Məhkəmə qərarları › İş №3(040)-211/2024

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-211/2024

05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-211/2024 05.11.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs-Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru X2 iştirakları ilə, xx xxxx 1986-cı ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, subay, orta təhsilli, işləməyən, Kəlbəcər rayonunun Keşdək kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbə, bina 11, mənzil 46-da məcburi köçkün qismində məskunlaşan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İnzibati Xətalar Məcəlləsi) 510-cu maddəsi ilə təqsirləndirilməsi ilə bağlı inzibati xəta haqqında işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində toplanmış material (inzibati xəta haqqında protokol və digər sənədlər) baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib edilmiş 05 noyabr 2024-cü il tarixli “MN № 2035821” saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs 12 sentyabr 2024-cü il tarixdə ictimai yerdə nalayiq ifadələr işlədərək ətrafdakı insanların istirahətini pozmuşdur- bununla da İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Materiala daxil edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı X1 tərəfindən icraatında olan HK-1/413 nömrəli material üzrə qəbul edilmiş 12 oktyabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs 12 sentyabr 2024-cü il tarixdə saat 02 radələrində Gəncə şəhərindəki 1500 ailəlik Yeni qəsəbədə 11 nömrəli çoxmənzilli binanın qarşısında Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək səs-küy salmışdır. Şəxs əməlində cinayət hadisəsi və tərkibi olmadığından, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, eyni zamanda, Şəxs 12 sentyabr 2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 510 və 521-ci maddələrinin, 22 sentyabr 2024-cü il tarixdə isə həmin Məcəllənin 521-ci maddəsinin tələblərini pozması sübuta yetirildiyindən, barəsində inzibati icraat açılması məsələsinə baxılması, habelə həmin şəxsin nəzarətə götürülməsi, onunla profilaktiki söhbətlərin aparılması, gələcəkdə baş verməsi ehtimal edilən neqativ hadisələrin vaxtında qarşısının alınması üçün qərarın surətinin Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır. Kəlbəcər Rayon Məhkəməsində işin baxılması 05 noyabr 2024-cü il tarixə təyin edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs- Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru X3 məhkəmə iclasında bildirmişdir ki, Şəxs 12 sentyabr 2024-cü il tarixdə gecə saat 02 radələrində əksər əhalinin yuxuda olduğu vaxt Zərərçəkmiş şəxs yaşadığı Gəncə şəhərində 1500 ailəlik Yeni qəsəbədəki 11 nömrəli çoxmənzilli binanın qarşısına gələrək səs-küy salmış, həmin binanın sakini Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə və söyüşlər işlədərək ətrafdakı insanların rahatlığını pozmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 zəng xidməti”nə zəng edərək Şəxs şikayət etmişdir. Kəlbəcər Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı X1 tərəfindən araşdırma aparılmış, Şəxs əməlində cinayət hadisəsi və tərkibi olmadığından, 12 oktyabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərardan da görünür ki, Şəxs 12 sentyabr 2024cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, tərtib etdiyi 05 noyabr 2024-cü il tarixli “MN № 2035821” saylı inzibati xəta haqqında protokolu qanuni və əsaslı hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, 12 sentyabr 2024-cü il tarixdə qonşusu Zərərçəkmiş şəxs qarşı əsəbi olduğundan gecə saat 02 radələrində özünün və Zərərçəkmiş şəxs yaşadığı Gəncə şəhəri 1500 ailəlik Yeni qəsəbədəki 11 saylı çoxmənzilli binanın qarşısında dayanaraq Təranəyə xitabən ucadan qışqırmış, səs-küy salmışdır. Bundan başqa da, onun Təranədən xoşu gəldiyindən Təranəni başqalarına qısqanmış, hamının yanında Təranənin barəsində yalandan şayiələr yaymışdır ki, “Təranəni mən saxlayıram”. Belə ki, Təranənin hər dəfə fərqli avtomobillərdən düşməsi onda qıcıq yaratmışdır. Təranəyə qarşı etdiyi qanunsuz əməldən peşman olmuşdur, Təranədən üzr istəyir, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Şəxs 12 sentyabr 2024-cü il tarixdə gecə saat 02 radələrində onun yaşadığı ünvan 1 ünvanına nalayiq ifadələr işlətmiş, onu hədələmiş, ucadan səs-küy salmış, onun və binada yaşayan insanların rahatlığını pozmuşdur. Ümumiyyətlə, o hara getsə, Şəxs onun arxasınca düşərək onu narahat edir, onun ünvanına nalayiq ifadələr işlədir. Əslində Şəxs ona qarşı qanunsuz hərəkətləri bir neçə ildir davam edir, məhkəmə iclasındakı üzrxahlığı da aydın göründü ki, səmimi deyildi. Hazırda Şəxs şikayətçidir, Şəxs barəsində ən sərt tədbir görülməsini xahiş edir. Məhkəmə araşdırması nəticəsində təsdiq edilmişdir ki, Şəxs 12 sentyabr 2024cü il tarixdə saat 02 radələrində Gəncə şəhərində 1500 ailəlik Yeni qəsəbədə yerləşən 11 nömrəli çoxmənzilli binanın qarşısında ictimai qaydanı pozaraq əsassız səs-küy salmış, qəsəbə sakini Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək Zərərçəkmiş şəxs və həmin ərazidə yaşayan digər sakinlərin rahatlığını pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin: birinci (İ) hissəsinə əsasən, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır; hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər; ikinci (İİ) hissəsinə əsasən, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir; İİİ hissəsinə əsasən, qanunu bilməmək məsuliyyətdən azad etmir. İnzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -510-cu maddəsinin məzmunundan görünür ki, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq hesab olunur. -75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -80.1-ci maddəsinə əsasən, sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. -84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi onun özünün etirafedici izahatı və iş materiallarında olan sənədlərlə tam sübuta yetirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə- əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə bununla bağlı əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında əməlindən peşman olduğunu bildirsə də, Şəxs məhkəmə iclasında sərgilədiyi davranışı Şəxs törətdiyi xətadan səmimi peşman olması qənaətinə gəlinməsinə əsas verməmişdir. İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsindən görünür ki, şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hallardan biri də inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığıdır (32.1.1-ci maddə). İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, iş üzrə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın müəyyən edilməməsini, törətmiş olduğu xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbehin 5 (beş) gün müddətində tətbiq edilməsini qanuni və ədalətli hesab edir. İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan, inzibati həbs tənbehinin tətbiqinə imkan verməyən hallar mövcud deyildir, o cümlədən əlillik dərəcəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.1 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, barəsində 5 (beş) gün müddətə inzibati həbs tənbehi tətbiq edilsin. Həbsetmənin əvvəli 05 noyabr 2024-cü il tarixdən saat 15:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası səlahiyyətləri daxilində Kəlbəcər Rayon Polis Şöbəsinə və Göygöl Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və (və ya) protest verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar