Məhkəmə qərarları › İş №3(040)-200/2023

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-200/2023

18.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-200/2023 18.11.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmişova Arzu Ramiz qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs-Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis leytenantı X4 iştirakları ilə, xx xxxxxxx 1964-cü ildə Azərbaycan Respublikasının Ağdərə rayonunun Çərəktar kəndində doğulmuş, Azərbaycan Рespublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, orta təhsilli, Azərbaycan Milli Elmlər X1 institunda ərazi gözətçisi işləyən, Kəlbəcər rayonunun Çərəktar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, Tərtər rayonunun Şıxarx kəndində məskunlaşan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İnzibati Xətalar Məcəlləsi) 535.1-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı inzibati xəta haqqında işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində tərtib olunmuş material (inzibati xəta haqqında protokol və digər sənədlər) baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis leytenantı X8 tərəfindən tərtib edilmiş 18 noyabr 2023-cü il tarixli “MN № 1423037” saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs 18 noyabr 2023-cü il tarixdə Kəlbəcər rayonu ərazisində polisin qanuni tələblərinə tabe olmamışdırbununla da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Materiala əlavə edilmiş: Samux Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı Sabit Quliyev tərəfindən tərtib edilmiş və Kəlbəcər Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış yazılı raportda göstərilir ki, 17 noyabr 2023-cü il tarixdə saat 16:45 radələrində Kəlbəcər rayonu Heyvalı kəndində polis nəfəri, polis baş serjantı Vasif Bayramovla birlikdə xidmətdə olarkən iki nəfər atlı şəxsi saxlayıb onlara yaxınlaşmışlar. Adları sonradan məlum olan Şəxs və X2 özlərini təqdim etməkdən imtina edib mübahisə yaradaraq onlara tabe olmaqdan imtina etmişlər. Onlar həmin şəxsləri nizam-intizama dəvət edib sənədlərini yoxlayarkən məlum olmuşdur ki, onların işğaldan azad olunmuş ərazilərə xüsusi buraxılış icazələri yoxdur. Buna görə də həmin şəxsləri Kəlbəcər Rayon Polis Şöbəsinə təhvil vermişlər. (raportverən həmin məlumatın araşdırılması üçün müvafiq əməkdaşa göstəriş verilməsini rəisdən xahiş edir). İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs- Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis leytenantı X8 məhkəmə iclasında bildirmişdir ki, Şəxs 17 noyabr 2023-cü il tarixdə digər şəxs X2 ilə birlikdə xüsusi icazə olmadan Kəlbəcər rayonu ərazisinə keçmiş və orada ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs 17 noyabr 2023-cü il tarixdə qanunsuz yolla, yəni, bunun üçün xüsusi icazə sənədi almadan, nəzarət postlarından yayınaraq özbaşına Kəlbəcər rayonu ərazisinə (səfər üçün xüsusi icazə alınması tələb olunan əraziyə) getmiş, həmin gün Kəlbəcər rayonunun Heyvalı kəndi ərazisində xidmətdə olan Samux Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı Sabit Quliyev və polis nəfəri Vasif Bayramov tərəfindən saxlanılarkən özlərini və sənədlərini təqdim etməkdən imtina edərək tabesizlik göstərmiş, sonradan sənədləri yoxlanılarkən mühafizə olunan əraziyə icazəsiz daxil olduğu aşkar edilmişdir; bununla da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. O, tərtib etdiyi 18 noyabr 2023-cü il tarixli “MN № 1423037” saylı inzibati xəta haqqında protokolu qanuni və əsaslı hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, 17 noyabr 2023-cü il tarixdə X2 ilə birlikdə Kəlbəcər rayonunun işğaldan azad edilən ərazilərinə getmək qərarına gəlmiş, öz ata-baba yurdu olan Çərəktar kəndini görmək istəmiş, keçmiş Ağdərə rayonu (hazırda Kəlbəcər rayonu) ərazisinə daxil olduqdan sonra polis əməkdaşları onu saxlayıb Kəlbəcər rayonuna keçmək üçün xüsusi icazəsinin olub-olmadığını soruşmuşdur. Onun Kəlbəcər rayonuna keçmək üçün xüsusi icazəsi olmamışdır. Bu zaman onun üzərində sənədləri olmadığından özünü təqdim etməkdən imtina etmiş, polis əməkdaşları ilə aralarında sözlü mübahisə olmuşdur. Bundan sonra polislər onu və X3 Rayon Polis Şöbəsinə aparmışlar. Hazırda, o, polisin qanuni tələbinə tabe olmamasına və polislə kobud davranmasına peşmandır. Polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqda özünü təqsirli bilir. Barəsində yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş edir. Şahid qismində məhkəmə iclasında dindirilən Samux Rayon Polis Şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı X5 izahatında bildirmişdir ki, Şəxs xüsusi icazəsi olmadan Kəlbəcər rayonu ərazisinə daxil olmuş, sənədləri yoxlanılmaq üçün polis əməkdaşları tərəfindən saxlanılarkən özünü və sənədlərini təqdim etməkdən imtina edərək onlarla mübahisə etmişdir. O, baş vermiş hadisə ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsinin rəisinin ünvanına yazılı raport tərtib edərək göndərmişdir. Şahid qismində məhkəmə iclasında dinlənilən Samux Rayon Polis Şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı X6 digər şahid X5 ilə eyni məzmunda izahat vermiş və raportda yazılanları təsdiq etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin: İ hissəsinə əsasən, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır; hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər; İİ hissəsinə əsasən, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir; İİİ hissəsinə əsasən, qanunu bilməmək məsuliyyətdən azad etmir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin: İ hissəsinə əsasən, polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir; İİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər; İİİ hissəsinə əsasən, polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. “İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli Fərmanının 1-ci və 2-ci bəndlərində Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların yaradılması, müvafiq ərazilərin müvəqqəti komendantlarının təyin edilməsi və müvəqqəti komendantlıqların fəaliyyətinin təşkil edilməsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilməsi, 8-ci bəndində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə işğaldan azad olunmuş ərazilərdə giriş-çıxışın xüsusi rejiminin tətbiqinin təmin edilməsi tapşırılmışdır. Məhkəmə baxışı nəticəsində təsdiq edilir ki, Şəxs 17 noyabr 2023-cü il tarixdə bunun üçün xüsusi icazə alınması tələb edildiyi halda xüsusi icazə olmadan xüsusi girişçıxış rejimi olan əraziyə- Kəlbəcər rayonu ərazisinə özbaşına keçmiş, 17 noyabr 2023-cü il tarixdə Kəlbəcər rayonunun Heyvalı kəndi ərazisində xidmətdə olan Samux Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfərləri - polis baş serjantı Sabit Quliyev və Vasif Bayramov tərəfindən saxlanılaraq sənədləri yoxlanılarkən özünü təqdim etməkdən imtina etmiş, ictimai qaydanı mühafizə vəzifələrini icra edən polisin qanuni tələbinə tabe olmamış, bununla da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi özünün etirafedici izahatı və digər iş materialları ilə tam təsdiq edilir. Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hal- törətdiyi əməldən səmimi peşman olmasıdır, iş üzrə məsuliyyəti ağırlaşdıran hal- yoxdur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, iş üzrə məsuliyyətini yüngülləşdirən halın olmasını, məsuliyyətini ağırlaşdıran halın müəyyən edilməməsini, törətmiş olduğu xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin tətbiq olunmasını qanuni və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.1 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və (və ya) protest verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar