Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-428/2025 05.01.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin mərkəzi məlumat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadənin qəbul etdiyi 10 dekabr 2025-ci il tarixli EQ 32552803 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş şəxs- 30 mart 2004-cü ildə Azərbaycan Respublikasının Yevlax rayonunun Aran qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: 4JPS3D2, Kəlbəcər rayonunun Qaraxançallı kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla hazırda hərbi xidmətdə olan X7 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X7 Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi məlumat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadənin qəbul etdiyi 10 dekabr 2025-ci il tarixli EQ 32552803 nömrəli inzibati tənbehvermə haqqında elektron qərardan yazılı şikayət verərək, həmin qərarın ləğv edilməsi və barəsində olan inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Hyundai Sonata” markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobildə adına etibarnamə olduğu üçün 10 dekabr 2025-ci il tarixdə həmin avtomobil Bakı şəhərində Sulutəpə dairəsi adlanan ərazidə səkidə saxlanıldığından, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9cu maddəsinə əsasən EQ 32552803 nömrəli inzibati tənbehvermə haqqında qərar tərtib edilərək 60 (altmış) manat cərimə və 2 (iki) cərimə balı tətbiq edilmişdir; bununla da sürücülük vəsiqəsində bir il ərzində olan bal sayı iyirmiyə çatdığından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinə əsasən, cərimə tətbiq edilmədən nəqliyyat vasitələrini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılmışdır. Əlavə olaraq bildirir ki, o, 29 oktyabr 2025-ci il tarixdən “N” saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdədir. Yuxarıda göstərilən vaxt həmin avtomobili o idarə etməmişdir; həmin vaxt avtomobili dostu- Kəlbəcər rayon sakini Şahid idarə etmişdir. Şikayət məhkəməyə 23 dekabr 2025-ci il tarixdə daxil olmuş, işin baxılması 05 yanvar 2026-cı il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq, inzibati tənbehvermə haqqında qərar qəbul etmiş səlahyyətli orqanın- Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin nümayəndəsi və şikayət verən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs)- X7 məhkəmə iclasına gəlməmişlər; X7 yazılı şikayətində məhkəmə iclasına gələ bilmədiyinə görə iclasın onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 və Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndələrinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: -Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi məlumat xidmətinin rəisi, polis polkovnikleytenantı Elvin Abduləlizadənin qəbul etdiyi 10 dekabr 2025-ci il tarixli EQ 32552803 nömrəli inzibati tənbehvermə haqqında elektron qərara əsasən, X7 “Hyundai Sonata minik” markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobili 10 dekabr 2025-ci il tarixdə saat 14:44-də Sulutəpə dairəsində “nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə” İnzibati Xətalar Məcəlləsinin 349.9-cu maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinib, barəsində 60 (altmış) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməli və ona törətdiyi xətaya müvafiq olaraq 2 (iki) bal təyin edilmiş, bununla da İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə, onun tərəfindən bir il ərzində 20 (iyirmi) bal toplandığından İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılmışdır. Şahid qismində məhkəmə iclasında izahat verən Şahid bildirmişdir ki, 10 dekabr 2025-ci il tarixdə saat 14:44-də tanışı X8 məxsus “Hyundai Sonata minik” markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobili, həmin vaxt Şakir özünü piss hiss etdiyinə görə, o özü (Şahid) idarə etmiş, həmin avtomobillə 10 dekabr 2025-ci il tarixdə saat 14:44-də törədilən inzibati xətanı o törətmişdir. Lakin həmin avtomobilə dair sonuncu etibarnamə X4 adına olduğundan, inzibati tənbehvermə haqqında qərar X4 barəsində qəbul edilmişdir. Onun özünün həmin avtomobili idarə etmək üçün etibarnaməsi olmamış, lakin avtomobilin mülkiyyətçisi X9 həmin vaxt avtomobildə olmuşdur. İş materiallarında olan: Daxili İşlər Nazirliyinin Baş dövlət yol polisi idarəsinin Mərkəzi informasiya sistemindən çıxarışdan görünür ki, X8 məxsus “Hyundai Sonata minik” markalı **-TY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair etibarnamə X6 21 oktyabr 2025-ci il tarixdə verilmiş, 10 dekabr 2025-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş 22 dekabr 2025-ci il tarixli **********225 nömrəli “Vətəndaşın müddətli həqiqi hərbi xidmətə göndərilməsinə dair” elektron arayışdan görünür ki, X7 (AA 4543513) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsi tərəfindən 29 oktyabr 2025-ci il tarixində müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Tətbiq edilməli olan normalar: İnzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. -81.1-ci maddəsinə əsasən, müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. -81.2-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. -81.3-cü maddəsinə əsasən, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. -114.1-cü maddəsindən görünür ki, inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. -115.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: 115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 115.1.2. işin baxılması tarixi və yeri; 115.1.3. işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar; 115.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; 115.1.6. inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; 115.1.7. iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; 115.1.8. qərardan şikayət verilməsi müddəti və qaydası. -122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. -122.2-ci maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. -122.3-cü maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: 122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); 122.3.3. inzibati cərimənin məbləği və ödənilməsi qaydası. -122.4-cü maddəsinə əsasən, inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1- 327.5, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. -122.5-ci maddəsinə əsasən, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. -122.7-ci maddəsinə əsasən, barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. -128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. -128.2 və 128.2.3-cü maddələrindən görünür ki, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. -134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. -135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31– 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. -134.2-ci maddəsinə əsasən, şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. -327.7-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. -346.9-cu maddəsinə əsasən, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görəaltmış manat məbləğində cərimə edilir. Məhkəmədə araşdırması nəticəsində: 10 dekabr 2025-ci il tarixdə saat 14:44-də “Hyundai Sonata minik” markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin X7 tərəfindən idarə edilməsi mötəbər sübutlarla-iş materialları və şahidin izahatları ilə inkar edilmişdir; şahidin izahatında göstərilmişdir ki, 10 dekabr 2025-ci il tarixdə saat 14:44-də “Hyundai Sonata minik” markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobili Şahid idarə etmişdir; həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş 22 dekabr 2025-ci il tarixli **********225 nömrəli “Vətəndaşın müddətli həqiqi hərbi xidmətə göndərilməsinə dair” elektron arayışdan görünür ki, X2 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsi tərəfindən 29 oktyabr 2025-ci il tarixində müddətli həqiqi hərbi xidmətə göndərilmişdir; inzibati tənbehvermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqan olan Baş Dövlət Yol Polisi İdarəsi həmin avtomobilin 10 dekabr 2025-ci il tarixdə saat 14:44-də Şahid tərəfindən idarə edilməsini təkzib edən sübutu məhkəməyə təqdim etməmişdir-Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş, qayda pozuntusu olaraq təqdim edilən əks etdirən fotogörüntülərdə sürücünün sifət nahiyəsi görünmür. Belə olan halda Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi məlumat xidmətinin rəisi, polis polkovnikleytenantı Elvin X1 barəsində qəbul etdiyi 10 dekabr 2025-ci il tarixli EQ 32552803 nömrəli inzibati tənbehvermə haqqında elektron qərar ləğv edilməlidir, belə ki, X4 10 dekabr 2025ci il tarixli EQ 32552803 nömrəli elektron qərarla bağlı şikayətinin dəlilləri İnzibati Xətalar Məcəlləsinin 122.7-ci maddəsinə əsasən təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin mərkəzi məlumat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin X1 barəsində qəbul etdiyi 10 dekabr 2025-ci il tarixli EQ 32552803 nömrəli inzibati tənbehvermə haqqında elektron qərar ləğv edilməli və həmin inzibati xəta haqqında işin icraatına İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən- X4 həmin xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.1, 134.1.1, 134.1.3 və 134.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin Mərkəzi məlumat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin X1 barəsində qəbul etdiyi 10 dekabr 2025-ci il tarixli EQ 32552803 nömrəli inzibati tənbehvermə haqqında elektron qərar ləğv edilsin və həmin inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən- X4 həmin xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Bu qərardan, surəti rəsmi qaydada verilyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-428/2025
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-428/2025
05.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver