Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-229/2025 08.08.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs-Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X1 iştirakları ilə, xx xxxx 1982-ci ildə Azərbaycan Respublikasının Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, subay, tam orta təhsilli, fəhlə işləyən, İmişli rayonu, İmişli şəhəri Namiq Şirinov küçəsi ev 27 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan, ünvan 1 məskunlaşan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İnzibati Xətalar Məcəlləsi) 535.1-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı inzibati xəta haqqında işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində tərtib olunmuş material (inzibati xəta haqqında protokol və digər sənədlər) baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib edilmiş 08 avqust 2025-ci il tarixli “MN № 2012382” saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs 07 avqust 2025-ci il tarixdə Kəlbəcər rayonunun Zar kəndində polisin qanuni tələbinə tabe olmamışdır - bununla da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Materiala əlavə edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis leytenantı Allahverdi Kərimli tərəfindən tərtib edilmiş və Kəlbəcər Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış yazılı raportda göstərilir ki, Kəlbəcər rayonu Zar kəndində Kəlbəcər Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid1 ilə xidmətdə olarkən adları ona sonradan məlum olan Şəxs və X5 yüksək səslə mübahisə etdiklərinə və qarşılıqlı olaraq bir-birlərinə nalayiq ifadələr işlətdiklərinə görə yaxınlaşıb özünü təqdim etmiş və həmin şəxslərə bildirmişdir ki, hərəkətləri qanuna ziddir. Həmin şəxslərə dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq, qanunazidd hərəkətlərini davam etdirmişlər. Şəxs və X5 hər ikisi spirtli içkinin təsiri altında olduqlarından onların qanuni tələblərinə məhəl qoymamışlar və uca səslə nalayiq ifadələr işlədərək onları (polis əməkdaşlarını) da təhqir etmişlər. Onlar Şəxs və X3 xidməti avtomobillə rayon polis şöbəsinə gətirmişlər (raportverən həmin məlumatın araşdırılması üçün müvafiq əməkdaşa göstəriş verilməsini rəisdən xahiş edir). İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs- Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X2 məhkəmə iclasında bildirmişdir ki, Şəxs və iş yoldaşı X5 arasında 07 avqust 2025-ci il tarixdə Kəlbəcər rayonunun Zar kəndin ərazisində sözlü mübahisə olmuşdur. Həmin əraziyə polis əməkdaşları yaxınlaşmış və həmin şəxslərə qanunvericiliyin tələbləri izah olunmuşdur. Lakin Şəxs buna məhəl qoymayaraq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr səsləndirmiş, öz qanunazidd hərəkətlərini davam etdirmişdir- bununla da Musayev X4 Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs daha sonra Kəlbəcər Rayon Polis Şöbəsinə gətirilmişdir. Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis leytenantı Allahverdi Kərimli tərəfindən raport tərtib edilmiş, həmin raport əsasında onun tərəfindən araşdırma aparılmış və toplanmış material Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. O, inzibati xəta hadisəsini ilkin araşdıran səlahiyyətli vəzifəli şəxs olaraq tərtib etdiyi 08 avqust 2025ci il tarixli “MN № 2012382” saylı inzibati xəta haqqında protokolu qanuni və əsaslı hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, 07 avqust 2025-ci il tarixdə işdən sonra iş yerində onlara ayrılmış kampda yemək yeyərkən spirtli içki qəbul etmişdir; ağır dərəcəli sərxoş olaraq onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və polis əməkdaşlarına qarşı rişxəndedici ifadələr işlətmişdir; spirtli içkinin təsiri altında olduğundan, etdiyi hərəkətləti tam dərk etməmişdir. Əməlindən peşmandır. Polis əməkdaşlarından üzr istəmiş, hal-hazırda da bir daha üzr istəyir. 12 yaşında oğlu idmançıdır və idman akademiyasında oxuyur; özü vaxtı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların müddətdən artıq xidmət edən hərbi qulluqçusu olmuşdur. Barəsində həbslə bağlı tənbehin tətbiq edilməməsini, inzibati qaydada cərimə olunmasını xahiş edir. Şahid qismində məhkəmə iclasında dinlənilən Kəlbəcər Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı Şahid1 izahatında bildirmişdir ki, 07 avqust 2025-ci il tarixdə Kəlbəcər rayonunun Zar kəndində xidmətdə olarkən axşam saat 9-10 radələrində məlumat əsasında mübahisə olan əraziyə yaxınlaşdıqda Şəxs və yanındakı dostu olan ilk olaraq ünvansız nalayiq ifadələr işlətmişdir. Onu nizam-intizma dəvət etdikdə isə polis əməkdaşlarının ünvaına nalayiq ifadələr işlədərək onları təhqir etmiş, polisin qanuni tələblərinə tabe olmamışdır. Şahid qismində məhkəmə iclasında dinlənilən Kəlbəcər Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün manqa komandiri, polis baş serjantı Şahid2 digər Şahid1 ilə eyni məzmunda izahat vermişdir. Tətbiq edilməli olan hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiya) 125-ci maddəsinin 7-ci hissəsində bəyan edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin: birinci hissəsinə əsasən, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır; hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər; ikinci hissəsinə əsasən, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir; üçüncü hissəsinə əsasən, qanunu bilməmək məsuliyyətdən azad etmir. Konstitusiyanın 129-cu maddəsinin 3-cü hissəsində bəyan edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin: birinci hissəsinə əsasən, polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir; ikinci hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər; üçüncü hissəsinə əsasən, polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. -12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. -31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. -32.1-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hallar aşağıdakılar hesab edilir: 32.1.1. inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı; 32.1.2. inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi; 32.1.3. inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi; 32.1.4. inzibati xətanın fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi; 32.1.5. inzibati xətanın zəruri müdafiənin və ya son zərurətin bu Məcəllə ilə müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsi; 32.1.6. inzibati xətanın zərər çəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi; 32.1.7. törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi. -33.1-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hallar aşağıdakılar hesab edilir: 33.1.1. səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi; 33.1.2. inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi; 33.1.3. yetkinlik yaşına çatmayanların inzibati xəta törətməyə cəlb edilməsi; 33.1.4. inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi; 33.1.5. inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi; 33.1.6. inzibati xətanın təbii fəlakət şəraitində və ya başqa fövqəladə şəraitdə, yaxud hərbi vəziyyət dövründə törədilməsi; 33.1.7. inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi. -75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallarımüəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışı nəticəsində təsdiq edilir ki, Şəxs 07 avqust 2025-ci il tarixdə Kəlbəcər rayonunun Zar kəndi ərazisində ictimai yerdə polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş, bu zaman onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış, bununla da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi inzibati xəta haqqında müvafiq protokol, şahidlərin izahatı və digər iş materialları ilə tam təsdiq edilir. Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hal- inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, iş üzrə məsuliyyəti ağırlaşdıran hal- yoxdur. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, iş üzrə məsuliyyətini yüngülləşdirən bir halın olmasını, məsuliyyətini ağırlaşdıran halın müəyyən edilməməsini, törətmiş olduğu xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin tətbiq olunmasını qanuni və ədalətli hesab edir. Məhkəmə onu da qeyd edir ki, iş üzrə izahatlarda barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan şəxsin inzibati xətanı sərxoş halda törətdiyi bildirilsə də, bu barədə müvafiq tibbi sənəd iş materiallarında aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.1 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsində təqsirli bilinməklə 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və (və ya) protest verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-229/2025
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-229/2025
08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver