Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(040)-148/2023 04.09.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi, Şikayət verən (barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş şəxs)- X2 iştirakı ilə, X2 barəsində qəbul edilmiş 03 avqust 2023-cü il tarixli EQ 16061670 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X4 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X1 Rayon Məhkəməsinə müraciət (yazılı şikayət) edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin əməkdaşı tərəfindən onun barəsində qəbul edilmiş 03 avqust 2023-cü il tarixli EQ 16061670 nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Yol Polisinin əməkdaşı tərəfindən 03 avqust 2023-cü il tarixli EQ 16061670 nömrəli qərar əsasında onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İnzibati Xətalar Məcəlləsi) 328.2-ci maddəsi ilə 50 manat məbləğində 2 bal əsassız cərimə yazılmışdır. Belə ki, o, Kəlbəcər rayon sakini, İkinci Qarabağ müharibəsinin iştirakçısı olmaqla Gəncə şəhərində yaşayır. 03 avqust 2023-cü il tarixdə Gəncə şəhərinin Əziz Əliyev prospekti ilə hərəkətdə olarkən ötmə əməliyyatı edən zaman sürət həddini artırdığına görə- 84 sürət həddinə görə ona 50 (əlli) manat cərimə və 2 (iki) bal təyin edilmişdir (elektron qaydada). Həmin ərazidə yol-patrul xidməti əməkdaşları “Shacman” markalı yük avtomobilinin qarşısında dayanaraq gizlənir: nə yol-patrul xidməti əməkdaşını, nə də ki xidməti avtomobilini görmək mümkündür (ötüb keçdikdən sonra görmək mümkündür). 12 may 2017-ci il tarixli “Yolpatrul xidməti haqqında Təlimat ”ın “Yol hərəkətinə nəzarətin forma və metodları” bölməsinə əsasən, patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. YPX avtomobillərinin görüntünü məhdudlaşdıran hər hansı bir maneələrin (ağaclar, bina və qurğular, reklam lövhələri və s.) arxasında, o cümlədən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dayanma, durma və parklanmanın qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır. 10:44 radələrində polis əməkdaşı tərəfindən 50 (əlli) manat məbləğində cərimə, inzibati xətaya gör 2 (iki) bal protokol tərtib edilməsi barədə şəxsi əlaqə nömrəsinə sms vasitəsilə bildiriş gəlmişdir. Şikayət verən (barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş şəxs)- X4 məhkəmə iclasında ərizə təqdim edərək, hazırki şikayətdən imtina etdiyini və cəriməni ödəyəcəni bildirərək, şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə şikayətçinin vəsatətini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, İnzibati Xətalar Məcəlləsində inzibati tənbehvermə haqqında qərardan verilmiş şikayətin geri qaytarılması halları əks olunmasa da, şikayətin geri qaytarılması barədə şikayətçinin xahişi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2016-cı il tarixli qərarında götərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayətprosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət Prosessual Məcəllə) 390.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Cinayət Prosessual Məcəllənin 391.11-ci maddəsinə əsasən, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. İnzibati Xətalar Məcəlləsinin 128 və 129-cu maddələrində inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququ olan şəxslərin dairəsi və şikayət vermək qaydası göstərilsə də, şikayət vermiş şəxsin öz şikayətindən imtina etdiyi halda hansı prosessual hərəkətin edilməsi ilə bağlı müddəa yoxdur. Buna görə də məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, Cinayət Prosessual Məcəlləsinin apellyasiya şikayətindən imtina edilməsinin nəticələrini tənizmləyən 391.11-ci maddəsinin analogiya üzrə hazırkı məsələyə tətbiqini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, 03 avqust 2023-cü il tarixli EQ 16061670 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsində baxılmasına xitam verilməli və şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: 03 avqust 2023-cü il tarixli EQ 16061670 nömrəli inzibati tənbehvermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə baxılmasına xitam verilsin və şikayət əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-148/2023
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №3(040)-148/2023
04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver