi Əmiraslanovun evliliyi atasının ikinci nikahı olmuşdir; o və qardaşı Eldəniz atasının əvvəlki nikahdan olan övladlaıdırlar. Samaya Əmiraslanova 2014-cü ildən Gəncə şəhəri “Yeni qəsəbə 1500” bina 18 mənzil 21-də onlarla birlikdə yaşamağa başlamış, Samaya onların mənzilinə gəldiyi vaxtdan ona və qardaşı Eldənizə “mən Elbəyinin arvadıyam, bura mənə məxsusdur, siz bu mənzili tərk edin, siz burada yaşaya bilməzsiniz” demiş, həmçinin onları mənzildən çıxarmaq üçün dəfələrlə mənzildə əsassız münaqişələr yaratmış, atası Elbəyi vəfat etdikdən sonra da Samaya onunla və qardaşı Eldənizlə yola getməmiş, öz mənzil iddialarını daha sərt şəkildə ifadə etmiş, onların ünvanına atmacalı sözlər atmışdır. 17 may 2023-cü il tarixdə ona elçi gəlmiş və elçilərə “yox” cavabı verdiyinə görə Samaya tərəfindən ünvanına nalayiq ifadələr işlədilmiş, lakin bibisi Şəxs ağbirçəklik edərək Samayanı sakitləşdirmiş, 19 may 2023-cü il tarixdə saat təxminən 20 radələrində yaşadığı mənzildə Samaya Əmiraslanova yenidən ona “sən əxlaqsızsan, ona görə ərə getmirsən, hamınız əxlaqsızsınız, sənin burda evinmi var, mənim evimə elçi gəlir, çıx rədd ol ərə get” demiş və ardınca da onun ünvanına nalayiq ifadələr işlətməkdə davam etmiş, bu zaman onunla Samayanın arasında sözlü münaqişə olmuş, lakin o, həmin vaxt orada olan bibisi oğlu Tarzan, bibisi Vəfa və qardaşı X10 döyməmiş, Samayaya heç bir xəsarət yetirməmişlər. Hadisə zamanı onun əlində bıçaq olmamış, habelə həmin gün, o, Samayanın üzərində hər hansı xəsarət görməmişdir. Əslində, Samaya Əmiraslanova onlara böhtanlar atmaqla onları mənzildən qovmaq istəyir. Hadisə zamanı yaşadığı mənzildə ondan başqa qardaşı Eldəniz, bibisi Vəfa, bibisi oğlu Tarzan və Samaya olmuş, başqa heç olmamışdır. Bundan sonra, 23 may 2023-cü il tarixdə onun xahişi ilə bibisi Vəfa onlara gəlmiş, həmin gün orada o, bibisi Vəfa və Samaya olmuş və digər şəxslər olmamış, həmin gün də Samaya ucadan səs-küy salaraq onu təhqir etmiş, bu zaman bibisi Vəfa arada sülh yaratmaq üçün onu və Samayanı dilə tutmuş, Samaya isə yenidən onu və bibisi Vəfanı təhqir etmiş, Vəfa da sakitcə oradan çıxıb öz mənzilinə getmişdir. Həmin vaxt heç kim, o cümlədən də Şəxs Samayanı döyməmiş, həmçinin həmin gün də Samayanın üzərində hər hansı xəsarət görməmişdir. Samayanın hansı şəraitdə xəsarət alması barədə onun məlumatı yoxdur. Şahid qismində məhkəmə iclasında izahat verən X8 izahatında bildirmişdir ki, zərərçəkmiş şəxs X4 onun mərhum atası Elbəyi Əmiraslanovla 1999-cu ildə tanış olub ailə qurmuşdur; Samaya Əmiraslanova ilə onun mərhum atası Elbəyi Əmiraslanovun evliliyi atasının ikinci nikahı olmuşdir; o və bacısı Arzu mərhum ataları Elbəyi Əmiraslanovun əvvəlki nikahdan olan övladlaıdırlar. Samaya Əmiraslanova 2014-cü ildən Gəncə şəhəri “Yeni qəsəbə 1500” bina 18 mənzil 21-də onlarla birlikdə yaşamağa başlamış, Samaya onların mənzilinə gəldiyi vaxtdan ona və bacısı Arzuya “mən Elbəyinin arvadıyam, bu mənzil də mənimdir, burada yaşaya bilməzsiniz” demiş, həmçinin onları mənzildən çıxarmaq üçün dəfələrlə mənzildə əsassız münaqişələr yaratmış, atası Elbəyi vəfat etdikdən sonra da Samaya onunla və bacısı Arzu ilə yola getməmiş, onu və Arzunu həmişə təhqir etmişdir. 17 may 2023-cü il tarixdə bacısı Arzuya elçi gəlmiş və elçilərə “yox” cavabı verdiyinə görə Samaya tərəfindən ünvanına nalayiq ifadələr işlədilmiş, lakin bibisi Şəxs ağbirçəklik edərək Samayanı sakitləşdirmiş, 19 may 2023-cü il tarixdə saat təxminən 20 radələrində yaşadığı mənzildə Samaya Əmiraslanova yenidən Arzuya “sən əxlaqsızsan, ona görə ərə getmirsən, çıx rədd ol ərə get” demiş və ardınca da Arzunun ünvanına nalayiq ifadələr işlətməkdə davam etmiş, bu zaman Arzu ilə Samayanın arasında sözlü münaqişə olmuş, lakin Arzu, həmin vaxt orada olan bibisi oğlu Tarzan, bibisi Vəfa və o, Samaya Əmiraslanovanı döyməmiş, Samayaya heç bir xəsarət yetirməmişlər. Həmin hadisə zamanı Arzunun əlində bıçaq olmamış, həmçinin, o, Samayanın üzərində hər hansı xəsarət görməmişdir. Samaya Əmiraslanova onlara böhtanlar atmaqla onları mənzildən qovmaq istəyir. Hadisə zamanı yaşadığı mənzildə o, bacısı Arzu, bibisi Vəfa, bibisi oğlu Tarzan və Samaya olmuş, başqa heç kim olmamışdır. Bundan sonra, o özü şəxsən şahidi olmasa da, bibisi Vəfa və bacısı Arzu ona danışmışlar ki, 23 may 2023-cü il tarixdə bacısı Arzunun xahişi ilə bibisi Vəfa onlara gəlmiş, həmin gün orada Arzu, bibisi Vəfa və Samaya olmuş və digər şəxslər olmamış, həmin gün də Samaya ucadan səs-küy salaraq Arzunu təhqir etmiş, bu zaman bibisi Vəfa arada sülh yaratmaq üçün Samayanı dilə tutmuş, Samaya isə yenidən Arzunu və bibisi Vəfanı təhqir etmiş, bibisi Vəfa da ordan çıxıb öz mənzilinə getmişdir. Onun Arzu və Vəfadan eşitdiynə görə, həmin vaxt heç kim, o cümlədən də Vəfa Samayanı döyməmiş, həmçinin həmin gün də Samayanın üzərində hər hansı xəsarət görməmişdir. Samayanın hansı şəraitdə xəsarət alması barədə onun məlumatı yoxdur. İş materiallarında olan: Kəlbəcər Rayon Polis Şöbəsinin İstintaq qrupunun müstəntiqi Qabil Məmmədov tərəfindən icraatında olan HK-1/126 saylı material üzrə qəbul edilmiş 17 iyun 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki: Gəncə şəhər Yeni qəsəbə 1500 bina 18 mənzil 21-də yaşayan Əmiraslanova şayəddin qızı 19 may 2023-cü il tarixdə saat 20:25-də istifadəsində olan mobil nömrədən Daxili İşlər Nazirliyinin “102 zəng mərkəzi”nə müraciət edərək, yaşadığı mənzildə baldızı Şəxs tərəfindən döyülməsi və təhqir edilməsi barədə məlumat vermişdir; Sumqayıt şəhər sakini X7 (Samaya Əmiraslanovanın bacısı) 19 may 2023-cü il tarixdə saat 20:20-də istifadəsində olan mobil nömrədən Daxili İşlər Nazirliyinin “102 zəng mərkəzi”nə mersciət edərək, bacısı X2 yaşadığı mənzildə ögey övladları tərəfindən döyülməsi barədə məlumat vermişdir; X6 19 may 2023-cü il tarixdə Kəlbəcər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, həmin tarixdə saat 20 radələrində yaşadığı mənzildə olarkən baldızı Vəfanın onu döyməsini, ögey övladları Eldəniz və Arzunun onu təhqir etməsini bildirmişdir; X4 23 may 2023-cü il tarixdə ərizə ilə müraciət edərək, baldızı Şəxs onu döyməsini və təhqir etməsini bildirmiş, buna görə də Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan həmçinin o da görünür ki, material üzrə məhkəməyəqədərki araşdırma zamanı izahatı alınmış X4 izahatında 19 may 2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin “102 zəng xidməti” və Kəlbəcər Rayon Polis Şöbəsinə etdiyi müraciətləri təsdiq etmiş, həmçinin bildirmişdir ki, Eldəniz Əmiraslanovun atası (Şəxs qardaşı-hakimin qeydi) Elbəyi Əmiraslanovla 1999-cu ildə tanış olub ailə qurmuş, 2014-cü ildən Gəncə şəhəri “Yeni qəsəbə-1500” bina 18 mənzil 21-də Elbəyinin oğlu Eldəniz və qızı Arzu ilə birlikdə yaşamış, əri Elbəyi 11 iyun 2020-ci ildə vəfat etdikdən sonra Elbəyinin oğlu Eldəniz onunla yola getməmiş, ona atmacalı sözlər ataraq onu əsəbləşdirib evdən çıxartmaq istəmiş, 19 may 2023-cü il tarixdə saat təxminən 20 radələrində Eldəniz onunla yaşadığı mənzildə mübahisə edərək, ona “aaz, çıx get burdan, sən Xaçmazlısan, burda sənin nə işin var” deyərkən “mən sənin atan Elbəyinin arvadıyam, burada mənim də yaşamaq hüququm vardır, mən heç bir yerə getmirəm” deyə cavab vermiş, bu vaxt Elbəyinin bacısı Şəxs və Elbəyinin qızı Arzun onun üstünə hücum çəkmiş və onun sol qol, baş, sağ yanaq nahiyələrinə ayaqqabı, sillə və yumruq zərbələri vurmuş, bu zaman Arzu əlində bıçaqla onun üzərinə doğru hücum çəkmiş və onun sağ, həmçinin sol qol nahiyələrinə bıçaqla xəsarətlər yetirmiş, Vəfanın oğlu Tarzan isə hadisə zamanı harayçılıq (“harayçılıq” sözü dialekt söz olmaqla dalaşanları ayırma mənasında işlədilir-hakimin qeydi) etmiş, Eldəniz isə həmin vaxt onun ünvanına nalayiq ifadələr işlətmiş, həmçinin Vəfa və Arzu da onun ünvanına nalayiq ifadələr, küçə söyüşləri işlətmiş, hadisədən sonra həmin şəxslərin əlindən çıxaraq qonşuluqda yaşayan Arzunun yaşadığı mənzilə daxil olub ondan köməklik etməsini istəmiş, bu vaxt da Vəfa onun ünvanına nalayiq ifadələr işlətmiş, Şəxs qardaşı Kamal Əmiraslanov da ona telefonla zəng edərək təhqiredici ifadələr işlətmişdir. Baş vermiş hadisəyə görə məhkəmə-tibbi ekspertizasından keçmək istəyir, Şəxs, Arzu Əmiraslanova, Eldəniz Əmiraslanov və Kamal Əlmiraslanovdan şikayətçidir və həmin şəxslərin barələrində qanuni tədbir görülməsini xahiş edir. Hadısə vaxtı mənzildə başqa heç kim olmamış, hadisə təxminən on dəqiqə müddətində davam etmiş, Arzu Əmiraslanova ona biçaqla xəsarət yetirmiş, lakin sonradan Arzu həmin qara rəngli qulpu olan mətbəx bıçağını və mətbəxdə olan bütün kəsici-deşici xüsusiyyətə malik əşyaları toplayıb mənzildən onun bilmədiyi yerə aparmış, buna görə də, o, xəsarət yetirilən bıçağı araşdırmaya təqdim edə bilməmişdir. İş materiallarında olan: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan həmçinin o da görünür ki, araşdırma zamanı təkrar izahatı alınmış X4 izahatında ilkin izahatındakı xüsusatları təsdiq etmiş, 19 may 2023-cü il tarixdə saat 20 radələrində aldığı xəsarətləri Arzu Əmiraslanovanın, 23 may 2023-cü il tarixdə saat 20 radələrində almış olduğu xəsarətləri isə Şəxs ona yetirdiyini bildirmişdir. İş materiallarında olan: 1) “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda həmçinin o da qeyd edilmişdir ki, məhkəmə-tibbi ekspertizasının 20 may 2023-cü il tarixli 750 saylı rəyində göstərilmişdir ki, X1 bədənində aşkar edilmiş xəsarətlərhər iki said nahiyələrinin sıyrıqları, sol bazu nahiyəsinin qançırı- bərk küt alətlərin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 20 may 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vuramayan xəsarətlərə aid edildiklərindən, dərəcələri təyin edilmir. 2) Məhkəmə-tibbi ekspertizasının 20 may 2023-cü il tarixli 778 saylı rəyində göstərilmişdir ki, X1 bədənində aşkar edilmiş xəsarətlər: boyun nahiyəsinin qançırı- bərk küt alətlərin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 23 may 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vuramayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir (rəyin tarixi ilə xəsarətin tarixi uyğun gəlmir-hakimin qeydi). İnzibati Xətalar Məcəlləsinin: -1.1 və 1.2-ci maddələrinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir; bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır. -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. -8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. -12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. -48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. -75.0. İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Мəhkəmə iş üzrə tədqiq edilmiş sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək, Şəxs Samaya Əmiraslanovanı döyməkdə təqsirli olması barədə şübhələri Şəxs xeyrinə həll edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs zərərçəkmiş X3 döyməsi faktı məhkəmə araşdırması zamanı sübutlarla təsdiq edilməmişdir. Belə ki, Samaya Əmiraslanovanın məhəməyəqədərki icraat zamanı verdiyi məlumat və izahatların fərqli olması və bəzi məlumatların bəzilərinin bir-birini təkzib etməsi, şahidlərin verdikləri izahatların Samaya Əmiraslanovanın verdiyi izahata zidd olması, həmçinin iş materiallarına əlavə edilmiş 17 iyun 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda göstərilən xüsusatlarla 07 iyul 2023-cü il tarixli “MN № 1679563” nömrəli inzibati xəta haqqında protokolda göstərilən bəzi xüsusatların bir-birinə uyğun gəlməməsi, həmçinin iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizalarının “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda əks olunmuş məlumatları tarixlər baxımından uyğunsuzluq yaratdığından, məhkəmə hesab edir ki, Şəxs X3 döyməsi halı sübuta yetirilmiş hesab edilə bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə-tibbi ekspertizası tərəfindən zərərçəkmiş şəxs X1 üzərində müəyyən edilmiş dərəcələri təyin edilməyən xəsarətlərin mənbəyi məhkəmə üçün şübhəli hal olaraq qalır və məhkəmə həmin xəsarətlərin yaranma mexanizmini müəyyən edə bilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsindən görünür ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə bu nəticəyə gəlir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə təqsirləndirilməsi ilə bağlı inzibati xəta haqqında işin icraatına İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən- təqsirliliyi sübuta yetirilmədiyinə görə- xitam verilməlidir. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarına izah edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən xitam verilmiş şəxs həmin iş üzrə tam təqsirsiz hesab edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1, 114.1.4 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə təqsirləndirilməsi ilə bağlı aparılan hazırki inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar