Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-43/2024 25.03.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, İsgəndərov Azər Akif oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs, İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs - Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X1 iştirakları ilə, xx xxxx 1983-cü ildə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, ali təhsilli, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Şıxlinski küçəsi, ev 52, mənzil 30-da yaşayış yeri üzrə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra: İnzibati Xətalar Məcəlləsi) 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və toplanmış digər materiallar baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Materiala daxil edilmiş, Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib edilmiş 25 mart 2024-cü il tarixli “MN № 1994379” saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs 24 mart 2024cü il tarixdə Kəlbəcər rayonunun Qozlu kəndi ərazisində (həmin ərazi hal-hazırda Ağdərə rayonunun ərazisinə daxildir-hakimin qeydi) polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Materiala daxil edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Xəlil Xəlilov tərəfindən tərtib edilmiş və Kəlbəcər Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış yazılı raportda göstərilir: “24 mart 2024-cü il tarixdə Kəlbəcər rayonunun Qozlu kəndi ərazisində yerləşən “Qozlu” stasionar postunda Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis kiçik serjantı X4 ilə xidmətdə olan zaman **-ES-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin posta yaxınlaşdığını görüb həmin avtomobilə yaxınlaşaraq avtomobildə olan adları sonradan onlara məlum olan X5 və Şəxs portal icazələrini yoxlamışlar. Yoxlanış zamanı Rasim Rəhimov və Şəxs Kəlbəcər və Ağdərə rayonu ərazilərinə giriş-çıxış icazələrinin olmadığını müəyyənləşdirmişlər. Həmin vətəndaşların şəxsiyyət vəsiqələri alınmış və avtomobilin hərəkəti məhdudlaşdırılaraq saxlanılmışdır. Həmin vətəndaşlar barəsində qanuni tədbir görülməsi üçün vətəndaşlar və onların avtomobili Rayon Polis Şöbəsinə təqdim edilmişdir” (raportverən həmin məlumatın araşdırılması üçün müvafiq əməkdaşa göstəriş verilməsini Kəlbəcər Rayon Polis Şöbəsinin rəisindən xahiş edir). İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs- Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X2 məhkəmə iclasında bildirmişdir ki, Şəxs 24 mart 2024-cü il tarixdə xüsusi icazə olmadan Kəlbəcər Rayon Polis Şöbəsinin xidməti ərazisi olan Ağdərə rayonu ərazisinə keçmiş və orada polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Belə ki, Şəxs 24 mart 2024-cü il tarixdə qanunsuz yolla, yəni, bunun üçün xüsusi icazə sənədi almadan, nəzarət postlarından yayınaraq özbaşına digər bir nəfər şəxslə birlikdə Kəlbəcər rayonu ərazisinə (səfər üçün xüsusi icazə alınması tələb olunan əraziyə) getmiş, həmin gün Ağdərə rayonunun Qozlu kəndi ərazisində xidmətdə olan Kəlbəcər Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Xəlil Xəlilov və Kəlbəcər Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis kiçik serjantı X4 tərəfindən saxlanılaraq sənədləri yoxlanılarkən mühafizə olunan əraziyə icazəsiz daxil olduğu aşkar edilmiş, bununla da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. O, tərtib etdiyi 25 mart 2024-cü il tarixli “MN № 1994379” saylı inzibati xəta haqqında protokolu qanuni və əsaslı hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, dostu X5 birlikdə işğaldan azad edilən ərazilərə getmək qərarına gəlmiş, əvvəlcə birlikdə Şuşa şəhərinə getmiş, oradan Laçına gəlmişlər, Laçın rayonunda yanacaqları azaldığından orada qalmışlar, səhəri gün, yəni 24 mart 2024-cü il tarixdə Laçından Kəlbəcər rayonu ərazisinə getmişlər. Onun Kəlbəcər və Ağdərə rayonları ərazisinə keçmək üçün xüsusi icazəsi olmamışdır. Bundan sonra polislər onu Kəlbəcər Rayon Polis Şöbəsinə aparmışlar. O, polis tərəfindən saxlanılarkən tabesizlik göstərməmiş və qanunsuz hərəkətlərə yol verməmişdir; polis əməkdaşlarının bütün tələblərinə tabe olmuşdur. Kəlbəcər rayon ərazisinə getməkdə məqsədi yalnız işğaldan azad olunmuş yerləri görmək olmuşdur. Polisə tabesizlik göstərmədiyindən, barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Tətbiq edilməli olan hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiya) 125-ci maddəsinin 7-ci hissəsində bəyan edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin 3-cü hissəsində bəyan edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir, bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. -8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. -8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. -12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -75.0.-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallarımüəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. - 53.1 və 53.1.1-ci maddələrindən görünür ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.. Məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta hadisəsi törətməsi halı olmadığından, onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən (inzibati xəta hadisəsi olmadığına görə) xitam verilməlidir. Belə ki, Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib edilmiş 25 mart 2024-cü il tarixli “MN № 1994379” saylı inzibati xəta haqqında protokolda göstərilən hal - Şəxs 24 mart 2024-cü il tarixdə Kəlbəcər rayonunun Qozlu kəndi ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmır, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilir ki, Şəxs 24 mart 2024-cü il tarixdə polisə qarşı tabesizlik göstərməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.4 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə aparılan hazırki inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən- inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-43/2024
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-43/2024
25.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver