Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-123/2024 25.07.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs, Zərərçəkmiş şəxs- X3, İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs-Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X1 iştirakları ilə, xx xxxxxx 2002-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, subay, orta təhsilli, işləməyən, Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbə, bina 9, mənzil 45-də məskunlaşan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İnzibati Xətalar Məcəlləsi) 510, 521 və 535.1-ci maddələri ilə təqsirləndirilməsi ilə bağlı inzibati xəta haqqında işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 521 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirləndirilməsi ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində tərtib olunmuş material (inzibati xəta haqqında protokol və digər sənədlər) baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X4 tərəfindən tərtib edilmiş 25 iyul 2024-cü il tarixli “MN № 2022612” saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs 26 iyun 2024cü il tarixdə Gəncə şəhəri, Yeni qəsəbə ərazisində İnzibati Xətalar Məcəlləsinin 510, 521 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Materiala əlavə edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı X2 tərəfindən 03 iyul 2024-cü il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”ın surətindən görünür ki, Şəxs 26 iyun 2024-cü il tarixdə gecə saat 02 radələrində yaşadığı Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbə ərazisində yerləşən 9 nömrəli binanın qarşısındakı istirahət güşəsində qardaşı Rəşad Şirinovla mübahisə edərək uca səslə nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etməklə İnzibati Xətalar Məcəlləsinin 510-cu, eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsində nəzərdə tutulan “məişət səs-küyünə qarşı mübarizə qaydalarının tələblərini” pozmuşdur. Şəxs 26 iyun 2024-cü il tarixdə saat 02 radələrində qeyd edilən ünvanda yüngül dərəcəli sərxoş vəziyyətində səs-küy salaraq ünvansız nalayiq ifadələr işlətmiş və polisin qanuni əmrinə tabe olmamışdır. Bununla da Şirinov X5 Xətalar Məcəlləsinin 510, 521 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir; həmin qərarla Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510, 521 və 535.1-ci maddələrində nəzərdə tutulmuş qaydada tədbir görülməsi üçün qərarın surətinin Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında iş üzrə material 25 iyul 2024-cü il tarixdə məhkəməyə daxil olmuş, işin baxılması 25 iyul 2024-cü il tarixə təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs məhkəmə iclasında verdiyi etirafedici izahatında bildirmişdir ki, o, 26 iyun 2024-cü il tarixdə axşam saatlarında Gəncə şəhərindəki şadlıq evlərindən birində toy məclisində olmuş, orada spirtli içki qəbul etdiyindən sərxoş olmuşdur. Gecə saatlarında yaşadığı Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbədə yerləşən çoxmənzilli binanın həyətinə gəlmiş, bir az keçəndən sonra qardaşı Rəşadla əsassız olaraq mübahisə etməyə başlamış, gecə saatlarında ictimai yerdə qardaşı Rəşada qarşı ucadan nalayiq ifadələr işlətməklə səs-küy salmışdır. Həmin vaxt özündə olmadığından səs-küyə gələn və onu intizama dəvət edən polisin qanuni tələbinə tabe olmamışdır. Etdiyi həmin qanunsuz hərəkətlərindən, o cümlədən xırda xuliqanlıq, gecə saatlarında yaşayış yerində ucadan səs-küy salma və polisin qanuni tələbinə tabe olmamasından səmimi peşmandır, gələcəkdə bu cür nöqsanlara yol verməyəcəkdir. Onu da bildirmişdir ki, Vətən müharibəsi veteranıdır, Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Füzulinin azad olunmasına görə”, Azərbaycan Respublikasının Baş naziri tərəfindən isə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Məhkəmədən, məsuliyyətini yüngülləşdirən halları nəzərə almaqla, barəsində ən yüngül inzibati tənbehin tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs- Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X4 məhkəmə iclasında bildirmişdir ki, Şəxs 26 iyun 2024-cü il tarixdə gecə saat 02 radələrində yaşadığı Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbə ərazisində yerləşən 9 nömrəli binanın qarşısında qardaşı Rəşad Şirinovla əsassız mübahisə edərək uca səslə nalayiq ifadələr işlətmiş, səs-küyə görə həmin ünvana gedən polis əməkdaşları onu nizamintizama dəvət etsələr də, Şəxs öz əməllərini davam etdirmişdir. Şəxs barəsində Kəlbəcər Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı X2 tərəfindən 03 iyul 2024-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərar qəbul edilmiş, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510, 521 və 535.1-ci maddələrində nəzərdə tutulmuş qaydada tədbir görülməsi üçün qərarın surətinin Kəlbəcər Rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. Bundan sonra Şəxs barəsində 25 iyul 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim olunmuşdur. O, tərtib etdiyi 25 iyul 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu tam qanuni və əsaslı hesab edir. Zərərçəkmiş şəxs (İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan əməllə bağlı hissədə)- X7 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 26 iyun 2024-cü il tarixdə gecə saat 02 radələrində Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbə ərazisində yerləşən 9 nömrəli binanın qarşısında qardaşı Şəxs ictimai yerdə əsassız olaraq ucadan nalayiq ifadələr işlədərək səs-küy salmaqla onunla mübahisə etmişdir. Hazırda barışmışlar, qardaşı Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Şahid qismində məhkəmə iclasında dinlənilən Kəlbəcər Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün manqa komandiri, polis baş serjantı Şahid2 izahatında bildirmişdir ki, 26 iyun 2024-cü il tarixdə Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbədə Şahid1 ilə birlikdə xidmətdə olarkən 9-cu binanın qarşısında iki nəfərin bir-biri ilə dalaşdığını görmüş və onlara yaxınlaşaraq nizam-intizama dəvət etmişlər. Şəxs sərxoş olduğundan uca səslə nalayiq ifadələr işlədərək onların tələbinə tabe olmamışdır. Şahid qismində məhkəmə iclasında dinlənilən Kəlbəcər Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid1 izahatında Şahid2 izahatında söylədiklərini təsdiq etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin: birinci hissəsinə əsasən, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır; hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər; ikinci hissəsinə əsasən, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir; üçüncü hissəsinə əsasən, qanunu bilməmək məsuliyyətdən azad etmir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin: birinci hissəsinə əsasən, polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir; ikinci hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər; üçüncü hissəsinə əsasən, polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. “İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli Fərmanının 1-ci və 2-ci bəndlərində Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların yaradılması, müvafiq ərazilərin müvəqqəti komendantlarının təyin edilməsi və müvəqqəti komendantlıqların fəaliyyətinin təşkil edilməsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilməsi, 8-ci bəndində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə işğaldan azad olunmuş ərazilərdə giriş-çıxışın xüsusi rejiminin tətbiqinin təmin edilməsi tapşırılmışdır. Məhkəmə baxışı nəticəsində təsdiq edilir ki, Şəxs 26 iyun 2024-cü il tarixdə gecə saat 02 radələrində yaşadığı Gəncə şəhərindəki 1500 ailəlik Yeni qəsəbə ərazisində yerləşən 9 nömrəli binanın qarşısında uca səslə ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmiş, həmçinin onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da İnzibati Xətalar Məcəlləsinin 510, 521 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Şəxs İnzibati Xətalar Məcəlləsinin 510, 521 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi inzibati xəta haqqında müvafiq protokol, özünün etirafedici izahatı, şahid izahatları və digər iş materialları ilə tam təsdiq edilir. Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq- yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə- əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə-fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hal- törətdiyi əməldən səmimi peşman olmasıdır, eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, məhkəmə Şəxs “Vətən müharibəsi” iştirakçısı olmasını məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə almışdır, iş üzrə məsuliyyəti ağırlaşdıran hal-aşkar edilməmişdir (məhkəməyə bu barədə müvafiq həkim rəyi təqdim olunmamışdır). İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. -34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Мəhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510, 521 və 535.1 maddələrində nəzərdə tutulan inzibati xəta əməllərini törətməsi onun özünün etirafedici izahatı, şahidlərin izahatları və digər iş materialları ilə tam sübut olunduğundan, o, İnzibati Xətalar Məcəlləsinin 510, 521 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya-İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan xətaya görə həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və təqsirinin dərəcəsini, həmçinin iş üzrə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 200 (iki yüz) manat məbləğində cərimə növündə tənbehin tətbiq edilməsini qanuni və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.1 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 521 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və (və ya) protest verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-123/2024
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-123/2024
25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver