Məhkəmə qərarları › İş №3(040)-156/2024

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-156/2024

29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-156/2024 29.08.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs-Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru X1 iştirakları ilə, 18 avqust 1961-cı ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zəylik kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:xxxxxxx, evli, ümumi orta təhsilli, 1-ci dərəcəli əlil, Kəlbəcər rayonunun Zəylik kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, Goranboy şəhərində məcburi köçkünlər üçün salınmış Yeni qəsəbədə bina 4, mənzil 52-də məskunlaşan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra: İnzibati Xətalar Məcəlləsi) 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və toplanmış digər materiallar baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Materiala daxil edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru X8 tərəfindən tərtib edilmiş 29 avqust 2024-cü il tarixli “MN № 2035817” saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs 25 iyun 2024cü il tarixdə Kəlbəcər rayonu ərazisində yerləşən yaylaqda Zərərçəkmiş şəxs döymüş, bununla da İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Materiala daxil edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin İstintaq qrupunun müstəntiqi, polis baş leytenantı X11 tərəfindən icraatında olan ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş 16 avqust 2024-cü il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərardan görünür ki, Şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi olmadığına görə xitam verilmişdir. Qərardan həmçinin o da görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6” X17 Gəncə şəhər şöbəsinin 31 may 2024-cü il tarixli 769 nömrəli rəyi ilə Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sol bazu nahiyəsinin yumşaq toxumalarının əziyi, hematoması, boyun sol körpücük nahiyələrinin sıyrıqlarının sağlamlığa yüngül zərərvurmaya aid edildiyi bildirilsə də, təqsirləndirilən şəxs Şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilmədiyini və “Məhkəmə Tibbi Ekspertiza və X6” X17 Gəncə şəhər şöbəsinin 31 may 2024-cü il tarixli 769 nömrəli rəyi ilə razı olmadığını bildirdiyindən iş üzrə “Təkrar məhkəmə tibbi ekspertizasının təyin olunması haqqında” qərar qəbul edilmiş, “Məhkəmə Tibbi Ekspertiza və X6” X17 T 455/2024 nömrəli rəyində vətəndaş Zərərçəkmiş şəxs sol bazu nahiyəsinin arxa yan səthinin yuxarı üçdəbirinin qançırı, boyun, sol körpücük nahiyələrinin sıyrıqlarının olduğu və qeyd edilən xəsarətlərin bərk küt əşya təsirindən törənməsi, törənmə müddətinin 29 may 2024-cü il tarixə uyğun gəlməsi, ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilməyən xəsarətlər olduğu göstərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs- Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru X8 məhkəmə iclasında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 29 may 2024-cü il tarixdə saat 15 radələrində Kəlbəcər rayonu ərazisindəki “Taxtadüzü” yaylağında Zərərçəkmiş şəxs döymüşdür. Şəxs 29 may 2024-cü il tarixdə Zərərçəkmiş şəxs döyməklə Zərərçəkmiş şəxs “sol bazu nahiyəsinin arxa yan səthinin yuxarı üçdəbirinin qançırı, boyun, sol körpücük nahiyələrinin sıyrıqları” şəklində ümumilikdə sağlamlığa zərərvurmayan və dərəcələri təyin edilməyən xəsarətlər yetirməsi Kəlbəcər Rayon Polis Şöbəsinin İstintaq qrupunun müstəntiqi, polis baş leytenantı X11 tərəfindən icraatında olan ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş 16 avqust 2024-cü il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarda əsaslandırılmışdır. O, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli vəzifəli şəxs olaraq tərtib etmiş olduğu 29 avqust 2024-cü il tarixli “MN № 2035817” saylı inzibati xəta haqqında protokolu qanuni və əsaslı hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs məhkəmə iclasında özünü hər hansı qanunsuz əməlin törədilməsində, o cümlədən Azərbaycan Respublikasının 157-ci maddəsi ilə təqsirli bilməyərək aşağıdakı məzmunda izahat vermişdir: izahatında birinci dərəcəli əlil olduğunu və əlilliyinə baxmayaraq ailə təsərrüfatının başçısı olaraq fərdi əməklə məşğul olduğunu, özünə məxsus heyvandarlıq təsərrüfatının olduğunu, 2023-cü ilin yaylaq mövsümündə həmin təsərrüfatı Kəlbəcər rayonunun Taxtadüzü yaylağına apardığını və həmin yerdə özünə sığınacaq üçün “daxal” (alaçıq) düzəltdiyini, 2023-cü ilin yaylaq mövsümü qutardıqdan sonra heyvanları Kəlbəcər rayonundan geriyə qaytardığını, lakin həmin alaçıq-çadırın yerində qaldığını, 2024-cü il üçün də həmin heyvanları yaylaq mövsümündə Kəlbəcər rayonunun Taxtadüzü yaylağına aparmaq üçün Kənd Təsərrüfatı Nazirliyindən icazə aldığını və “K35” adlanan ərazinin ona verildiyini, 25 may 2024-cü il tarixdə yenidən 2023-cü ildə Kəlbəcər rayonunun “Taxtadüzü” yaylağında əvvəlki çadırı olan əraziyə getdiyini, həmin vaxt ona məxsus çadırların yandırıldığını və yaxınlığında başqa alaçıq quraşdırıldığını, həmin yerdə 2023-cü ildə quraşdırılmış özünün və təsərrüfatına məxsus daha bir neçə çadırın da yerində olmadığını gördüyünü, onun alaçığının dağıdıldığı yerdə naməlum şəxs tərəfindən quraşdırılmış alaçığın arxa hissəsində “Nurəhməd damazlıq” sözlərinin yazıldığını gördüyünü və həmin yerləri Nurəhməd Mamedov adlı təsərrüfat sahibinin yandırdığını başa düşdüyünü, bu səbəbdən Daxili İşlər Nazirliyiin “102 zəng xidməti”nə zəng edərək bu barədə məlumat verdiyini, bundan sonra Nurəhməd Mamedov və onun qardaşı Zərərçəkmiş şəxs mütamadi olaraq onunla həmin torpaq sahəsi üstündə mübahisə edib həmin yerin onlara məxsus olmasını dediklərini və oranı tərk etməyi ondan tələb etdiklərini, 29 may 2024-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs Kəlbəcər rayonundakı Taxtadüzü yaylağında onun təsərrüfatla məşğul olduğu yerin yaxınlığına gəldiyini və onun heyvanlarını atla qovmağa başladığını, Poladın yanına gedib “səni buraya qoruqçu qoyublar ki, sən mənim heyvanlarımı qovursan, vuraram, beynin dağılar” dediyini, Poladın isə israrla heyvanları oradan çıxarmağı ondan tələb etdiyini və atdan düşüb onun üzərinə gəldiyini, bu zaman atı öz çobanı Kərəmə verdiyini, o da Polada oradan çıxmayacağını dedikdə sözlü münaqişə etdiklərini, lakin həmin vaxt ümumiyətlə bir-birilərinə toxunmadıqlarını, həmin vaxt orada Nağı, Tamerlan, Dağıstan və Fikrət adlarında şəxslərin də olduğunu və həmin şəxslərin də onun Poladı vurmadığını gördüklərini bildirmişdir. Şəxs həmçinin birinci dərəcəli əlil olduğunu, onun sağlamlıq imkanlarının da cavan və sağlam şəxs olan Zərərçəkmiş şəxs hər hansı formada döyməyə imkan vermədiyini bildirmişdir. Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla razı olduğunu və Şəxs şikayətçi olduğunu bildirmişdir. İzahatında həmçinin: 2024-cü ildə özünə məxsus xırdabuynuzlu heyvandarlıq təsərrüfatını Kəlbəcər rayonu ərazisindəki Sarıyer yaylağına apardığını, həmin yerə digər təsərrüfat sahibi Şəxs da öz heyvandarlıq təsərrüfatını gətirdiyini və ona məxsus torpaq sahəsində təsərrüfatla məşğul olmağa başladığını, bu səbəbdən Rəşidlə aralarında çoxsaylı mübahisələr olduğunu, sonuncu dəfə 29 may 2024-cü il tarixdə saat 15:30 radələrində Rəşidin özünə məxsus heyvanları ona və qardaşı Nurəhmədə məxsus Kəlbəcər rayon Taxtadüzü adlanan yaylaqda otlaq sahəsində otarmasına görə Rəşiddən oradan çıxmasını tələb etdiyini və həmin vaxt Rəşidin ona yaxınlaşdığını və onu təhqir etməyə başladığını, bu zaman Rəşidin yanında onun nəvəsi olduğunu zənn etdiyi təxminən on səkkiz-on doqquz yaşlarında olan bir şəxsin də olduğunu, Rəşid Abbbasovla yanında olan şəxsin hər ikisinin onun üzərinə gəldiyini, Rəşidin onun köynəyinin yaxasından tutduğunu və digər bir əli ilə boğazından sıxdığını, həmin vaxt orada Rəşidin yanında olan nəvəsi olduğunu zənn etdiyi adını bilmədiyi şəxsin isə Rəşidin arxa hissəsində dayanıb onu vurmaq istədiyini və onu sinəsindən itələdiyini, həmin vaxt Rəşidin onun qollarından tutub sıxdığını, eyni zamanda Rəşidin bir neçə dəfə onun qollarına yumruq zərbəsi vuraraq döydüyünü, bu zaman qonşuluqda təsərrüfatla məşğul olan Qələndər və Kərəm adlı şəxslərin onların yanına gəldiklərini və harayçılıq edib onları aralaşdıqlarnı, bundan sonra Daxili İşlər Nazirliyinin “102 zəng xidməti”nə zəng edib hadisə ilə bağlı məlumat verdiyini, daha sonra heyvanları geri qaytarmaq üçün heyvanların arxası ilə getmişdir. Hadisədən sonra boğaz nahiyəsində sıyrıqların və sol qolunda göyərmələrin olmasını gördüyünü, məhkəmə tibbi ekspertizasının rəyində göstərilən xəsarətlərin həmin hadisə vaxtı Rəşid tərəfindən ona yetirildiyini bildirmişdir. Şahid qismində məhkəmədə izahat verən Şahid izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs uzaq qohumu olduğunu və 29 may 2024-cü il tarixdə Rəşidlə Poladın arasında yaylaqda baş vermiş münaqişənin şahidi olduğunu, xx.xx.2024-cü il tarixdə Rəşidin Goranboy rayonunda olan heyvanlarını səhər saatlarında oradan Nağının “Ateko” markalı avtomobilinə yükləyib Kəlbəcər rayonuna aparmaq üçün yola düşdüklərini, ondan başqa Fikrət adlı sürücünün də “Ateko” markalı avtomobilinə də heyvan yüklədiklərini, həmin gün saat 15 radələrində Kəlbəcər rayonu Taxtadüzü yaylağında Rəşidin obasına çatdıqlarını, avtomobildə olan heyvanları boşaldan zaman həmin yerdən təxminən yüz metr kənarda atın üzərində sonradan adını bildiyi Polad adlı şəxsin heyvanların qarşısına çıxıb heyvanları hürküdərək kənar yerə dağıtdığını, həmin vaxt Rəşidin onun qabağına çıxıb “sən kimsən ki, mənim heyvanlarımı qovursan” dediyini, bu zaman Poladın Rəşidə “bura mənim yerimdir sən bura heyvan gətirə bilməzsən” dediyini, Rəşidlə Polad arasında yalnız sözlü mübahisə olduğunu, bundan sonra isə Poladın oradan uzaqlaşıb getdiyini, həmin vaxt Polad ilə Rəşid arasında münaqişənin yalnız sözlü şəkildə olduğunu, Rəşidin Poladı vurmadığını və ona xəsarət yetirmədiyini, əmin vaxt Polad və Rəşid arasında münaqişə olsa da, Rəşidin Polada qarşı zor tətbiq etmədiyini və xəsarət yetirmədiyini, həmin vaxt Kərəm adlı şəxs orada olsa da, Əjdər adlı şəxsin orada olmadığını, Rəşidin həmin vaxt heyvanları bir yerə yığmaq üçün əlində ağac parçası tutduğunu, münaqişə zamanı isə Rəşidin nə həmin ağac parçası ilə, nə də başqa formada Poladı vurmadığını bildirmişdir. Məhkəmə icraatı zamanı proses iştirakçılarının razılığı ilə Kəlbəcər Rayon Polis Şöbəsinin İstintaq qrupunun icraatında olmuş ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq zamanı dindirilmiş digər şahidlərin 16 avqust 2024-cü il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarda əks olunmuş ifadələri elan edilmişdir: -Şahid qismində ibtidai istintaq zamanı dindirilmiş X3 ifadəsində özünə məxsus xırdabunuzlu heyvan təsərrüfatının olduğunu, həmin təsərrüfatı Kəlbəcər rayonundakı Taxtadüzü adlanan yaylağa apardığını, orada “K35” adlanan yay otlaq sahəsində təsərrüfatla məşğul olduğunu, həmin ərazidə Nurəhməd Mamedov və Zərərçəkmiş şəxs adlı həmyerlilərinin də təsərrüfatlarının olduğunu, Şəxs adlı fermerin isə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ona ayrılmış torpaq sahəsində təsərrüfatla məşğul olmaq əvəzinə Nurəhməd Mamedovun torpaq sahəsində qanunsuz təsərrüfatla məşğul olduğunu və iradlara qulaq asmayaraq oradan çıxmadığını, həmçinin Şəxs heyvanlarını ona məxsus torpaq sahəsinə də gətirərək torpaq sahəsində otardığını, 29 may 2024-cü il tarixdə saat 15 radələrində Kəlbəcər rayonunun Taxtadüzü yaylağında olarkən Şəxs Zərərçəkmiş şəxsla münaqişə etdiyini gördüyünü, həmin vaxt orada Rəşidin qohumunun da olduğunu, onların yanına yaxınlaşanda Rəşidin Poladın yaxasından tutub əli ilə boğazını sıxdığını gördüyünü, onların yanına çatanda orada qonşuluqda yaşayan Qələndər adlı həmyerlisinin də olduğunu, Qələndərlə birlikdə onları aralamağa başladıqlarını, həmin vaxt Rəşidin əli ilə Poladın sinə və əlində olan ağac parçası ilə isə qol nahiyəsinə zərbələr vurduğunu, bundan sonra onları araladıqlarını, bir müddət sonra Poladın həmin ərazidən uzaqlaşaraq öz heyvanlarının ardınca getdiyini, həmin vaxt Şəxs əlində ağacla Polada məxsus avtomobilin yanına gəldiyini və avtomobilin qabaq hissəsinə bir neçə dəfə ağacla vurduğunu gördüyünü, həmin vaxt Rəşidin onu gördüyünü, bundan sonra Polada telefonla zəng edib Rəşidin avtomobili zədələdiyini dediyini bildirmişdir. Kərəm Abdullayev ona verilmiş suallara cavab olaraq qeyd etdi ki, X9 məxsus torpaq sahəsində özünə çadır quraşdırmış, bir neçə dəfə heyvanlarını ona məxsus torpaq sahəmdə otarmış, ona irad bildirdikdə isə sözlə ölümlə hədələmişdir. -Şahid qismində ibtidai istintaq zamanı dindirilmiş X4 ifadəsində özünə məxsus xırdabunuzlu heyvan təsərrüfatının olduğunu, həmin təsərrüfatı Kəlbəcər rayon Taxtadüzü adlanan yaylağa apardığını və orada “K35” adlanan yay otlaq sahəsində təsərrüfatla məşğul olduğunu, Şəxs və Zərərçəkmiş şəxs Kəlbəcər rayonu ərazisindəki Taxtadüzü yaylağında heyvandarlıq təsərrüfatı ilə məşğul olduqlarını və obalarının onun obası ilə qonşuluqda yerləşdiyini, onlar arasında uzun müddətdir ki, torpaq sahəsi ilə bağlı mübahisələr olduğunu, 29 may 2024-cü il tarixdə saat 15 radələrində yaylaqda gəzən zaman Poladın obasının yaxınlığında insanların toplaşdığını gördüyünü, oraya nəzər salan zaman Poladla Rəşidin əlbəyaxa olmalarını gördüyünü, dərhal oraya yaxınlaşdığını, həmin vaxt Şəxs əlində ağac parçası olduğunu və Rəşidin həmin ağacı yuxarı qaldıraraq Polada zərbə vurmaq istədiyini, onların yanına yaxınlaşdıqda orada həmyerlisı Kərəmin də olduğunu gördüyünü, Rəşidlə Poladı bir-birilərindən araladıqlarını, Poladla Rəşid arasında mübahisənin olduğunu gördükdə təxminən iki yüz metr aralıda olduğunu və onların yanına çatana qədər mübahisənin davam etdiyini, Rəşidin əlində ağacın olmasını və Poladı vurmaq üçün qaldırmasını görsə də, kankret olaraq Polada zərbə vurmasını görmədiyini, izahat verən zaman fikrini düzgün ifadə edə bilmədiyini, orada qarışıqlıq olduğundan Rəşidin Poladı vurmasını zənn etdiyini, Rəşidin əlində olan ağacı qaldıraraq Poladı vurmaq istəməsini görsə də, qarışıqlıq olduğundan konkret olaraq Rəşidin Poladı vurmasını görmədiyini bildirmişdir. -Şahid qismində ibtidai istintaq zamanı dindirilmiş X12 ifadəsində Kəlbəcər rayonunun Taxtadüzü yaylağında heyvandarlıq təsərrüfatı ilə məşğul olduğunu, Şəxs və Zərərçəkmiş şəxs tanıdığını və həmin şəxslərin də Kəlbəcər rayonunun Taxtadüzü yaylağında heyvandarlıq təsərrüfatı ilə məşğul olduqlarını, onların obaları ilə öz obası arasında olan məsafənin təxminən 1 (bir) kilometr olduğunu, Rəşidlə Polad arasında torpaq üstündə mübahisə olduğundan məlumatının olduğunu, 29 may 2024-cü il tarixdə saat 15 radələrində yaylaq sahəsində Elman adlı həmyerlisinin avtomobilində yoldan keçən zaman təxminən üç yüz metr məsafədə Poladın obası olan ərazidə insanların yığışdığını görüb avtomobili dayandırdığını, həmin istiqamətə diqqətlə baxan zaman Rəşid və tanımadığı bir neçə nəfər şəxsin Poladla əlbəyaxa olduqlarını gördüyünü, həmin vaxt Rəşidin əlində olan ağacla Poladı vurduğunu, bir neçə dəqiqə sonra isə orada olan şəxslərin Rəşidlə Poladı araladıqlarını, Rəşidin əlində olan ağacla Poladı vurduğunu gördüyünü, başqa şəxsin Poladı vurduğunu görmədiyini, həmin vaxt avtomobillə yoldan keçdiyini, mübahisənin olduğunu görüb dayandıqdan sonra münaqişənin təxminən beş-on dəqiqə davam etdiyini gördüyünü, daha sonra isə aradıqlarını bildirmişdir. -Şahid qismində ibtidai istintaq zamanı dindirilmiş X7 ifadəsində özünə məxsus “Ateko” markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobillə yük daşınması ilə məşğul olduğunu, Şəxs onun qaynatası olduğunu, 29 may 2024-cü il tarixdə Rəşidin Goranboy rayonunda olan heyvanlarını səhər saatlarında oradan “Ateko”ya yükləyib Kəlbəcər rayonuna aparmaq üçün yola düşdüklərini, ondan başqa Fikrət adlı sürücü tanışının “Ateko” markalı avtomobilinə də heyvan yüklədiklərini, həmin gün saat 15 radələrində Kəlbəcər rayonundakı Taxtadüzü yaylağında Rəşidin obasına çatdıqlarını, avtomobildə olan heyvanları boşaldan zaman həmin yerdən təxminən yüz metr kənarda olan atın üzərində sonradan adını bildiyi Polad adlı şəxsin heyvanların qarşısına çıxıb onları hürküdərək kənar yerə dağıtdığını, həmin vaxt Rəşidin Poladın qabağına çıxıb “sən kimsən ki, mənim heyvanlarımı qovursan” dediyini, bu zaman Polad “bura mənim yerimdir, sən bura heyvan gətirə bilməzsən” dediyini, Rəşidlə Poladın arasında sözlü mübahisə olduğunu, həmin vaxt orada Tamerlan, Dağıstan və Fikrətin də olduğunu, bir neçə dəqiqə sonra kənardan yaşlı orta boylu bir şəxsin də gəlib “yaşlı adamlarsız, sizə yaraşmır mübahisə etmək” dediyini, bundan sonra isə Poladın oradan uzaqlaşıb getdiyini, həmin vaxt Poladla Rəşid arasında münaqişənin yalnız sözlü şəkildə olduğunu, Rəşidin Poladı vurmadığını və Rəşidə xəsarət yetirmədiyini, Kərəm və Əjdər adlı şəxslərin yalan danışdığını, həmin vaxt Polad və Rəşid arasında münaqişə olsa da, Rəşidin Polada qarşı zor tətbiq etmədiyini və xəsarət yetirmədiyini, həmin vaxt Kərəm adlı şəxs orada olsa da, Əjdər adlı şəxsin orada olmadığını, Rəşidin həmin vaxt heyvanları bir yerə yığmaq üçün əlində ağac parçası tutduğunu, münaqişə zamanı isə Rəşidin nə həmin ağac parçası ilə, nə də başqa formada Poladı vurmadığını bildirmişdir. -Şahid qismində ibtidai istintaq zamanı dindirilmiş X2 ifadəsində əri X5 44 günlük Vətən müharibəsində şəhid olduğunu, əri Vüsal rəhmətə getdikdən sonra heyvandarlıq təsərrüfatı ilə dolandığını, atası Şəxs 2024-cü ilin yaylaq mövsümü ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyindən alınmış icazə əsasında Kəlbəcər rayonunun Taxtadüzü yaylağına heyvanları apardığını, atası Rəşidin təsərrüfatında köməkçi kimi qeydiyyatdan keçdiyini, həmin ərazidə fermer təsərrüfatı ilə məşğul olan Nurəhməd Mamedov və Zərərçəkmiş şəxsla atası Şəxs arasında torpaq üstündə mübahisə olduğunu, 2023-cü ildə də həmin ərazidə onların (atasının) təsərrüfatının yerləşdiyini və orada qalmaq üçün çadırlar quraşdırdıqlarını, 2024-cü ilin may ayında təsərrüfatı yenidən oraya aparan zaman atası Şəxs 2023-cü ildən orada qalmış çadırları quraşdırıldığı taxtaların yandırıldığını gördüyünü, bu barədə bir neçə dəfə Daxili İşlər Nazirliyinin “102 zəng xidməti”nə məlumat verdiyini, Nurəhməd Mamedovun qohumlarının Nurəhmədin həmin ərazilərdə olan şəxslərdən pul alması və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına verməsini dediklərini, həmin səsyazısını gələcəkdə təqdim edəcəyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiya) 125-ci maddəsinin 7-ci hissəsində bəyan edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin 3-cü hissəsində bəyan edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Konstitusiyanın 72-ci maddəsinin: İ hissəsinə əsasən, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır, hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər; İİ hissəsinə əsasən, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İnzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir, bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. -8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. -8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. -12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -75.0.-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. -53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən-təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməlidir. Belə ki, iş materiallarından və məhkəmə iclasında verilən izahatlardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 29 may 2024-cü il tarixdə Kəlbəcər rayonu ərazisində Zərərçəkmiş şəxs döyməsi halı mötəbər sübutlarla təsdiq olunmamışdır. İnzibati xəta haqqında icraatı başlamış orqan məhkəməyə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyini təsdiq edən mötəbər sübutları təqdim etməmişdir; məhkəmə iclasında tədqiq olunmuş sübutlar, o cümlədən izahatlar Şəxs təqsirli olmasını sübut etmir (tədqiq olunan sübutlar bir-birinə tam uyğun gəlmir). Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Bundan başqa, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, birinci dərəcəli əlil olan altmış iki yaşlı Şəxs otuz altı yaşında sağlam şəxsi döyməsinin fiziki baxımdan mümkünlüyünün müəyyənləşdirilməsi üçün məhkəməyəqədərki icraat orqanı Şəxs üzərində hər hansı məhkəmə-tibbi ekspertizasının keçirilməsi də iş materiallarında görünmür. Beləliklə, məhkəmə icraatı zamanı Şəxs Zərərçəkmiş şəxs döyməsi sübuta yetirilmədiyindən, Şəxs barəsində aparılan inzibati xəta haqqında hazırki iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən-təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.4 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında hazırki işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən-inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar