Məhkəmə qərarları › İş №3(040)-188/2024

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-188/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-188/2024 07.11.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, Şikayət verən (barəsində inzibati tənbehvermə haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs)- "xxxx" MMC-nin direktoru X3 vəkili Vəkil və İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqan-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin nümayəndəsi (Gəncə-Daşkəsən regional şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi) Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin rəis müavini Orxan Hüseynzadənin 18 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati tənbehvermə haqqında qərarından X14 (barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş şəxs) tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: "xxxx" MMC-nin direktoru (vəzifəli şəxs) X8 (04 dekabr 1957-ci ildə Kəlbəcər rayonunun Çaykənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:2RFT2HM, Kəlbəcər rayonunun Çaykənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) Kəlbəcər Rayon Məhkəməsinə yazılı müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin (bundan sonra-X18 Xidmətinin) rəis müavini tərəfindən onun barəsində qəbul edilmiş 18 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X18 Xidmətinin 18 iyul 2024-cü il tarixli MN ******* nömrəli qərarı ilə, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İnzibati Xətalar Məcəlləsi) 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat məbləğdə cərimə edilmişdir. Hesab edir ki, barəsində çıxarılmış həmin qərar tam əsassız olduğundan məhkəmə tərəfindən ləğv edilməlidir. Belə ki, hazırki icraatdan əvvəl X18 Xidməti hüquqi şəxs "xxxx" MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə protokol tərtib edərək baxılması üçün məhkəməyə (Gəncə Şəhər Məhkəməsinə-hakimin qeydi) göndərmiş, Gəncə Şəhər Məhkəməsinin iş üzrə 01 avqust 2024-cü il tarixli 3(125)-2285/2024 saylı qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Gəncə Şəhər Məhkəməsinin həmin qərarından narazı qalan X18 Xidməti qərardan apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin həmin iş üzrə 18 sentyabr 2024-cü il tarixli 3(104)-482/2024 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Gəncə Şəhər Məhkəməsinin iş üzrə 01 avqust 2024-cü il tarixli 3(125)-2285/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır-bununla da iş üzrə qərar qanuni qüvvəsini almışdır. İstinad olunan əvvəlki inzibati xəta haqqında işə baxılarkən inzibati orqan məhkəməyə heç bir sübut təqdim etməmişdir. Hesab edir ki, istinad olunan əvvəlki inzibati xəta haqqında iş hazırki işlə eyni məzmunlu olduğundan, hazırki inzibati xəta haqqında işin icraatına da xitam verilməlidir (Şikayətini həmçinin İnzibati Xətalar Məcəlləsinin 2, 3, 8, 12, 57, 76, 84, 110, 128.1, 128.2, 135.1 və 135.2-ci maddələri ilə əsaslandırılmışdır). Şikayətə əlavə olumuş yazılı vəsatətdə şikayətə İnzibati Xətalar Məcəlləsinin 110.1ci maddəsinə əsasən şikayətverən vəzifəli şəxsin yaşayış yeri üzrə-Kəlbəcər Rayon Məhkəməsində baxılması xahiş olunmuşdur. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarını rəhbər tutaraq şikayətin Kəlbəcər Rayon Məhkəməsində baxılmasını mümkün hesab etmişdir. 18 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət məhkəməyə 07 oktyabr 2024-cü il tarixdə daxil olmuş və prosessual zərurətlə bağlı 17 oktyabr, 28 oktyabr və 07 noyabr 2024-cü il tarixlərə təxirə salınmışdır. Şikayət verən (barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş vəzifəli şəxs)- X3 vəkili Vəkil məhkəmə iclasında şikayəti hüquqi tərəfdən müdafiə edərək bildirmişdir ki, X18 Xidmətinin rəis müavini Orxan Hüseynzadə tərəfindən "xxxx" MMC-nin direktoru X8 barəsində qəbul edilmiş “İnzibati təhbəh vermə haqqında” 18 iyul 2024-cü il tarixli MN ******* nömrəli qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, X18 Xidmətinin 18 iyul 2024-cü il tarixli MN 12292093 nömrəli qərarı ilə "xxxx" MMC-nin direktoru X8 vəzifəli şəxs olaraq İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat məbləğdə cərimə edilmişdir. "xxxx" MMCnin direktoru X3 vəkili olaraq hesab edir ki, Məhərrəm Ömrümov barəsində çıxarılmış həmin qərar tam əsassızdır. Belə ki, hazırki icraatdan əvvəl X18 Xidməti hüquqi şəxs "xxxx" MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edərək baxılması üçün məhkəməyə (Gəncə Şəhər Məhkəməsinə-hakimin qeydi) göndərmiş, Gəncə Şəhər Məhkəməsinin iş üzrə 01 avqust 2024-cü il tarixli 3(125)- 2285/2024 saylı qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Gəncə Şəhər Məhkəməsinin həmin qərarından narazı qalan X18 Xidməti qərardan apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin həmin iş üzrə 18 sentyabr 2024-cü il tarixli 3(104)- 482/2024 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Gəncə Şəhər Məhkəməsinin iş üzrə 01 avqust 2024-cü il tarixli 3(125)-2285/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır-bununla da iş üzrə qərar qanuni qüvvəsini almışdır. İstinad olunan əvvəlki inzibati xəta haqqında işə baxılarkən inzibati orqan məhkəməyə heç bir sübut təqdim etməmişdir. Hesab edir ki, istinad olunan əvvəlki inzibati xəta haqqında iş hazırki işlə eyni məzmunlu olduğundan, hazırki inzibati xəta haqqında işin icraatına da xitam verilməlidir. İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi- X18 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin baş məsləhətçisi-baş əmək müfəttişi Nümayəndə məhkəmə iclasında şikayəti qəbul etməyərək və onun dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmiş, X14 barəsində qəbul edilmiş 18 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı hesab etdiyini bildirmişdir. İş materiallarında olan: X18 Xidmətinin əmək müfəttişi X20 tərəfindən "xxxx" MMCnin direktoru X3 barəsində tərtib edilmiş 03 iyul 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən olunmuşdur ki, işğaldan azad olunmuş ərazilərə giriş icazələri alınmış X21 14 may 2024-cü il tarixdən 01 avqust 2024-cü il tarixədək, X17 29 iyun 2024-cü il tarixdən 01 avqust 2024-cü il tarixədək, X9 25 iyun 2024-cü il tarixdən 01 avqust 2024-cü il tarixədək olan müddət ərzində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən "xxxx" MMC-nin direktoru X8 tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər; bununla da "xxxx" MMCnin direktoru X1 Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilir. İş materiallarında olan: X18 Xidmətinin rəis müavini X11 tərəfindən "xxxx" MMC-nin direktoru X3 barəsində qəbul edilmiş 18 iyul 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbehvermə haqqında qərarın surətindən görünür ki, "xxxx" MMC-nin direktoru X2 Samir Həmid oğlunu 14 may 2024-cü il tarixdən 01 avqust 2024-cü il tarixədək, X12 29 iyun 2024-cü il tarixdən 01 avqust 2024-cü il tarixədək, X6 25 iyun 2024-cü il tarixdən 01 avqust 2024-cü il tarixədək olan müddət ərzində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməkdə və bununla da İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 (üç min) manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan: Gəncə Apellyasiya Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli 3(104)-482/2024 saylı qərarının surətindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 01 avqust 2024-cü il tarixli 3(125)-2585/2024 saylı qərarı ilə "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında işin icraatına xitam verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli 3(104)-482/2024 saylı qərarı ilə Gəncə Şəhər Məhkəməsinin 01 avqust 2024-cü il tarixli 3(125)-2585/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli 3(104)-482/2024 saylı qərarından həmçinin görünür ki, məhkəmə araşdırması zamanı hüquqi şəxs "xxxx" MMC tərəfindən X13, X10 və X4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının: -60-cı maddəsinin: birinci (İ) hissəsində bəyan edilir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; ikinci (İİ) hissəsində bəyan edilir ki, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; üçüncü (İİİ) hissəsində bəyan edilir ki, hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; dördüncü (İV) hissəsində bəyan edilir ki, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. -125-ci maddəsinin yeddinci (Vİİ) hissəsində bəyan edilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. -127-ci maddəsinin dördüncü (İV) hissəsində bəyan edilir ki, ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. -129-cu maddəsinin üçüncü (İİİ) hissəsində bəyan edilir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Əmək Məcəlləsinin: -7-ci maddəsinin: 1-ci hissəsinə əsasən, işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir; -2ci hissəsinin 12 avqust 2024-cü il tarixədək (o cümlədən inzibati orqan tərəfindən iddia olunan əmək münasibətlərinin mövcud olduğu dövrdə) qüvvədə olmuş mətninə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. -8-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə — illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. -8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. -17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. -31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. -53.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. -53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. -75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -81-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından istifadə edilir. -81-1.2-cı maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatları inzibati xəta haqqında elektron protokolda və ya inzibati tənbeh vermə haqqında elektron qərarda qeyd edilir. -84.1-cı maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. -84.2-cı maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. -134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. -134.2-ci maddəsinə əsasən, şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. -135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. -192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 20 oktyabr 2023-cü il tarixli qərarının nəticə hissəsinin 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olub-olmaması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, şikayət verən (barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş vəzifəli şəxs)-"xxxx" MMC-nin direktoru X3 İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi, o cümlədən X15, X12 və X6 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etməsi sübuta yetirilmir. Ona görə də "xxxx" MMC-nin direktoru X3 şikayəti təmin edilməli, X18 Xidmətinin rəis müavini Orxan Hüseynzadə tərəfindən X8 barəsində qəbul edilmiş 18 iyul 2024-cü il tarixli “MN 1292093” saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan hazırki inzibati xəta haqqında işin icraatına İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən- X3 təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115.1, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: "xxxx" MMC-nin direktoru X3 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin rəis müavini Orxan Hüseynzadə tərəfindən X8 barəsində qəbul edilmiş 18 iyul 2024-cü il tarixli “MN 1292093” saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında hazırki işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən- vəzifəli şəxs X3 təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar