Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-13/2025 24.02.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, xx xxxx 1998-ci ildə Azərbaycan Respublikasının Tərtər rayonunun Hacıqırvənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, Kəlbəcər rayonunun Kərəmli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra: “İnzibati Xətalar Məcəlləsi”) 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Kəlbəcər Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru X2 tərəfindən tərtib edilmiş 22 yanvar 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs tərəfindən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsində qəbul edilmiş inzibati cərimə növündə olan qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. İş üzrə məhkəmə iclası 14 fevral 2025-ci il tarixə təyin edilmiş və prosessual zərurətlə bağlı 24 fevral 2025-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclаsının vахtı və yеri bаrədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın-Kəlbəcər Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir; məhkəmə qeyd olunan orqanının nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan sənədlərdə, o cümlədən Kəlbəcər Rayon Polis Şöbəsinin rəisi X1 Rayon Məhkəməsinə ünvanladığı 22 yanvar 2025-ci il tarixli 3-13-85/2-635/2025 saylı məktubda göstərilir ki, Şəxs müxtəlif vaxtlarda “LEAPMOTOR C11 MİNİK” markalı “AZ **-YK-***” dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, onun barəsində İnzibati Xətalar Məcəlləsinin: 1) 327.1-ci maddəsi ilə məsuliyyəti nəzərdə tutan 21 avqust 2024-cü tarixli EQ 23112372 nömrəli, 2) 346.6-cı maddəsi ilə məsuliyyəti nəzərdə tutan 27 avqust 2024-cü tarixli EQ 23227905 nömrəli, 3) 346.4-cü maddəsi ilə məsuliyyəti nəzərdə tutan 03 sentyabr 2024-cü tarixli EQ 23357634 nömrəli, 4) 328.1-ci maddəsi ilə məsuliyyəti nəzərdə tutan 05 sentyabr 2024-cü tarixli EQ 23401301 nömrəli, 5) 328.1-ci maddəsi ilə məsuliyyəti nəzərdə tutan 06 sentyabr 2024-cü tarixli EQ 23424141 nömrəli və 6) 328.1-ci maddəsi ilə məsuliyyəti nəzərdə tutan 16 oktyabr 2024-cü tarixli EQ 24182451 nömrəli elektron protokollar tərtib edilərək avtomatik cərimə qərarı qəbul edilmişdir; Şəxs çıxarılmış elektron qərarlarla bağlı rəsmi qaydada məlumatlandırılmışdır. Hazırda həmin elektron qərarlarla bağlı cərimənin ümumi məbləği 303 (üç yüz üç) manat olmuşdur. Şəxs, barəsində olan inzibati cərimələri 3 (üç) ay müddətində ödəmədiyinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilir. İnzibati Xətalar Məcəlləsinin: -529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; -125.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir; -125.2-ci maddəsinə əsasən, inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: 125.2.1. müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; 125.2.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; 125.2.3. inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir; -125.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2.1 – 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir; müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərməlidir. SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatlar, həmçinin nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetinə yerləşdirilir və onun elektron ünvanına (olduğu halda) göndərilir. -125.4-cü maddəsinə əsasən, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarın bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar 1 gün müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə göndərilir. -75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; -76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir; -8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; -8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -8.3-cü maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. -53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə araşdırması nəticəsində Şəxs İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli olmasını təsdiq edən sübutlar, o cümlədən inzibati orqan tərəfindən İnzibati Xətalar Məcəlləsinin yuxarıda təsvir olunan normalarına, o cümlədən İnzibati Xətalar Məcəlləsinin 125.2-ci maddəsinin tələblərinə əməl edilməsini təsdiq edən sübutlar məhkəmə icraatında aşkar edilməmişdir. Belə ki, Şəxs hazırki halda İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli olması o zaman mümkün ola bilərdi ki, şəxs ilk növbədə barəsində qəbul edilmiş 21 avqust 2024-cü tarixli EQ 23112372 nömrəli, 27 avqust 2024-cü tarixli EQ 23227905 nömrəli, 03 sentyabr 2024-cü tarixli EQ 23357634 nömrəli, 05 sentyabr 2024-cü tarixli EQ 23401301 nömrəli, 06 sentyabr 2024-cü tarixli EQ 23424141 nömrəli və 16 oktyabr 2024-cü tarixli EQ 24182451 nömrəli elektron qərarlarla bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada, o cümlədən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada məlumatlandırılmış olsun. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs həmin əməli sübuta yetirilmədiyindən, onun barəsində olan hazırki inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 114.1 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair hazırki inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən- təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-13/2025
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-13/2025
24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver