Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-243/2025 09.10.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Şikayətverən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X6 iştirakı ilə, X11 barəsində qəbul edilmiş 23 avqust 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan X11 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 14 dekabr 1963-cü ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Seyidlər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: 252JFKN, Kəlbəcər rayonunun Seyidlər kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahədə yaşayan, orta ixtisas təhsilli, işləməyən X1 Rayon Məhkəməsinə yazılı şikayətlə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl rayon polis şöbəsinin Dövlət yol polisi bölməsinin inzibati təcrübə üzrə baş inspektoru X7 23 avqust 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, özünə məxsus “VAZ 2106” markalı **-HC- *** dövlət qeydiyyat nişanlı minik avtomobilini 18 iyul 2025-ci il tarixdə saat 10:21 radələrində Göygöl rayonu ərazisində idarə edərkən Göygöl Rayon Polis Şöbəsinin Yolpatrul xidmətinin əməkdaşı X8 tərəfindən saxlanılmışdır. Avtomobil saxlanıldıqdan sonra inspektor tərəfindən ona sərxoşluğunun yoxlanılması üçün alkotestr cihazına üfürməlii olduğu bildirilmiş, o da inspektorun tələbi əsasında alkotester cihazına üfürdükdən sonra ona sərxoş olduğu bildirilmiş, o, etiraz etmiş və həkim müayinəsindən keçirilməsini tələb etmişdir. Buna baxmayaraq, yol-patrul xidməti əməkdaşı tərəfindən etiraz edilmiş və qanunsuz və əsassız olaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan dərhal sonra o özü Gəncə Şəhər Narkaloji Dispanserinə müraciət edərək həkim müayinəsindən keçmiş və müəyyən olunmuşdur ki, onun heç bir sərxoşluğu yoxdur və bu barədə protokolun surətini də ona vermişlər. Yol polisinin tərəfindən tərtib olunmuş protokol və qərar qanunsuz və əsassız olaraq tərtib olunmuşdur. Belə ki, o, avtomobili idarə edərkən sərxoş olmamışdır. Buna baxmayaraq, onun barəsində inzibati xəta haqqında protokol, bundan sonra isə inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq 400 (dörd yüz) manat məbləğində cərimə olunmuşdur. İşin faktiki hallarından görünür ki, Göygöl Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti inspektoru, polis serjantı X8 tərəfindən X6 İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə təqsirləndirilməsi ilə bağlı 18 iyul 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, Göygöl Rayon Polis Şöbəsinin səlahiyyətli vəzifəli şəxsi, polis mayoru X7 23 avqust 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı ilə X2 Xətalar Məcəlləsinin 329.1 və 333.1ci maddələri ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsindən görünür ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərarından şikayət, prokuror isə protest verə bilər. Şikayət məhkəməyə 10 sentyabr 2025-ci il tarixdə daxil olmuş, iş üzrə məhkəmə baxışı iclası 19 sentyabr 2025-ci il tarixə təyin edilmiş, prosessual zərurətlə bağlı olaraq 29 sentyabr 2025-ci il və 09 oktyabr 2025-ci il tarixlərə təxirə salınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayətverən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X11 məhkəmə iclasında şikayətini müdafiə edərək və şikayətdə göstərilən xüsusatlara uyğun izahat verərək barəsində olan 23 avqust 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini və barəsində olan hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 18 iyul 2025-ci il tarixdə Göygöl rayonu ərazisində özünə məxsus avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etdiyi halda yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq təhlükəsizlik kəmərindən istifadə etmədiyi ona bildirilmiş, daha sonra avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, və onun sərxoşluğunun müayinə olunması üçün onu xidməti avtomobillərinə dəvət etmişlər. Alkotesterlə sərxoşluğu müayinə olunmuş və ona sərxoş olduğu bildirilmişdir. Bununla razı deyil, belə ki, həmin gün spritli içki qəbul etməmişdir. Bundan dərhal sonra o özü Gəncə Şəhər Narkaloji Dispanserinə müraciət edərək həkim müayinəsindən keçmiş və müəyyən olunmuşdur ki, onun heç bir sərxoşluğu yoxdur və bu barədə tibbi müayinə protokolunun surətini də ona vermişlər. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli vəzifəli şəxs- Göygöl Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti inspektoru, polis serjantı X8 iştirak etdiyi 29 sentyabr 2025-ci il tarixli məhkəmə iclasında izahatında bildirmişdir ki, X11 18 iyul 2025-ci il tarixdə təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə tərəflərindən saxlanılmış, sürücünün sənədlərinə baxış keçirilən zaman spritli içki qoxusu gəldiyinə görə alkotestr vasitəsilə sürücünün sərxoşluğu yoxlanılmış və alkoqol sərxoşluğu müəyyən olunmuşdur. Mobil Mamedov rayon polis şöbəsinə aparılmış, yolda olarkən spritli içki içdiyini etiraf etmişdir. Bundan sonra şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib edilərək həmin protokol əsasında qərar qəbul edilmişdir. Mobil Mamedov sonradan özü sərxoşluğun müayinəsi üçün Gəncə Şəhər Narkaloji Dispanserinə müraciət etmişdir. Həmin müayinənin nəticəsinin etibarsız sayılmasını tələb edir, belə ki, tibbi müayinə barədə alkotester qəbzi təqdim edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: İş materiallarında olan: Göygöl Rayon Polis Şöbəsinin yol-patrul xidməti inspektoru, polis serjantı X8 tərəfindən “VAZ 21060 minik” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X11 barəsində tərtib edilmiş 18 iyul 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X11 18 iyul 2025-ci il tarixdə saat 10:21-də avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 329.1 ( təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə edilməsi) və 333.1-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) maddələrində nəzərdə tutulmuş xətaları törətməkdə təqsirləndirilmişdir. İş materiallarında olan: Göygöl Rayon Polis Şöbəsinin səlahiyyətli vəzifəli şəxsi, polis mayoru X12 tərəfindən “VAZ 21060 minik” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X11 barəsində 18 iyul 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və inzibati xəta haqqında işin digər materialları əsasında qəbul edilmiş 23 avqust 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın surətindən görünür ki, X11 18 iyul 2025-ci il tarixdə saat 10:21-də avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 329.1 (təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə edilməsi) və 333.1-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) maddələrində nəzərdə tutulmuş xətaları törətməkdə təqsirli bilinməklə, barəsində 400 (dörd yüz) manat cərimə tənbehi tətbiq edilmişdir. İş materiallarında olan: Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 18 iyul 2025-ci il tarixli 2636/2025 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan (həkim Əliyeva K.H) görünür ki, X6 18 iyul 2025-ci il tarixdə saat 13:17-də sərxoşluq halı müayinə olunmuş, ayıq olması və alkoqol qəbulu əlamətinin olmaması (0,000 promilli) müəyyən edilmişdir. İş materiallarında olan: Gəncə Şəhər Narkoloji Dispanserinin baş həkimi vəzifəsini müvəqəti icra edən E.M.Xəlilovun adından (müvafiq gerbli möhürlə möhürlənməklə) məhkəmənin elektron poçt ünvanına göndərilmiş 26 sentyabr 2025-ci il tarixli 369 nömrəli məktubdan görünür ki, 18 iyul 2025-ci il tarixdə X3 Narkoloji Dispanserində öz şəxsi ərizəsi ilə müayinədən keçmiş və onda alkoqol sərxoşluğu aşkar edilməmişdir. Ona görə də 2636/2025 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndakı ifadəsini təsdiq edir (müayinə edənlə məktubu göndərən şəxs fəqlidir-hakimin qeydi) Məhkəmə icraatında videoyazının tədqiqi: İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli vəzifəli şəxs- Göygöl Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti inspektoru, polis serjantı X5 məhkəməyə elektron daşıyıcıda (diskdə) təqdim etdiyi 01 (bir) dəqiqə 48 (qırx səkkiz) saniyəlik videogörüntüdə Mobil Mamedov həmin anda sərxoş olmadığını, həmin gündən bir gün qabaq əlli qram spritli içki içdiyini bildirir; videomaterialda avtomobilin dayandırılma, sürücüyə yaxınlaşmış olan yol-patrul xidməti əməkdaşlarının özünü təqdim etməsi və saxlanmanın səbəblərini bildirməsi, sürücüyə öz hüquqlarının izah edilməsi, sürücünün alkotester cihazına nəfəs verməsi və alkotesterin nəticəsini əks etdirən kağız daşıyıcı ilə tanış edilməsi, təhlükəsizlik kəmərindən istifadə qaydalarının və sair qayda pozuntularının baş verməsi ilə bağlı sürücüyə irad bildirilməsi öz əksini tapmamışdır. Tətbiq edilməli olan normalar: Azərbaycan Respublikası Konstitusiyasının: -125-ci maddəsinin 7-ci hissəsində bəyan edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; -127-ci maddəsinin 8-ci hissəsində bəyan edilmişdir ki, məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur; -129-cu maddəsinin 3-cü hissəsində bəyan edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: -37-ci maddəsinin birinci hissəsinin altıncı (Vİ) bəndinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməli (12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə bunlardan başqa, operativ nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol verilir), motosikletdə isə motoşlemi düymələməli və sərnişinlərin də motoşlemi düymələməsini təmin etməlidir. -83-cü maddəsinin üçüncü (İİİ) hissəsinə əsasən, müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və nəqliyyat vasitələrinin alkoqol və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halları müəyyənləşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər (narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir); belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimat”ın: -4.6-cı bəndinə əsasən, patrul avtomobili radio-cihaz vasitəsi, bort-kompüter, videokamera, ilk tibbi yardım qutusu, 2 ədəd yol nişanı, fənər, yanğın söndürən vasitə, hadisə yerini bildirən işıq əks etdirən lent və digər texniki vasitələrlə təchiz olunur. -4.7-ci bəndinə əsasən, YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir; sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır; -6.9-cu bəndinə əsasən, patrul avtomobillərində quraşdırılan videokamera və məsafədən səs ötürən mikrofon işlək vəziyyətdə olmadıqda həmin avtomobillərdə xidmətin aparılması yolverilməzdir; belə avtomobillərdə xidmətin aparılmasına görə müvafiq şəxslər məsuliyyət daşıyırlar; -7.4-cü bəndinə əsasən, nəqliyyat vasitələri “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsində nəzərdə tutulan hallarda dayandırıla bilər; -7.7-ci bəndinə əsasən, ekipajda iki YPX inspektorundan biri patrul avtomobilindən düşərək dayandırılmış nəqliyyat vasitəsinin sürücüsünə yaxınlaşır, özünü sürücüyə təqdim edir və bundan sonra dayandırılmanın səbəbini bildirməklə ondan “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş sənədlərin təqdim olunmasını tələb edir; -8.17-ci bəndinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olduğunu güman etməyə kifayət qədər əsaslar olduqda ona xüsusi texniki vasitədən (alkotestr, narkotestr) istifadə etməklə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün müayinə olunma təklif olunur. Şəxs bundan imtina etdikdə və ya müayinənin nəticəsi ilə razılaşmadığı halda tibbi müayinəyə aparılır. Bu halda müvafiq protokol tərtib edilir (Təlimata 14 nömrəli əlavə) və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. İnzibati Xətalar Məcəlləsinin: -329.1-ci maddəsinə əsasən, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir; -333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; -8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; -8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; -8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir; -75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait; -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; -84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; -96.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır; -134.1 və 134.1.3-cü maddələrinə əsasən, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. -135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. -53.2-ci maddəsində nəzərdə tutulur ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın: -2.2-ci bəndinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir; -2.3-cü bəndinə əsasən, alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır; -2.4-cü bəndinə əsasən, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir; -2.6-cı bəndinə əsasən, müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur; həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır; -3.1-ci bəndinə əsasən, alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir; -3.2-ci bəndinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir; -3.4-cü bəndinə əsasən, müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir; aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir; -3.5-ci bəndinə əsasən, müayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş vəzifəli şəxsə təqdim edilir. Məhkəmə şikayəti və iş üzrə tədqiq edilmiş digər materialları araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Belə ki, X6 İnzibati Xətalar Məcəlləsinin 329.1 (təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə edilməsi) və 333.1-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) maddələrində nəzərdə tutulmuş xətaları törətdiyini təsdiq edən mötəbər sübut məhkəməyə təqdim edilməmişdir; inzibati tənbehvermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilmiş elektron daşıyıcıda (diskdə) olan 01 (bir) dəqiqə 48 (qırx səkkiz) saniyəlik videogörüntüdə avtomobilin dayandırılma, sürücüyə yaxınlaşmış olan yol-patrul xidməti əməkdaşlarının özünü təqdim etməsi və saxlanmanın səbəblərini bildirməsi, sürücüyə öz hüquqlarının izah edilməsi, sürücünün alkotester cihazına üfürməsi və alkotesterin nəticəsini əks etdirən kağız daşıyıcı ilə tanış edilməsi, təhlükəsizlik kəmərindən istifadə qaydalarının və sair qayda pozuntularının baş verməsi ilə bağlı sürücüyə irad bildirilməsi öz əksini tapmamışdır. Bundan başqa, sürücü Mobil Mamedovun 18 iyul 2025-ci il tarixdə saat 13:17 radələrində öz müraciəti əsasında narkoloji tibb müəssisəsində müayinədən keçməsini əks etdirən aktda onun qanında alkoqolun olmaması (sıfır) müəyyən edilmişdir. Həmçinin videogörüntüdə təhlükəsizlik kəmərindən istifadə qaydalarının pozulmasına dair hər hansı qayda pozuntusunun olduğunu aşkar etmək mümkün olmamış və təhlükəsizlik kəmərindən istifadə qaydalarının pozulmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmiş, eyni zamanda bu barədə sürücüyə də heç bir irad bildirilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 135.1 və 135.1.3-cü maddələrinin müddəalarından görünür ki, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılması nəticəsində hesab edir ki, X6 İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən, onun barəsində tərtib edilmiş 18 iyul 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol qanunsuz hesab edilməli, həmin protokol əsasında qəbul edilmiş 23 avqust 2025-ci il tarixli TP ******* inzibati tənbehvermə haqqında qərar qanunsuz hesab edilməklə ləğv edilməli və X11 barəsində İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə hazırki inzibati xəta haqqında işin icraatına İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən-həmin xətaların törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115.1, 134.1.3 və 135.1.5-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. Göygöl Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru X7 X11 barəsində qəbul etdiyi 23 avqust 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərar ləğv edilsin. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən- təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-243/2025
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-243/2025
09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver