Məhkəmə qərarları › İş №3(040)-155/2024

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-155/2024

26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-155/2024 26.08.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs, İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs- Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru X1 iştirakları ilə, xx xxxx 1992-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zallar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, subay, orta təhsilli, işləməyən, Kəlbəcər rayonunun Yanşaq kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-6 ətrafında məskunlaşan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra: İnzibati Xətalar Məcəlləsi) 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və toplanmış digər materiallar baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Materiala daxil edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru X2 tərəfindən tərtib edilmiş 26 avqust 2024-cü il tarixli “MN № 2035816” saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs polis əməkdaşı tərəfindən izahatının alınması məqsədilə Gəncə şəhərindəki “Yeni qəsəbə” ərazisində yerləşən polisin inzibati binasına dəvət olunmuş ünvansız küçə söyüşləri ilə polisi söyüb təhqir etmiş, polisin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir (protokolda hadisənin baş verdiyi vaxt və tarix göstərilməmiş, işin digər materiallarına görə, hadisə 26 avqust 2024-cü il tarixdə baş vermişdir-hakimin qeydi). Materiala daxil edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin Təşkilati inspeksiya qrupunun baş inspektoru, polis mayoru Şahid3 tərəfindən 26 avqust 2024-cü il tarixdə tərtib edilmiş və Kəlbəcər Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış yazılı raportda göstərilir ki, vətəndaş Şəxs Daxili İşlər Nazirliyinin “102 zəng xidməti”nə etmiş olduğu müraciətin icrası ilə əlaqədar Şəxsla istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə ilə telefon əlaqəsi saxlanılraq izahat verməsi üçün rayon polis şöbəsinə dəvət edilmiş, Şəxs polisin inzibati binasının dəhlizində onun ünvanına nalayiq ifadələr işlədərək onu söyüb təhqir etmişdir. O, Şəxs nizam-intizama dəvət etsə də, Şəxs yüksək səslə ünvansız küçə söyüşləri ilə onu təhqir etməklə qanunsuz hərəkətlərini davam etdirmişdir. Odur ki, vətəndaş Şəxs barəsində qanuna müvafıq tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs- Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru X2 məhkəmə iclasında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 26 avqust 2024-cü il tarixdə Kəlbəcər Rayon Polis Şöbəsinin Gəncə şəhərinin Yeni Qəsəbə-1500 ərazisində yerləşən inzibati binasına daxil olaraq polis mayoru Şahid3 ünvanına nalayiq ifadələr işlətmiş, habelə əsassiz olaraq yüksək səslə qışqıraraq polisin normal iş fəaliyyətini pozmuşdur. Polis əməkdaşları Şəxs nizam-intizama dəvət etsələr də, Şəxs öz qanunsuz hərəkətlərini davam etdirib polisin qanuni tələbinə yenə də məhəl qoymamış və Kəlbəcər Rayon Polis Şöbəsinin inzibati binasında iş rejiminin ümumi gedişatına maneçilik törətmiş, bununla da ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. O, Şəxs barəsində tərtib etmiş olduğu 26 avqust 2024-cü il tarixli “MN № 2035816” saylı inzibati xəta haqqında protokolu qanuni və əsaslı hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, polis əməkdaşını təhqir etməmiş və polisin qanuni tələblərinə tabesizlik göstərməmiş, həmçinin heç bir nalayiq ifadələr işlətməmişdir. Əslində, o, öz hüquqlarının qorunması üçün Daxili İşlər Nazirliyinin “102 zəng xidməti”nə beş dəfə müraciət etmiş, lakin şikayətinə vaxtında baxılmamışdır. Onun şikayəti ilə əlaqədar 26 avqust 2024-cü il tarixdə səhər saatlarında Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşı, polis mayoru Şahid3 onu polis şöbəsinə dəvət etmiş və DİN-in “102 zəng xidməti”nə müraciət etdiyinə görə onu öz xidməti otağında təhqir etmişdir. Onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda və iş materiallarında onun barəsində qeyd edilənlər əsassızdır. Şahid3 hətta öz xidməti kabinetində onu döymüş və əsassız olaraq onun qoluna qandal vuraraq məhkəməyə gətirmişdir. O özü üçüncü qrup əlildir, aliment ödəyicisidir, maddi imkanı aşağıdır. Məhkəmədən, onun barəsində olan hazırki iş üzrə icraata xitam verilməsini xahiş edir. Şahid qismində məhkəmədə izahat verən Kəlbəcər Rayon Polis Şöbəsinin Təşkilati inspeksiya qrupunun baş inspektoru, polis mayoru Şahid3 izahat verərək bildirmişdir ki, Şəxs bir neçə dəfə müraciət edərək rəisin qəbulunda olmaq istədiyini bildirmiş, onlar da Şəxs şikayəti üzrə araşdırma apararaq köməklik edəcəklərini bildirmişlər. Bundan sonra Şəxs DİN-in “102 zəng xidməti”nə müraciət etmişdir. O, izahatının alınması üçün Şəxs 26 avqust 2024-cü il tarixdə Kəlbəcər Rayon Polis Şöbəsinə dəvət edərkən Şəxs 26 avqust 2024-cü il tarixdə Kəlbəcər Rayon Polis Şöbəsinin Gəncə şəhərindəki 1500 ailəlik Yeni qəsəbə ərazisində yerləşən inzibati binasına daxil olaraq onun və digər polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. O və digər polis əməkdaşları Şəxs nizam-intizama dəvət etsələr də, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. O, Şəxs qoluna qandal vurmamışdır. Şahid qismində məhkəmədə izahat verən Kəlbəcər Rayon Polis Şöbəsinin sahə rəisi, polis leytenantı Şahid1 izahatında bildirmişdir ki, Şəxs 26 avqust 2024-cü il tarixdə Kəlbəcər Rayon Polis Şöbəsinin Gəncə şəhərindəki 1500 ailəlik Yeni qəsəbə ərazisində yerləşən inzibati binasında polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, polis əməkdaşı Şahid3 fiziki güc tətbiq etmək istəmiş, lakin onlar buna imkan verməmişlər. Polis əməkdaşları Şəxs nizam-intizama dəvət etsələr də, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Şahid qismində məhkəmədə izahat verən Kəlbəcər Rayon Polis Şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid2 izahatında bildirmişdir ki, Şəxs 26 avqust 2024-cü il tarixdə Kəlbəcər Rayon Polis Şöbəsinin Gəncə şəhərindəki 1500 ailəlik Yeni qəsəbə ərazisində yerləşən inzibati binasında polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, Şəxs hətta polis əməkdaşı Şahid3 fiziki güc tətbiq etmək istəmiş, lakin onlar bunun qarşısını alaraq Murğuza imkan verməmişlər. Şahid qismində məhkəmədə izahat verən Kəlbəcər Rayon Polis Şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid4 (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qardaşı) izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs dəfələrlə onun özünə böhtan ataraq DİN-in “102 zəng xidməti”nə yalandan müraciət etmiş, axırıncı dəfə Şahid3 onu polis şöbəsinə dəvət edəndə, yəni 26 avqust 2024-cü il tarixdə Kəlbəcər Rayon Polis Şöbəsinin Gəncə şəhərindəki “1500 ailəlik Yeni qəsəbə” ərazisində yerləşən inzibati binasında Şəxs Şahid3 ünvanına nalayiq söyüşlər söymüşdür. İş materiallarında olan: Kəlbəcər Rayon Polis Şöbəsi tərəfindən verilmiş 26 avqust 2024-cü il tarixli 3-13-85/2-8807/2024 saylı arayışdan görünür ki, Gəncə şəhəri, Yeni qəsəbə ərazisində Kəlbəcər Rayon Polis Şöbəsinin xidməti istifadəsinə verilmiş inzibati binanın dəhlizində quraşdırılmış kamera işlək vəziyyətdə deyildir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiya) 125-ci maddəsinin 7-ci hissəsində bəyan edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin 3-cü hissəsində bəyan edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. -3.0.5-ci maddəsindən görünür ki, şikayət – pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciətdir. -4.0-cı maddəsinə əsasən, vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipləri aşağıdakılardır: 4.0.1. qanunçuluq; 4.0.2. vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirməsinə şərait yaradılması; 4.0.3. müraciətlərə dair tələblərin vahidliyi; 4.0.4. fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması; 4.0.5. müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi; 4.0.6. müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin fəaliyyətində şəffaflığın təmin edilməsi; 4.0.7. vətəndaşların müraciət etmək hüququ ilə dövlət maraqlarının uzlaşdırılması. -5.1 və 5.2-ci maddələrindən görünür ki, Azərbaycan Respublikasının Konstitusiya qanunlarında, başqa qanunlarda, onların əsasında qəbul edilmiş digər normativ hüquqi aktlarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunun müddəaları vətəndaşların bütün müraciətlərinə şamil edilir; bu Qanunun müddəaları vətəndaşların məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində etdikləri müraciətlərə şamil edilmir. -7.5-ci maddəsindən görünür ki, müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. İnzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir, bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. -8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. -8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. -12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -75.0.-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. -53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən-təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməlidir. Belə ki, iş materiallarından və məhkəmə iclasında verilən izahatlardan Şəxs 26 avqust 2024-cü il tarixdə Kəlbəcər Rayon Polis Şöbəsinin Gəncə şəhərindəki 1500 ailəlik Yeni qəsəbə ərazisində yerləşən inzibati binasında polisin hər hansı qanuni tələbinə tabe olmaması halı mötəbər sübutlarla təsdiq olunmamışdır. İnzibati xəta haqqında icraatı başlamış orqan məhkəməyə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyini təsdiq edən mötəbər sübutları, o cümlədən video-audio yazılar təqdim etməmişdir; Məhkəmə iclasında izahatları alınan şahidlərin hamısı polis əməkdaşları olduqlarından və hazırki işin nəticələrində maraqlı olduqlarından, məhkəmə həmin şahid izahatlarını Şəxs təqsirli hesab olunması üçün yetərli hesab etmir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hadisənin polisin inzibati binasında baş verməsini və binada da bir neçə polis əməkdaşının olmasını, polis əməkdaşlarının baş vermiş hadisəni mobil telefon cihazları vasitəsilə də olsa videoqeydiyyata almaq imkanında olmalarının istisna edilmədiyi şəraitin olmasını polis təkzib etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Beləliklə, məhkəmə icraatı zamanı Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmaması əməli sübuta yetirilmədiyindən, Şəxs barəsində aparılan inzibati xəta haqqında hazırki iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən-Misir Murğuzovun təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.4 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında hazırki işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən-inzibati xəta əməlinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar