Məhkəmə qərarları › İş №3(040)-208/2023

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-208/2023

28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-208/2023 28.11.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs, İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs-Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis leytenantı X1 iştirakları ilə, 25 avqust 1987-ci ildə Azərbaycan Respublikasının Goranboy rayonunun Gürzallar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, ali təhsilli, Goranboy rayon Veyisli kənd tam orta məktəbində “gənclərin çağırışaqədərki hərbi hazırlıği” fənni üzrə müəllim işləyən, Goranboy rayonunun Gürzallar kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, Goranboy rayonu, Goranboy şəhəri, Vüqar Bayramov küçəsi, bina 1, mənzil 12-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra: İnzibati Xətalar Məcəlləsi) 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və toplanmış digər materiallar baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Materiala daxil edilmiş, Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis leytenantı X3 tərəfindən tərtib edilmiş 28 noyabr 2023-cü il tarixli “MN № 1423042” saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs 28 noyabr 2023-cü il tarixdə Kəlbəcər rayonunun Həsənriz kəndi ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Materiala daxil edilmiş: Daxili İşlər Nazirliyi Daxili Qoşunların baş əsgəri X4 tərəfindən tərtib edilmiş və Kəlbəcər Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış yazılı raportda göstərilir: “28 noyabr 2023-cü il tarixdə Kəlbəcər rayonunun Həsənriz kəndi ərazisində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri Kamran Bənnayevlə birlikdə xidmətdə olarkən adları onlara məlum olmayan dörd nəfər vətəndaşın kənd ərazisində hərəkət etdiklərini görüb onlara yaxınlaşmış, onlara şəxsiyyət vəsiqələrini təqdim etmələrini bildirmiş, həmin vətəndaşlar isə şəxsiyyət vəsiqələrinin olmadığını bildirmişlər. Həmçinin, həmin şəxslərdən Kəlbəcər rayonu ərazisində nə etdiklərini soruşduqda onlar özlərini qeyri-səmimi apararaq azdıqlarını bildirmişlər. İşğaldan azad olunmuş ərazilərə xüsusi icazələrinin olub-olmadığını müəyyənləşdirmək üçün onları polis əməkdaşlarına təqdim etmək üçün apardıqda həmin vətəndaşlar səslərini yüksəldərək onların qanuni tələblərinə tabe olmamışlar” (raportverən həmin məlumatın araşdırılması üçün müvafiq əməkdaşa göstəriş verilməsini Kəlbəcər Rayon Polis Şöbəsinin rəisindən xahiş edir). İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs- Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis leytenantı X3 məhkəmə iclasında bildirmişdir ki, Şəxs 28 noyabr 2023-cü il tarixdə xüsusi icazə olmadan Kəlbəcər rayonu ərazisinə keçmiş və orada hərbi qulluqçunun qanuni tələbinə tabe olmamışdır. Belə ki, Şəxs 28 noyabr 2023-cü il tarixdə qanunsuz yolla, yəni, bunun üçün xüsusi icazə sənədi almadan, nəzarət postlarından yayınaraq özbaşına digər üç nəfər şəxslə birlikdə Kəlbəcər rayonu ərazisinə (səfər üçün xüsusi icazə alınması tələb olunan əraziyə) getmiş, həmin gün Kəlbəcər rayonunun Həsənriz kəndi ərazisində xidmətdə olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri Kamran Bənnayev və baş əsgər Səid Dəmirli tərəfindən saxlanılaraq sənədləri yoxlanılarkən mühafizə olunan əraziyə icazəsiz daxil olduğu aşkar edilmiş, bununla da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. O, tərtib etdiyi 28 noyabr 2023-cü il tarixli “MN № 1423042” saylı inzibati xəta haqqında protokolu qanuni və əsaslı hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, 28 noyabr 2023-cü il tarixdə digər üç nəfər şəxslə birlikdə Kəlbəcər rayonunun işğaldan azad edilən ərazilərinə getmək qərarına gəlmiş, Goranboy rayonunun Gülüstan kəndindən keçərək Kəlbəcər rayonu ərazisinə daxil olduqdan sonra hava dumanlı olduğundan və ərazini tanımadıqlarından yolu azaraq başqa istiqamətə gedib çıxmışlar. Həmin gün saat 20:00 radələrində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularına yaxınlaşaraq onlara kömək göstərilməsini xahiş etmiş və onların müraciət etdikləri həmin hərbi qulluqçular da onlara köməklik göstərərək onları polis əməkdaşlarına təhvil vermişlər. Onun Kəlbəcər rayonuna keçmək üçün xüsusi icazəsi olmamışdır. Bundan sonra polislər onu Kəlbəcər Rayon Polis Şöbəsinə aparmışlar. O, polis tərəfindən saxlanılarkən tabesizlik göstərməmiş və qanunsuz hərəkətlərə yol verməmişdir; polis əməkdaşlarının bütün tələblərinə tabe olmuşdur. Kəlbəcər rayon ərazisinə getməkdə məqsədi yalnız işğaldan azad olunmuş yerləri görmək olmuşdur. Lakin hesab edir ki, səfər üçün xüsusi icazə alınması tələb edilən əraziyə icazəsiz getməklə yanlış hərəkət etmiş, hal-hazırda həmin hərəkətindən peşmandır. Lakin polisə tabesizlik göstərmədiyindən, barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Şahid qismində məhkəmə iclasında dindirilən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu, baş əsgər X4 izahatında bildirmişdir ki, Şəxs digər üç nəfərlə birlikdə xüsusi icazəsi olmadan Kəlbəcər rayonu ərazisinə daxil olmuş, yolu azdıqlarını bildirərək onlara yaxınlaşıb kömək istəmişlər. O və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri Kamran Bənnayev həmin şəxsləri Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil vermişlər. O, baş vermiş hadisə ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsinin rəisinin ünvanına yazılı raport tərtib edərək göndərmişdir. Şəxs və onunla birlikdə olan digər şəxslər ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis əməkdaşı və hərbi qulluqçulara qarşı tabesizlik göstərməmiş, bütün qanuni tələbləri icra etmişlər. Şahid qismində məhkəmə iclasında dinlənilən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri X2 digər şahid Səid Dəmirli ilə eyni məzmunda izahat vermişdir. Tətbiq edilməli olan hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiya) 125-ci maddəsinin 7-ci hissəsində bəyan edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin 3-cü hissəsində bəyan edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir, bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. -8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. -8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. -12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -75.0.-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallarımüəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. -53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən-təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməlidir. Belə ki, iş materiallarından və məhkəmə iclasında verilən izahatlardan Şəxs polisin və ictimai qaydanın mühafizəsi vəzifəsini icra edən hərbi qulluqçunun hər hansı qanuni tələbinə tabe olmaması halı məhkəmə icraatı zamanı öz təsdiqini tapmamışdır. İnzibati xəta haqqında icraatı başlamış orqan məhkəməyə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyini təsdiq edən mötəbər sübutlar, o cümlədən video-audio yazılar təqdim etməmişdir. Məhkəmə iclasında izahatları alınan şahid ifadələri Şəxs təqsirli olmasını sübut etmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.4 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə aparılan hazırki inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən-inzibati xətanın örədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar