Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-234/2025 04.09.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmişova Arzu Ramiz qızının katibliyi, Şikayətverən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs)- X1 iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin Mərkəzi məlumat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadənin qəbul etdiyi 21 iyul 2025-ci il tarixli EQ 29414156 nömrəli inzibati tənbehvermə haqqında elektron qərardan barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş şəxs- X2 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 14 yanvar 1964-cü ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Abdullauşağı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: 1K32C13, evli, orta təhsilli, "xxxx" MMC-də sürücü işləyən, Kəlbəcər rayonunun Abdullauşağı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, ünvan 1 ünvanında məskunlaşan X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin (bundan sonra-Baş Dövlət Yol Polisi İdarəsi) Mərkəzi məlumat xidmətinin rəisi Elvin Abduləlizadənin qəbul etdiyi 21 iyul 2025-ci il tarixli EQ 29414156 nömrəli inzibati tənbehvermə haqqında qərarından yazılı şikayət verərək, barəsində olan EQ 29414156 nömrəli 21 iyul 2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, istifadəsində olan "DAF FTXF 105.460T yük" markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə sement daşınmasını həyata keçirir. 21 iyul 2025-ci il tarixdə Qazax rayonunda yerləşən "Arkoz" Sement Zavodundan 26,46 ton (26460 kiloqram) sement yükləyərək çatdırılması üçün Ağdam rayonu istiqamətində yola çıxmışdır. Nəqliyyatın boş çəkisi 13,08 ton (13080 kiloqram), dolu çəkisi isə 39,54 ton (39540 kiloqram) təşkil etmişdir. Zavodda avtomobil yüklə birlikdə sertifikatlaşdırılmış tərəzidə çəkilmişdir. Hərəkətdə olarkən Ağstafa rayonu ərazisindən keçərkən (M-2 451.2 kilometr hissəsi) postun yaxınlığında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən quraşdırılmış elektron tərəzinin üzərindən keçmişdir. Bu zaman 21 iyul 2025-ci il tarixdə barəsində elektron qaydada inzibati tənbeh vermə haqqında elektron qərar vurulmuşdur. Həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 353.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğdə cərimə olunmuşdur. Səbəb isə bu olmuşdur ki, guya nəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisi icazə verilən maksimal çəkidən, yəni 40 tondan artıq, 42240 kiloqram olmuşdur. Lakin bu həqiqəti əks etdirmir. Belə ki, zavoddan 26,46 ton (26460 kiloqram) sement yüklənmişdir. Nəqliyyatın boş çəkisi 13,08 ton (13080 kiloqram), dolu çəkisi isə 39,54 ton (39540 kiloqram) təşkil etmişdir. Ağstafa postunda tərəziyə çıxarkən nəqliyyatın çəkisi faktiki olaraq 39,54 ton (39540 kiloqram) olmuşdur- bu çəki də icazə verilən maksimal kütləni keçməmişdir. Həmin postda sürücülərə əsassız cərimələr yazılır. Qeyd edir ki, daşıdığı sementi Ağdam rayonunda beton zavoda təhvil verərkən orada da nəqliyyat vasitəsi tərəzidə çəkilmiş və çəkisinin 39540 kiloqram olması müəyyən edilmişdir. Bunu həmin tərəzi çeki və malı təhvil alan məsul şəxslə imzaladıqları əmtəə nəqliyyat qaimasi də təsdiq edir. Əgər nəqliyyat vasitəsinin ümumi kütləsi 40 tonu keçsə idi, elə həmin tərəzi də bunu müəyyən edərdi. Lakin əksinə, həmin tərəzi çəkini 39540 kiloqram müəyyən etmişdir. Qeyd edir ki, mallarını daşıdıqları alıcılar zavoddan malı çəki ilə alırlar; mal zavodda sertifikatlaşdırılmış tərəzi vasitəsilə çəkilir; zavod malın pulunu satdığı tona görə alır. Yəni zavod çəkidə səhv edərək və artıq çəkidə mal verərək tərəzidə səhv edib az çəkiyə görə pul almaqla özünü ziyana salmaz. Zavodda quraşdırılmış tərəzi ilə yolda quraşdırılımış tərəzi arasında 2-3 ton fərq var. Belə çıxır ki, zavod çəkini düzgün çəkməməklə bir tonda 150 (bir yüz əlli) manat, 3 tonda 450 (dörd yüz əlli) manat zərər edir. Zavod ümumiyyətlə normadan artıq çəkidə, yəni 40 tondan artıq çəkidə yüklənən nəqliyyat vasitələrini cərimə ediləcəyi səbəbilə zavoddan buraxmır. Əlavə olaraq qeyd edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılarkən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi səhv tətbiq edilmişdir. Belə ki, qərarda qayda pozuntusunun çəkiyə görə müəyən edilməsi, yəni avtomobilin icazə verilən maksimal yük həddini, yəni 40 ton həddi aşması qeyd edilmişdir. X3 Məcəlləsinin 353.1-ci maddəsində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələbləri pozmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə dair inzibati məsuliyyat isə İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddasində nəzərdə tutulmuşdur. Göründüyü kimi barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar tamamilə qanunsuz və əsassızdır və ləğv edilməlidir. İşin baxılması 25 avqust 2025-ci il tarixə təyin edilmiş, prosessual zərurətlə əlaqədar 04 sentyabr 2025-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq, inzibati tənbehvermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın- Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir (təmsil olunmamışdır). Məhkəmə inzibati tənbehvermə haqqında qərar qəbul etmiş Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Şikayətverən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs)- X2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, üç ildir ki, yükdaşıma fəaliyyətini həyata keçirən fərdi sahibkar olaraq "Arkoz" Sement Zavodu ilə işləyir, 40 tondan artıq yük vurulmasının qanunla qadağan olunduğunu bilir. Buna görə də yola çıxmamışdan qabaq zavodun tərəzisində yükü çəkib sonra yola çıxmışdır. Ağdam rayonunda yükü təhvil verərkən də nəqliyyat vasitəsi tərəzidə çəkilmiş, çəkisi 39540 kiloqram olmuşdur. lakin Ağstafa rayonunda yolda quraşdırılmış tərəzidə keçərkən ona cərimə yazılmışdır. Əlavə olaraq bildirir ki, şirkətdən çıxan zaman nəqliyyat vasitəsinin yükü möhürlənir və möhür yük çatdırıldıqdan sonra yoxlanılaraq sökülür. Həmçinin qeyd edir ki, ona cərimə başqa maddə ilə yazılmışdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 353.1-ci maddəsində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələbləri pozmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə dair inzibati məsuliyyat isə İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddasində nəzərdə tutulmuşdur. Ona yazılmış qərarın ləğv edilməsini və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid izahatında bildirmişdir ki, o, "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləyir. Sürücülərlə mülki müqavilə bağlanılır və sürücülər şirkətin yükünü daşıyırlar. Bir neçə ay əvvəl şirkətin sürücülərinə cərimələr yazılırdı. Şirkət rəhbərliyi bilir ki, 40 tondan artıq yükə görə cərimə yazılır. Buna görə də yük şirkətdən çıxmamışdan əvvəl tərəzidə çəkilir, daha sonra möhürlənir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: -21 iyul 2025-ci il tarixli EQ 29414156 saylı inzibati tənbehvermə haqqında elektron qərardan görünür ki, 14 yanvar 1964-cü il doğumlu X2 21 iyul 2025-ci il tarixdə saat 20:32də “DAF FTXF 105.460T yük” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini M-2 451.2 kilometr Ağstafa rayonu, Köçəsgər kəndi, Bakı istiqamətində idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 353.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmiş, buna görə barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir (hüquqi istinad: İnzibati Xətalar Məcəlləsinin 353.1-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələbləri pozmaqla (eni üzrə 0,15 metr və daha artıq, uzunluğu üzrə 0,20 metr və daha artıq, hündürlüyü üzrə 0,20 metr və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir; İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə- fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir). -21 iyul 2025-ci il tarixli EQ 29414156 saylı inzibati tənbehvermə haqqında elektron qərara əlavə olan fotoşəkillərdən görünür ki, qayda pozuntusu çəki limitinin artması ilə bağlı olmuşdur: yüklü vəziyyətdə 40000 kiloqramlıq çəki limitinə qarşı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüklü vəziyyətdə çəkisi 42240 kiloqram olmuşdur (İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə- fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir). -“X5 Zavodu” MMC tərəfindən verilmiş 21 iyul 2025-ci il tarixli S442842 nömrəli əmtəə nəqliyyat qaiməsindən görünür ki, Salman Verdiyevin sürücüsü olduğu **-XR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin boş çəkisi 13,08 ton, dolu çəkisi 39,54 tondur. Nəqliyyat vasitəsinə vurulan plomblar: 0193589.590.591. -"xxxx" MMC tərəfindən 31 yanvar 2025-ci il tarixdə verilmiş “OMS K 00580” sertifikat nömrəli kalibrləmə sertifikatının fotosurətindən oxunur ki, “X5 Zavodu” MMC-nin girişində olan “0004789-6AK” zavod nömrəli elektron avtomobil tərəzisi 30 yanvar 2026-cı il tarixədək olan müddətə kalibrləşdirilmişdir. Tətbiq edilməli olan normalar: İnzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. -8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. -12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. -75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -81.1-ci maddəsinə əsasən, müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. -81.2-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. -81.3-cü maddəsinə əsasən, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. -115.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: 115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 115.1.2. işin baxılması tarixi və yeri; 115.1.3. işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar; 115.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; 115.1.6. inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; 115.1.7. iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; 115.1.8. qərardan şikayət verilməsi müddəti və qaydası. -122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. -122.2-ci maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. -122.3-cü maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: 122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); 122.3.3. inzibati cərimənin məbləği və ödənilməsi qaydası. -122.4-cü maddəsinə əsasən, inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1- 327.5, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. -122.5-ci maddəsinə əsasən, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. -122.8-ci maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. -128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. -128.2 və 128.2.3-cü maddələrindən görünür ki, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. -134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. -135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. -134.2-ci maddəsinə əsasən, şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Məhkəmədə: X1 İnzibati Xətalar Məcəlləsinin 353.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməsi, Baş Dövlət Yol Polisi İdarəsinin məhkəmədə araşdırılan xətaya öz münasibətini bildirməməsi və müvafiq sübutların məhkəməyə təqdim edilməməsi səbəbindən mümkünsüz olmuşdur. Məhkəmədə tədqiq edilmiş olan fotoşəkillər digər sübutlarla əhatələnmədiyindən, X1 İnzibati Xətalar Məcəlləsinin 353.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin araşdırılması hazırki halda əlavə mötəbər sübutlar tələb edir. Bundan başqa, xətanı aşkar etmiş texniki vasitənin dövlət qeydiyyatından keçməsini və müvafiq qaydada sertifaklaşdırılmasını təsdiq edən sübutlar da məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polisi İdarəsinin müvafiq səlahiyyətli vəzifəli şəxsi 21 iyul 2025-ci il tarixli EQ 29414156 nömrəli inzibati tənbehvermə haqqında elektron qərar üzrə gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. Məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, X2 barəsində qəbul edilmiş 21 iyul 2025-ci il tarixli EQ 29414156 nömrəli inzibati tənbehvermə haqqında elektron qərar ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.1-ci maddəsi ilə olan hazırki iş yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.1, 134.1.4 və 134.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət qismən təmin edilsin. X2 barəsində 21 iyul 2025-ci il tarixli EQ 29414156 nömrəli inzibati tənbehvermə haqqında elektron qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılsın. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-234/2025
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-234/2025
04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver