Məhkəmə qərarları › İş №3(040)-136/2023

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-136/2023

18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-136/2023 18.09.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Proses iştirakçılarının iştirakları olmadan, X11 barəsində qəbul edilmiş 03 avqust 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan X11 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X11 (03 yanvar 1978-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Susuzluq kəndində doğulmuş, Azərbaycan Рespublikasının vətəndaşı, FİN:2GTTUBA, evli, ali təhsilli, işləməyən, Kəlbəcər rayonunun Susuzluq kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, Bakı şəhəri, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksi, bina 13, mənzil 27-də faktiki yaşayan) Kəlbəcər Rayon Məhkəməsinə müraciət (yazılı şikayət) edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə təqsirli bilinib 400 manat cərimə olunması barədə Gəncə şəhər Baş Polis İdarəsinin X14 Şöbəsinin polkovnik leytenantı X3 03 avqust 2023-cü il tarixli TP ******* nömrəli qərarının əsassız və qanunsuz olmasına görə ləğv edilməsinə və barəsində başladılmış inzibati iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə Tərtər rayonunun Şıxarx kəndində məskunlaşıb yaşayır. 19 iyul 2023-cü il tarixdə saat 22:30 radələrində özünə məxsus olan “Mercedes Benz” (minik) markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərinin Nizami Gəncəvi prospektində hərəkətdə olarkən Gəncə şəhəri DYP şöbəsinin yol- patrul xidməti əməkdaşları onun heç bir yol hərəkəti qaydasını pozmadığı halda avtomobilinə “saxla” işarəsi vermiş, o da avtomobilini yol kənarına çəkib saxlamışdır. Bu zaman yol-patrul xidməti avtomobili yüksək sürətlə dövrə vurub gəlib onun yanında elə saxlamışdır ki, elə bil hansısa bir qatı cinayətkarı və ya terroristi yaxalayıblar. O, sənədlərini təqdim edib hansı səbəbə görə saxlandığını soruşduqda, sonradan adının X5 olduğunu bildiyi yol-patrul xidməti inspektoru ona “ə, düş maşından, gəl bizim maşına, sən içkilisən” deyərək onların avtomobilinə gəlməsini tələb etmişdir. O, səbrini basıb, avtomobildən düşüb polis avtomobilinə getmiş, polis əməkdaşı onu əlində tutduğu cihaza üfürməklə kiçik fasilələrlə üç dəfə alkotester etmiş, nəhayət üçüncü dəfədə aparata baxıb demişdir ki, “sən spirtli içki qəbul etmisən”. O, əvvəlcə elə başa düşmüşdür ki, yol-patrul xidməti əməkdaşı onunla zarafat edir, çünki o, spirtli içki içən deyildir. Lakin yol polisi əməkdaşı Kənan Kazımovun daha da aqressivləşdiyini gördükdə demişdir ki, spirtli içki içməmişdir və bu alkotesterə də inanmır, xahiş edir ki, onu həkim müayinəsinə aparsınlar. X10 dəfələrlə xahiş etmişdir ki, alkotesterin nəticəsinə dair akt tərtib etsin və aktın surətinin ona verilməsi təmin olunsun. Bu xahişinin əvəzində Kənan Kazımov bildirmişdir ki, onun həkim müayinəsindən keçirilməsi üçün əvvəlcə avtomobilini polisin cərimə meydançasına yerləşdirəcəklər, orada aktın surətini də verəcəkdir. O, razılaşmış, polis əməkdaşları onu avtomobili ilə birlikdə polisin cərimə meydançasına gətirmiş və Kənan Kazımov ona orada gözləməsini tapşırmışdır. O, xeyli gözləmiş, onunla maraqlanan olmamışdır. Orada öyrənmişdir ki, bütün bu qanunsuzluqları və özbaşınalığı edən yol-patrul xidməti inspektoru, polis serjantı Kənan Kazımovdur və onu aldadıb avtomobili ilə birlikdə polisin cərimə meydançasına gətirib, özü isə qaçıb, yoxa çıxıb. Məcbur olub mobil telefonu ilə Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə zəng vurub başına gətirilən oyunu məlumat vermiş, oradan bildirmişlər ki, tədbir görüləcəkdir. Nəhayət, bir neçə dəfə də DİN-in “102” zəng xidmətinə zəng vurandan sonra cərimə meydançasındakı əməkdaşlar onu başqa bir avtomobilə mindirib, Kənan Kazımovu axtarmaq üçün saat 22:30 radələrində avtomobili saxlatdıqları yerə gətirmişlər. Çünki onlar ona demişlər ki, həkim müayinəsindən keçirilməsi üçün onu narkoloji dispanserə Kənan Kazımov özü aparmalıdır- qayda belədir. Lakin gəldikləri yerdə başqa polis əməkdaşları olmuş, onlar isə nə Kənan Kazımovun yerini deməmiş, nə də ki Kənanın mobil telefon nömrəsini verməmişlər. Orada olan Elşad adlı yol polisi əməkdaşı öz təşəbbüsü və onun da razılığı ilə onu iki dəfə alkotester etmiş və testin cavabı onun içki qəbul etmədiyini göstərmişdir. Lakin Elşad ona demişdir ki, onlar Kənan Kazımovun işlərinə qarışa bilməzlər, narazıdırsa gedib şikayət etsin. Narkoloji dispanserin yerini öyrənib, özü oraya getmişdir ki, müayinə olunsun. Dispanserdə ona bildirmişlər ki, onu polis əməkdaşları gətirməyibsə, müayinə edə bilməzlər. Odur ki, məcbur olub Gəncə Şəhər Baş Polis İdarəsinə, daha sonra isə Gəncə Şəhər Dövlət X13 getmişdir. Hər ikisində əməkdaşlardan xahiş etmişdir ki, onu narkoloji dispanserə aparıb sərxoşluğa qarşı müayinə etdirsinlər. Lakin bu idarələrin heç birində onun xahişini təmin edən olmamışdır. Məcbur olub gecə saat 04 radələrində Gəncə Şəhər Prokurorluğuna getmiş, orada isə mühafizəçi polis nəfərindən başqa heç kim olmamış, həmin mühafizəçi ona demişdir ki, “səhər saat 9-dan sonra gəl, yazılı şikayət et”. Odur ki, səhər saat 10:00 radələrinədək Gəncə şəhərinin küçələrində yuxusuz və ac-susuz qaldıqdan sonra yenidən Gəncə Şəhər Prokurorluğuna gəlib başına gətirilən qanunsuzluqlar barədə şikayət ərizəsi vermişdir. Həmin saatlarda isə, yəni 20 iyul 2023-cü il tarixdə saat 10:18-də onun telefonuna SMS bildirişi gəlmişdir ki, “**-EB-*** nömrəli avtomobil 400 manat cərimə edilmişdir. Tarix: xx.xx.2023, 22:38 Maddə 333.1, protokol İXP ******* ödəmə linki: https://.api.az/ixp5557248”. Gəncə Şəhər Prokurorluğundan sonra onun öz ərizəsi əsasında 20 iyul 2023-cü il tarixdə saat 16 radələrində Gəncə Rayonlararası Narkoloji Dispanserdə tibbi müayinədən keçirilməsi təmin edilmiş və müəyyən olunmuşdur ki, spirtli içki qəbul etməmişdir, tam ayıq vəziyyətdədir. Daha sonra isə, o, avtomobilinin saxlandığı cərimə meydançasına getmiş, orada ona Kənan Kazımov tərəfindən tərtib edilmiş 19 iyul 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətini vermişlər. Protokolla tanış olduqda məlum olmuşdur ki, guya o, 19 iyul 2023-cü il tarixdə saat 22:38də Gəncə şəhərinin Nizami prospektində avtomobili sərxoş vəziyyətdə idarə etməklə İnzibati Xətalar Məcəlləsinin 333.1 və avtomobilinin işıq cihazlarından istifadə qaydalarını pozmaqla İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir; bu saxta protokolu tərtib edən yol- patrul xidməti inspektoru Kənan Kazımov isə yenə də tapılmamışdır. Yalnız bundan sonra-təxminən saat 18 radələrində avtomobilini cərimə meydançasından buraxmışlar. Yol polisi inspektoru, polis serjantı X5 tərəfindən yuxarıda göstərdiyi şəraitdə və qanunsuzluqlarla tərtib edilmiş 19 iyul 2023-cü il tarixli İXP ******* nömrəli saxta və qanunsuz protokol əsasında Gəncə Şəhər Baş Polis İdarəsinin X14 şöbəsinin rəisi, polis polkovnik-leytenantı X4 tərəfindən 03 avqust 2023-cü il tarixli İnzibati tənbehvermə haqqında TP ******* nömrəli qərarla onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 331.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməyə, yəni nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmağa və nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə 400 manat cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. 20 iyul 2023-cü il tarixdə saat 16 radələrində Gəncə Rayonlararası Narkoloji Dispanserdə onun tibbi müayinə olunmasının nəticələrinə dair 20 iyul 2023-cü il tarixli 1854/2023 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolu tərtib edilmişdir. Həmin Protokolda göstərilir ki, o, tam ayıq vəziyyətdədir və heç bir spirtli içki qəbul etməmişdir. Həmin protokol tibb müəssisəsində, həm də onun hərtərəfli müayinəsinin nəticəsinə əsaslanmaqla tərtib edildiyinə görə qanuni sənəddir və mötəbər sübutdur. 03 avqust 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarda göstərilənlərə görə, o, həm də İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı da törətmişdir, yəni nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını da pozmuşdur- bu, tamamilə yalandır, həmin vaxt, o, heç bir yol hərəkəti qaydası pozuntusuna yol vermədiyi halda saxlanmışdır. İşin hallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər baş polis idarəsinin X14 şöbəsinin yol-patrul xidməti inspektoru, polis serjantı X5 tərəfindən X11 barəsində İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə 20 iyul 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər baş polis idarəsinin X14 şöbəsinin rəisi, polis polkovnik leytenantı X3 03 avqust 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsindən görünür ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İş üzrə məhkəmə baxışı iclası ilk dəfə 28 avqust 2023-cü il tarixə təyin edilmiş, prosessual zərurətlə bağlı 07 sentyabr və 18 sentyabr 2023-cü il tarixlərə təxirə salınmışdır. 18 sentyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, şikayət verən (barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs) X11 və inzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, həmçinin inzibati tənbehvermə haqqında qərarı qəbul etmiş orqana ünvanlanmış sorğu (iş üzrə bütün sübutların, o cümlədən protokol və qərarın təsdiqlənmiş surətlərinin, həmçinin audio və video yazıların məhkəməyə göndərilməsi barədə) cavablandırılmamış qalmışdır. Şikayət verən (barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs) X11 07 sentyabr 2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, Bakı şəhərində yaşadığından yolun uzaqlığına görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini, növbəti məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, işə şikayət verən (barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs) X11 və inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayət verən (barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs)- X11 iştirak etdiyi 07 sentyabr 2023-cü il tarixli məhkəmə iclasında şikayəti müdafiə edərək şikayətin məzmununa uyğun izahat vermişdir. O, barəsində tərtib edilmiş 20 iyul 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun qanunsuz hesab edilməsini, həmin inzibati xəta haqqında protokol əsasında Gəncə Şəhər Baş Polis İdarəsinin X14 şöbəsinin rəisi, polis polkovnik-leytenantı Eldəniz Həsənov tərəfindən barəsində qəbul edilmiş 03 avqust 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın qanunsuz hesab edilməklə ləğv edilməsini, barəsində olan İnzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan (şikayət verən-barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş): Gəncə Şəhər Baş Polis İdarəsinin X14 şöbəsinin yol-patrul xidməti inspektoru, polis serjantı X5 tərəfindən X11 barəsində tərtib edilmiş 20 iyul 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X11 19 iyul 2023-cü il tarixdə saat 22:38-də “Mercedes-Benz E- 240” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobili Gəncə şəhərinin Nizami Gəncəvi prospektində işıq cihazlarından istifadə qaydalarını pozmaqla və alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş, bu hərəkətinə görə İnzibati Xətalar Məcəlləsinin 329.2 və 333.1-ci maddələri ilə təqsirləndirilmişdir. İş materiallarında olan (şikayət verən-barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş): Gəncə Şəhər Baş Polis İdarəsinin X14 şöbəsinin rəisi, polis polkovnik-leytenantı X4 tərəfindən qəbul edilmiş 03 avqust 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X11 barəsində tərtib edilmiş 20 iyul 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə materiallara baxaraq müəyyən edilmişdir ki, X11 19 iyul 2023cü il tarixdə saat 22:35-də işıq cihazlarından istifadə qaydalarını pozmaqla və alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmişdir, bu hərəkətinə görə İnzibati Xətalar Məcəlləsinin 329.2 və 333.1-ci maddələri ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında X7 19 iyul 2023-cü il tarixdə işıq cihazlarından istifadə qaydalarını pozmaqla və alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsini təsdiq edən sübut yoxdur. Məhkəmə icraatı zamanı məhkəmə tərəfindən bununla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X13 ünvanlanmış müvafiq sorğular cavablandırılmamış qalmışdır. İş materiallarında olan, şikayətverən tərəfindən məhkəməyə təqdim edilmiş: Gəncə Şəhər Narkoloji Dispanserində 20 iyul 2023-cü il tarixdə saat 16:05-də tərtib edilmiş 1854/2023 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, X7 öz təçəbbüsü ilə alkoqol sərxoşluğunun tibbi müayinəsi nəticəsində alkoqol sərxoşluğu aşkar edilməmiş və alkotester cihazında alkoqolun miqdarı 0,00 (sıfır) promilli göstərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsindən görünür ki, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə -otuz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsindən görünür ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiya) 125-ci maddəsinin 7-ci hissəsində bəyan edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin 3-cü hissəsində bəyan edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati Xətalar Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. -8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. -75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir -84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. -134.1 və 134.1.3-cü maddələrinə əsasən, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. -135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. -53.2-ci maddəsində nəzərdə tutulur ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, X7 İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş xətaların- işıq cihazlarından istifadə qaydalarını pozmaqla və alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsinə dair sübutlar inzibati tənbehvermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqana sübutların təqdim edilməsi üçün sorğu göndərilmiş, buna baxmayaraq, müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir, təqsirin sübuta yetirilməsi vəzifəsi səlahiyyətli orqanın (səlahiyyətli vəzifəli şəxsin) üzərinə düşür. İnzibati Xətalar Məcəlləsinin 135.1 və 135.1.3-cü maddələrinin müddəalarından görünür ki, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə hesab edir ki, X7 təqsirliliyi sübuta yetirilmədiyindən, onun barəsində tərtib edilmiş 20 iyul 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol qanunsuz hesab edilməli, həmin inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 03 avqust 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərar qanunsuz hesab edilməklə ləğv edilməli və X11 barəsində hazırki inzibati xəta haqqında iş üzrə (İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri üzrə) icraata İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən-həmin xətaların törədilməsində Zabil Əsədovun təqsirliliyi sübuta yetirilmədiyinə görə- xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115.1 və 135.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X7 şikayəti təmin edilsin. Gəncə Şəhər Baş Polis İdarəsinin X14 şöbəsinin yol-patrul xidməti inspektoru, polis serjantı X5 tərəfindən X11 barəsində tərtib edilmiş 20 iyul 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol qanunsuz hesab edilsin, Gəncə Şəhər Baş Polis İdarəsinin X14 şöbəsinin rəisi, polis polkovnik leytenantı Eldəniz X1 barəsində qəbul etdiyi 03 avqust 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilməklə ləğv edilsin. X11 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən-təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar