Məhkəmə qərarları › İş №3(040)-209/2024

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-209/2024

29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-209/2024 29.10.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi-Kəlbəcər Rayon Polis Şöbəsinin Dövlət yol polis bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru X2 iştirakları ilə, xx xxxx 1998-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, ali təhsilli, işləməyən, Xankəndi şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan, Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbə, bina 16, mənzil 8-də məskunlaşan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İnzibati Xətalar Məcəlləsi) 332.1, 332.2 və 334.1-ci maddələri ilə təqsirləndirilməsi ilə bağlı inzibati xəta haqqında işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirləndirilməsi ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində tərtib olunmuş material (inzibati xəta haqqında protokol və digər sənədlər) baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş: Kəlbəcər Rayon Polis X6 xidmətinin baş inspektoru, polis kiçik leytenantı X4 tərəfindən tərtib edilmiş 29 oktyabr 2024-cü il tarixli “İXP № 6654797” saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs 29 oktyabr 2024-cü il tarixdə saat 01:05-də Gəncə şəhəri, Yeni qəsəbə ərazisində İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında iş üzrə material 29 oktyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş, işin baxılması 29 oktyabr 2024-cü il tarixə təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs məhkəmə iclasında verdiyi etirafedici izahatında bildirmişdir ki, o, 28 oktyabr 2024-cü il tarixdə Gəncə şəhərində yerləşən şadlıq evində toy məclisində olmuş, orada spirtli içki qəbul etmişdir. Həmin gün gecə saatlarında, təxmini saat 23:50 radələrində atasına məxsus “Ford Transit” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə və sürücülük vəsiqəsi olmadan idarə edərək yaşadığı Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbə ərazisinə gəlmişdir. Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbə ərazisində dairəvi yoldan çıxarkən “Toyota Prius” markalı avtomobilin onu arxadan vurması nəticəsində qəza baş vermişdir. Daha sonra dövlət yol polisi əməkdaşları hadisə yerinə gəlmişlər. Əraziyə baxış keçirib sərxoşluğu müəyyən etmək üçün onları X1 həkim müayinəsinə aparmışlar. Həkim müayinəsi nəticəsində onun yüngül sərxoşluğunun olması müəyyən edilmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmandır. Bir daha sürücülük vəsiqəsi və etibarnamə olmadan, sərxoş halda avtomobil idarə etməyəcəkdir. Məhkəmədən, onun barəsində ən yüngül inzibati tənbehin - cərimənin tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi- Kəlbəcər Rayon Polis Şöbəsinin Dövlət yol polis bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru X3 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 29 oktyabr 2024-cü il tarixdə saat 00:10 radələrində Şəxs idarə etdiyi “Ford Transit” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə “Toyota Prius” markalı ** XP *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yüngül yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə baş verdikdən sonra dövlət yol polisi əməkdaşları hadisə yerinə gəlmiş, əraziyə baxış keçirmiş, yoxlama zamanı Şəxs sürücülük hüququ və etibarnamə olmadan avtomobil idarə etdiyi məlum olmuş, sərxoşluğu müəyyən etmək üçün sürücüləri X1 həkim müayinəsinə aparmışlar. Həkim müayinəsi nəticəsində Şəxs yüngül dərəcəli sərxoşluğunun olması müəyyən edilmişdir. Bundan sonra Kəlbəcər Rayon Polis X6 xidmətinin baş inspektoru, polis kiçik leytenantı X4 tərəfindən Şəxs barəsində 29 oktyabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim olunmuşdur. O, Kəlbəcər Rayon Polis Şöbəsini təmsil edən vəzifəli şəxs olaraq 29 oktyabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu tam qanuni və əsaslı hesab edir. İş materiallarında olan: Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən 29 oktyabr 2024-cü il tarixdə tərtib olunmuş 4348/2024 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktı”nın surətindən görünür ki, xx xxxx 1998-ci il təvəllüdlü Şəxs 29 oktyabr 2024-cü il tarixdə yüngül dərəcəli alkoqol sərxoşluğunun olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin: birinci hissəsinə əsasən, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır; hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər; ikinci hissəsinə əsasən, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir; üçüncü hissəsinə əsasən, qanunu bilməmək məsuliyyətdən azad etmir. “İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. “İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə baxışı nəticəsində təsdiq edilir ki, Şəxs 29 oktyabr 2024-cü il tarixdə gecə saat 01 radələrində yaşadığı Gəncə şəhərindəki 1500 ailəlik Yeni qəsəbə ərazisində sürücülük hüququ və etibarnamə olmadan, sərxoş vəziyyətdə “Ford Transit yük” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Bununla da İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi inzibati xəta haqqında müvafiq protokol, özünün etirafedici izahatı və digər iş materialları ilə tam təsdiq edilir. Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə- qırx manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə- iki yüz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hal- törətdiyi əməldən səmimi peşman olmasıdır, iş üzrə məsuliyyəti ağırlaşdıran hal-aşkar edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. -34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Мəhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 334.1ci maddələrində nəzərdə tutulan inzibati xəta əməllərini törətməsi onun özünün etirafedici izahatı və digər iş materialları ilə tam sübut olunduğundan, o, İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 334.1-ci maddələri ilə təqsirli bilinməli, İnzibati Xətalar Məcəlləsinin 34.3cü maddəsinə əsasən daha ciddi xətaya-İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulan xətaya görə həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və təqsirinin dərəcəsini, həmçinin iş üzrə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 500 (beş yüz) manat məbləğində cərimə növündə tənbehin tətbiq edilməsini qanuni və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.1 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 334.1-ci maddələri ilə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və (və ya) protest verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar