Məhkəmə qərarları › İş №3(040)-41/2024

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-41/2024

06.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-41/2024 06.04.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Şikayət verən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs)- X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin Mərkəzi məlumat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasıyevin qəbul etdiyi 28 fevral 2024-cü il tarixli EQ 19687111 nömrəli inzibati tənbehvermə haqqında elektron qərardan barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş şəxs X4 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 25 avqust 1966-cı ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Başlıbel kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: 2STRDAP, Kəlbəcər rayonunun Başlıbel kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla Gəncə şəhəri Avtozavod qəsəbəsində məskunlaşan, ali təhsilli, Gəncə şəhər 1 saylı Vəkil Bürosunda vəkil işləyən X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin Mərkəzi məlumat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasıyevin qəbul etdiyi 28 fevral 2024-cü il tarixli EQ 19687111 nömrəli inzibati tənbehvermə haqqında qərarından yazılı şikayət verərək, həmin qərarın etibarsız hesab edilərək ləğv edilməsini və barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 28 fevral 2024-cü il tarixdə, saat 13:00-da etibarnamə əsasında idarə etdiyi “Toyota Corolla minik” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Gəncə-Şəmkir yolu Quşqara kəndində hərəkətdə olan zaman heç bir qayda pozuntusu törətmədiyi halda barəsində 28 fevral 2024-cü il tarixli EQ 19687111 saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati protokolda onun guya 28 fevral 2024-cü il tarixdə Gəncə-Şəmkir yolu Quşqara kəndi ərazisində “Nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verməməsi” qeyd edərək İXMnin 330.0.1-ci maddəsinin tələbini pozması qeyd edilmişdir. Halbuki o, heç bir inzibati xəta törətməmişdir. Həmin protokoldan asanpay.az saytında yaradılmış elektron kabinet vasitəsi ilə şikayət versə də qərar barədə ona heç bir məlumat verilməmişdir. Həmçinin elektron kabinetdə qeyd edilən qayda pozuntusu ilə bağlı hər hansı sübut yerləşdirilməmişdir. Elektron kabinetə yerləşdirilmiş şəkillərdə də onun heç bir qayda pozuntusu etmədiyi, avtomobili hərəkət etdirərkən piyadanın hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur edəcək hər hansı qayda pozuntusuna yol vermədiyi və piyadanın hərəkətinə maneə törətmədiyi açıq-aydın görünür. Buna baxmayaraq, əsassız və qanunsuz olaraq barəsində inzibati protokol və qərar tərtib olunmuşdur. Barəsində olan 28 fevral 2024-cü il tarixli, EQ 19687111 saylı inzibati protokolu və həmin protokol əsasında tərtib olunmuş 28 fevral 2024-cü il tarixli qərarı qanunsuz və əsassız hesab edir. Ona görə də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Konstitusiyanın 60-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 17-ci maddəsinin 1-ci bəndinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İXM-nin 330.0.1-ci maddəsinə əsasən, nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Həmin maddənin qeyd hissəsində göstərilir ki, bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. Qeyd edilən maddənin dispozisiyasından da görünür ki, nizamlanmayan piyada keçidində piyadaya yol verilməməsi dedikdə sürücünün hər hansı manevr etməsi nəticəsində piyadanın hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi nəzərdə tutulmuşdur. Heç bir qayda pozuntusu etmədən yoluna davam etdiyi halda barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şikayətə əlavə etdiyi fotoşəkillərdən də göründüyü kimi piyada ilə idarə etdiyi avtomobil arasında bir neçə metr məsafə var və hazırkı vəziyyətdə İXM-nin 330.0.1-ci maddəsinin tərkib əlaməti yoxdur. Lakin işə baxan inspektor tərəfindən isə işin halları, inzibati xəta tərkibinin olub-olmaması düzgün araşdırılmamış və həmin protokol əsasında qanunsuz olaraq 50 manat məbləğində cərimə olunmuşdur. Heç bir qanun pozuntusu etmədiyi halda barəsində protokol tərtib olunaraq qanunsuz qərar çıxarılmış, vətəndaş olaraq hüquqları kobud şəkildə pozulmuşdur. Onu da qeyd edir ki, hazırkı vaxta qədər barəsində çıxarılmış qərar rəsmi qaydada poçt vasitəsilə kağız daşıyıcıda ona təqdim olunmamışdır. Şikayət məhkəməyə 11 mart 2024-cü il tarixdə daxil olmuş, işin baxılması 27 mart 2024-cü il tarixə təyin edilmiş və prosessual zərurətlə bağlı 06 aprel 2024-cü il tarixə təxirə salınmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq, inzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın- Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin Mərkəzi məlumat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasıyevin qəbul etdiyi 28 fevral 2024-cü il tarixli EQ 19687111 nömrəli inzibati tənbehvermə haqqında elektron qərara əsasən, X4 28 fevral 2024-cü il tarixdə saat 13:00-da (17:01:26-da) Gəncə-Şəmkir yolu Quşqara kəndində “nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə” İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinib, barəsində 50 (əlli) manat cərimə tənbehi tətbiq edilmişdir. Şikayət verən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs)- X4 məhkəmə iclasında şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin Mərkəzi məlumat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin X1 barəsində qəbul etdiyi 28 fevral 2024-cü il tarixli EQ 19687111 nömrəli inzibati tənbehvermə haqqında elektron qərar məhkəmə iclasında tədqiq edilmişdir. Həmin qərarda göstərilmişdir ki, X4 28 fevral 2024-cü il tarixdə saat 13:00-da (əlavə olaraq saat 17:01:26 da göstərilmişdir) Gəncə-Şəmkir yolu Quşqara kəndində “nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə” İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinib, barəsində 50 (əlli) manat cərimə tənbehi tətbiq edilmişdir. Həmin qərarda xətanın hansı texniki vasitənin köməkliyi ilə əldə olunduğu əks olunmamışdır (Yalnız qərara əlavə edilmiş fotoşəkildə xətanın aşkar edildiyi texniki vasitənin-kameranın nömrəsi “E3D1AE96F4149FB0” göstərilmişdir). Tətbiq edilməli olan normalar: İnzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. -8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. -12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. -75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -81.1-ci maddəsinə əsasən, müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. -81.2-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. -81.3-cü maddəsinə əsasən, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. -114.1-cü maddəsindən görünür ki, inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. -115.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: 115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 115.1.2. işin baxılması tarixi və yeri; 115.1.3. işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar; 115.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; 115.1.6. inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; 115.1.7. iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; 115.1.8. qərardan şikayət verilməsi müddəti və qaydası. -122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. -122.2-ci maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. -122.3-cü maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: 122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); 122.3.3. inzibati cərimənin məbləği və ödənilməsi qaydası. -122.4-cü maddəsinə əsasən, inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1- 327.5, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. -122.5-ci maddəsinə əsasən, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. -122.8-ci maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. -128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. -128.2 və 128.2.3-cü maddələrindən görünür ki, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. -134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. -135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31– 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. -134.2-ci maddəsinə əsasən, şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Məhkəmədə: X2 İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin sübuta yetirilməsi bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması səbəbindən mümkünsüz olmuşdur. Belə ki, X4 barəsində qəbul edilmiş 28 fevral 2024-cü il tarixli EQ 19687111 nömrəli inzibati tənbehvermə haqqında elektron qərar İnzibati Xətalar Məcəlləsinin 122.3-cü maddəsinə uyğun tərtib edilməmiş, o cümlədən İnzibati Xətalar Məcəlləsinin 122.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar əks olunmamışdır. Məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, X4 barəsində qəbul edilmiş 28 fevral 2024-cü il tarixli EQ 19687111 nömrəli inzibati tənbehvermə haqqında elektron qərar ləğv edilməli və X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsi ilə olan hazırki iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.1, 115.1, 134.1.4 və 134.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət qismən təmin edilsin. X4 barəsində 28 fevral 2024-cü il tarixli EQ 19687111 nömrəli inzibati tənbehvermə haqqında elektron qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinə qaytarılsın. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar