Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-181/2023 04.11.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs, İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs-Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X2 iştirakları ilə, xx xxxxxx 1960-cı ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Milli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, orta təhsilli, işləməyən, Bərdə rayonunun Qarağacı kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, Bərdə rayonunun Qaradağlı kəndində faktiki yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra: İnzibati Xətalar Məcəlləsi) 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və toplanmış digər materiallar baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Materiala daxil edilmiş, Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X4 tərəfindən tərtib edilmiş 04 noyabr 2023-cü il tarixli “MN № 1423020” saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs 03 noyabr 2023-cü il tarixdə Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Materiala daxil edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin məsul növbətçisi, polis mayoru Babək Allahverdiyev tərəfindən tərtib edilmiş və Kəlbəcər Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış yazılı raportda göstərilir: “Tovuz Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X1 Rayon Polis Şöbəsinin növbətçi hissəsinə məlumat verərək, 03 noyabr 2023-cü il tarixdə saat 16:00 radələrində X7, Şəxs, X8 və X3 müvafiq icazələri olmadığı halda Kəlbəcər rayonu ərazisində olduqlarını müəyyən etdiklərini bildirmişdir” (raportverən həmin məlumatın araşdırılması üçün müvafiq əməkdaşa göstəriş verilməsini rəisdən xahiş edir). İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs- Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X4 məhkəmə iclasında bildirmişdir ki, Şəxs 03 noyabr 2023-cü il tarixdə xüsusi icazə olmadan Kəlbəcər rayonu ərazisinə keçmiş və orada polisin qanuni tələbinə tabe olmamışdır. Şəxs 03 noyabr 2023-cü il tarixdə qanunsuz yolla, yəni, bunun üçün xüsusi icazə sənədi almadan, nəzarət postlarından yayınaraq özbaşına Kəlbəcər rayonu ərazisinə (səfər üçün xüsusi icazə alınması tələb olunan əraziyə) getmiş, həmin gün Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisində xidmətdə olan Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq sənədləri yoxlanılarkən mühafizə olunan əraziyə icazəsiz daxil olduğu aşkar edilmiş, bununla da ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. O, tərtib etmiş olduğu 03 noyabr 2023-cü il tarixli “MN № 1423020” saylı inzibati xəta haqqında protokolu qanuni və əsaslı hesab edir. İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli şəxs- X4 əlavə olaraq onu da bildirmişdir ki, aşkar edilmiş inzibati xəta hadisəsi barədə raportla Kəlbəcər Rayon Polis Şöbəsinin rəisinə müraciət etmiş olan polis əməkdaşı- Kəlbəcər Rayon Polis Şöbəsinin məsul növbətçisi, polis mayoru Babək Allahverdiyev və hadisənin şahidləri olan digər polis əməkdaşları hal-hazırda Kəlbəcər rayonu ərazisində xidmətdə olduqlarından, həmin şəxslərin hazırki halda şahid qismində dəvət edilmələri mümkün deyildir. Bundan başqa, baş vermiş inzibati xəta hadisəsinin detalları ilə bağlı hər hansı video və audio yazılar mövcud deyildir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, 03 noyabr 2023-cü il tarixdə Kəlbəcər rayonunun işğaldan azad edilən ərazilərinə getmək qərarına gəlmiş və Kəlbəcər rayonu ərazisinə daxil olduqdan sonra polis əməkdaşları onu saxlayıb Kəlbəcər rayonuna keçmək üçün xüsusi icazəsinin olub-olmadığını soruşmuşdur. Onun Kəlbəcər rayonuna keçmək üçün xüsusi icazəsi olmuş, lakin icazənin vaxtının bitməsindən xəbəri olmamışdır. Bundan sonra polislər onu Kəlbəcər Rayon Polis Şöbəsinə aparmışlar. O, polis tərəfindən saxlanılarkən tabesizlik göstərməmiş və qanunsuz hərəkətlərə yol verməmişdir. Polis əməkdaşlarının bütün tələblərinə tabe olmuşdur. Kəlbəcər rayon ərazisinə getməkdə məqsədi yalnız işğaldan azad olunmuş yerləri görmək olmuşdur, lakin səfər üçün xüsusi icazəsinin vaxtının bitməsindən xəbəri olmamışdır. Barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiya) 125-ci maddəsinin 7-ci hissəsində bəyan edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin 3-cü hissəsində bəyan edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir, bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. -8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. -8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. -12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -75.0.-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallarımüəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. -53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən-təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməlidir. Belə ki, iş materiallarından və məhkəmə iclasında verilən izahatlardan Şəxs polisin və ictimai qaydanın mühafizəsi vəzifəsini icra edən hərbi qulluqçunun hər hansı qanuni tələbinə tabe olmaması halı məhkəmə icraatı zamanı öz təsdiqini tapmamışdır. İnzibati xəta haqqında icraatı başlamış orqan məhkəməyə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyini təsdiq edən mötəbər sübutlar, o cümlədən şahidlər və video-audio yazılar təqdim etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.4 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə aparılan hazırki inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən-inzibati xəta əməlinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-181/2023
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-181/2023
04.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver