Məhkəmə qərarları › İş №3(040)-135/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-135/2025

27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-135/2025 27.05.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs, İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs-Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X2 iştirakları ilə, xx xxxxx 1976-cı ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çaykənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, tam orta təhsilli, işləməyən, Kəlbəcər rayonunun Çaykənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, Gəncə şəhəri Gülüstan qəsəbəsi ADAU-6 ətrafı fərdi yaşayış evində faktiki yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra: İnzibati Xətalar Məcəlləsi) 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və toplanmış digər materiallar baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Materiala daxil edilmiş, Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X3 tərəfindən tərtib edilmiş 25 may 2025-ci il tarixli “MN № 1964857” saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs 24 may 2025ci il tarixdə Kəlbəcər rayonunun Yanşaq kəndi ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Materiala daxil edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Firdovsi Hüseynov tərəfindən tərtib edilmiş və Kəlbəcər Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış yazılı raportda göstərilir: “24 may 2025-ci il tarixdə saat 16:30 radələrində Kəlbəcər RPŞ-nin polis nəfəri polis baş serjantı Şahid ilə birlikdə ərazidə xidmət apararkən Kəlbəcər rayon Yanşaq kəndi ərazisində təsərrüfatla məşğul olan Şəxs icazəsiz rayon ərazisinə daxil olması tərəflərindən müəyyən edilmişdir. Sorğu-sual zamanı Şəxs təsərrüfat sahibi X1 ilə keçdiyi məlum olmuşdur” (raportverən həmin məlumatın araşdırılması üçün müvafiq əməkdaşa göstəriş verilməsini rəisdən xahiş edir). İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs- Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X3 məhkəmə iclasında bildirmişdir ki, polis baş leytenantı Firdovsi Hüseynov və polis baş serjantı Şahid Kəlbəcər rayonu ərazisində təsərrüfatlarla bağlı xidmət aparır, təsərrüfatları yoxlayırlar. Bayramov X4 rayonu Yanşaq kəndi ərazisində Ziyad Mirzəyevə məxsus təsərrüfata çobanlıq edir. 24 may 2025-ci il tarixdə polis əməkdaşları Üzeyirə yaxınlaşaraq Kəlbəcər rayonuna giriş üçün aktiv icazəsinin olub-olmadığını yoxlayarkən məlum olumuşdur ki, Şəxs bu barədə aktiv icazəsi yoxdur. Bununla bağlı raport tərtib edərək rayon polis şöbəsinə təqdim etmişlər. Vətəndaş Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı məhkəməyə təqdim edəcək əlavə heç bir sübut, şahid ifadəsi və video-audioyazısı yoxdur (bu barədə 26 may 2025-ci il tarixli ərizəsini də məhkəməyə təqdim etmişdir) Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, xüsusi icazəsi olmadan Kəlbəcər rayonu ərazisinə keçmişdir və bu əməlindən peşmandır. Polis əməkdaşları onun aktiv icazəsinin olub-olmadığını müəyyənləşdirərkən polisin qanuni tələbinə tabe olmuş, polislərə qarşı heç bir tabesizlik göstərməmişdir. Polisə tabesizlik göstərməklə bağlı inzibati xəta törətmədiyindən, barəsində olan hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir (bu barədə 26 may 2025-ci il tarixli ərizəsini də məhkəməyə təqdim etmişdir) Şahid qismində məhkəmə iclasında dindirilən Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə nəfəri, polis baş serjantı Şahid izahatında bildirmişdir ki, Şəxs aktiv icazəsi yoxlanılarkən, Şəxs polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmişdir. Tətbiq edilməli olan hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiya) 125-ci maddəsinin 7-ci hissəsində bəyan edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin 3-cü hissəsində bəyan edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir, bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. -8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. -8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. -12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -75.0.-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallarımüəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. -53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən-təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməlidir. Belə ki, iş materiallarından və məhkəmə iclasında verilən izahatlardan Şəxs polisin hər hansı qanuni tələbinə tabe olmaması halı məhkəmə icraatı zamanı öz təsdiqini tapmamışdır. İnzibati xəta haqqında icraatı başlamış orqan məhkəməyə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyini təsdiq edən mötəbər sübutlar, o cümlədən video-audio yazılar təqdim etməmişdir. Məhkəmə iclasında izahatı alınan şahid də Şəxs polisə qarşı tabesizlik göstərmədiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.4 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə aparılan hazırki inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən- inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar