Məhkəmə qərarları › İş №3(040)-60/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-60/2025

04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-60/2025 04.04.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, Şikayət verən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs)- Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tabeliyində “X10 Xidməti“ X16 X11 sistemlərinin istismarı idarəsinin (VÖEN: **********1) rəisi (vəzifəli şəxs) X1 və nümayəndəsi- İdarənin kadrlar üzrə mütəxəssisi Nümayəndə, Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X3 04 mart 2025-ci il tarixli MN ******* saylı “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarından barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmiş vəzifəli şəxs X5 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şikayət verən- Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tabeliyində “X10 Xidməti“ X16 X11 sistemlərinin istismarı idarəsinin rəisi (vəzifəli şəxs) X5 (13 aprel 1984-cü ildə Azərbaycan Respublikasının Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: 3065802, Mingəçevir şəhəri 20 Yanvar küçəsi ev 10-A mənzil 36-da yaşayış yeri üzrə qeydiyyatda olan) Kəlbəcər Rayon Məhkəməsinə yazılı şikayətlə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin (bundan sonra-X9 Xidməti) Gəncə-Daşkəsən regional şöbəsinin rəisi tərəfindən onun barəsində qəbul edilmiş 04 mart 2025-ci il tarixli MN ******* saylı “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X9 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisinin onun barəsində qəbul etdiyi MN ******* saylı 04 mart 2025-ci il tarixli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarına əsasən, o (vəzifəli şəxs), Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İnzibati Xətalar Məcəlləsi) 192.6-cı maddəsi ilə təqsirli bilinməklə barəsində 1700 (bir min yeddi yüz) manat məbləgində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 (otuz) gün müddət müəyyən edilmiş, bu müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimənin ödənilməməsi, əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimənin ödənilməsi qərara alınmışdır. Həmin qərarı qanuni və əsaslı hesab etmir. Belə ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə Kəlbəcər rayonu Suvarma Sistemləri İdarəsi arasında bağlanmış müddətli əmək muqaviləsinə görə, müqavilə 14 yanvar 2025-ci il tarixədək müddətə bağlanılmış, 14 yanvar 2025-ci il tarixdə işçilərin son iş günü olmuş və müddətin son günündən növbəti gün- 15 yanvar 2025-ci il tarixdə müddətli əmək müqavilələrinə xitam verilmişdir. X9 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin səlahiyyətli vəzifəli şəxsinin tərtib etdiyi MN ******* saylı 26 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən, “Azər Xankişiyev tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra-Əmək Məcəlləsi) 73-cü maddəsinin 1-ci hissəsinin (müddətli əmək müqaviləsinin müddəti bitdikdə xitam verilməsi barədə) tələbi pozularaq idarənin işçiləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə bağlanmış əmək müqavilələrinə 15 yanvar 2025-ci il tarixdə xitam verilmişdir, bununla da İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir”. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə görə, müddətli əmək muqaviləsinin müddəti qurtardıqda xitam verilir; bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək muqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Deməli, müqavilənin məhz 14 yanvar 2025-ci il tarixdə ləğv edilməsini tələb etmək doğru deyil; müqaviləyə müddəti bitdiyi gündən 7 (yeddi) gün ərzində xitam verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 116.1ci maddəsinə əsasən, eyni ınzibatı xətanın inzibatı tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar quvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279 0.1, 393- 1.2, 39314, 394 0 5, 394 07, 395, 518 1, 532, 533-1, 536, 537 2, 539, 540 3 — 540 5, 541 — 544, 551 2, 557 2 və 603-cu maddələrində nəzərdə tutulan inzibatı xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının murəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bır aydan iki ayadək müəyyən olunur. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərara görə, hüquqpozma aradan qaldırılarsa, cərimə şərti hesab olunmalıdır. Lakin maraqlı odur ki, hüquqpozmanın aradan qaldırılması üçün hansı hərəkət edilməlidir. İnzibati məsuliyyətə cəlb edilməyimə səbəb əmək müqaviləsinin bitmə tarixindən sonrakı gün müqaviləyə xitam verməyim olmuşdur. Bu zaman müqaviləyə xitamın keçmiş tarixə düzəldilməsi mümkün deyildir. Deməli, inzibati xəta haqqında qərar da formal xarakter daşıyır, icranın mümkünlüyünü özündə ehtiva etmir. Hesab edir ki, onun əməlində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tərkibi yoxdur və həmin əməlin törədilməsində onun təqsirinin olmaması isə inzibati məsuliyyəti istisna edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibatı xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibatı xəta hesab olunur. Həmin əməlin törədilməsində mənim təqsirimin olmaması isə inzibati məsuliyyəti istisna edir. İnzibati Xətalar Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş uzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə muəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 8.2. və 8.3cü maddələrinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Hesab edir ki, onun əməlində inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən heç bir hərəkət və ya hərəkətsizlik olmadığından iş üzrə icraata xıtam verilməlidir Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarını rəhbər tutaraq şikayətin ərazi aidiyyəti üzrə Kəlbəcər Rayon Məhkəməsində baxılmasını mümkün hesab etmişdir. Şikayət məhkəməyə 10 mart 2025-ci il tarixdə daxil olmuş və şikayət üzrə məhkəmə baxışı iclası 01 aprel 2025-ci il tarixə təyin edilmiş, prosessual zərurətlə bağlı 04 aprel 2024-cü il tarixə təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq, inzibati tənbehvermə haqqında (şərti) qərar qəbul etmiş orqanın- X9 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir (o cümlədən araşdırma üçün məhkəməyə hər hansı sənəd təqdim etməmişlər). Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Faktiki hallar: X9 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin məsləhətçi-əmək müfəttişi X15 tərəfindən vəzifəli şəxs- X11 Sistemlərinin İsismarı İdarəsinin rəisi X1 İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirləndirilməsi ilə bağlı 26 fevral 2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, X9 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsinin rəisi X6 tərəfindən vəzifəli şəxs- X11 Sistemlərinin İsismarı İdarəsinin rəisi X1 İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinməsi və barəsində 1700 (bir min yeddi yüz) manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 04 mart 2025-ci il tarixli MN № ******* saylı qərar qəbul edilmişdir. Məhkəmə iclasında verilmiş izahatlar: Şikayət verən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs)- X11 Sistemlərinin İstismarı İdarəsinin rəisi X5 məhkəmə iclasında verdiyi izahatında şikayəti müdafiə edərək bildirmişdir ki, o, 2024-cü ilin sentyabr ayından X11 Sistemlərinin İstismarı İdarəsinin rəisi vəzifəsində çalışır; X9 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisinin onun barəsində qəbul etdiyi MN ******* saylı 04 mart 2025-ci il tarixli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarına əsasən, o (vəzifəli şəxs olaraq), Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İnzibati Xətalar Məcəlləsi) 192.6-cı maddəsi ilə təqsirli bilinməklə barəsində 1700 (bir min yeddi yüz) manat məbləgində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 (otuz) gün müddət müəyyən edilmiş, bu müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimənin ödənilməməsi, əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimənin ödənilməsi qərara alınmışdır. Həmin qərari qanuni və əsaslı hesab etmir, belə ki, Zərərçəkmiş şəxs1 (mühəndis-hidrometr vəzifəsinə) və Zərərçəkmiş şəxs2 ilə (mühəndis vəzifəsinə) X11 Sistemlərinin İstismarı İdarəsinin rəisi arasında tərəflərin qarşılıqlı razılığı ilə bağlanmış 14 oktyabr 2024-cü il tarixli müddətli əmək muqavilələrinə gorə, hər iki müqavilə 14 yanvar 2025-ci il tarixədək müddətə bağlanılmış və 14 yanvar 2025-ci il tarixdə həmin işçilərin son iş günü olmuş, əmək müqavilələri müddətinin son günündən ertəsi gün- 15 yanvar 2025-ci il tarixdə işəgötürən olaraq onun tərəfindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən- əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı xitam verilmişdir. Əmək müqavilələrinə xitam verilməsindən əvvəl, işəgötürən X11 Sistemlərinin İstismarı İdarəsinin rəisi Azər Xankişiyevin adından hər iki işçinin faktiki yaşayiş ünvanlarına 29 dekabr 2024-cü il tarixdə poçt vasitəsilə ayrı-ayrılıqda yazılı xəbərdarlıq göndərilərək, həmin işçilərlə 14 oktyabr 2024-cü il tarixdə bağlanmış əmək müqavilələrinin müddətinin 14 yanvar 2025-ci il tarixdə bitəcəyi səbəbindən əmək müqavilələrinə 15 yanvar 2025-ci il tarixdə xitam veriləcəyi barədə rəsmi məlumat verilmişdir- poçt qəbzlərindən görünür ki, həmin yazılı xəbərdarlıqlar hər iki işçiyə ayrı-ayrılıqda 06 yanvar 2025-ci il tarixdə çatdırılmışdır. X9 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin səlahiyyətli vəzifəli şəxsinin tərtib etdiyi MN ******* saylı 26 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, “Azər Xankişiyev tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin (müddətli əmək müqaviləsinin müddəti bitdikdə xitam verilməsi barədə) tələbi pozularaq idarənin işçiləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə bağlanmış əmək müqavilələrinə 15 yanvar 2025-ci il tarixdə xitam verilmişdir, bununla da X2 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir”. Bundan sonra X9 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi tərəfindən vəzifəli şəxs- X11 Sistemlərinin İsismarı İdarəsinin rəisi X1 İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinməsi və barəsində 1700 (bir min yeddi yüz) manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 04 mart 2025-ci il tarixli MN № ******* saylı qərar qəbul edilmişdir.Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə görə, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir; müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur- deməli, müqavilələrin mütləq 14 yanvar 2025-ci il tarixdə ləğv edilməsini tələb etmək doğru deyildir, müqaviləyə müddəti bitdiyi gündən sonrakı gün də xitam verilə bilər. Hesab edir ki, hazırki halda işəgötürən olaraq onun əməlində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tərkibi yoxdur və inzibati məsuliyyəti istısna edir. Hesab edir ki, onun- vəzifəli şəxs Azər Xankişiyevin əməlində inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən heç bir hərəkət və ya hərəkətsizlik olmadığından, hazırki inzibati xəta haqqında iş üzrə icraata xıtam verilməlidir. Şikayət verən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs)- X11 Sistemlərinin İstismarı İdarəsinin rəisinin nümayəndəsi Nümayəndə məhkəmə icasında nümayəndəsi olduğu vəzifəli şəxslə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, ixtisasca ali təhsilli mühəndisdir və mühasibatlıq üzrə peşə ixtisası vardır; 30 iyul 2008-ci ildən X4 İdarəsində müddətsiz əmək müqaviləsi ilə köməkçi-mühasib vəzifəsində qüsursuz işləmiş, 2024-cü ilin avqust ayında X4 İdarəsi ilə Kəlbəcər Su-Kanal İdarəsi birləşdirilərək X11 Sistemlərinin İstismarı İdarəsi yaradılmış, bundan sonra İdarəyə rəis vəzifəsinə təyin edilmiş Azər Xankişiyevin yalan vədlərinə inanaraq könüllü şəkildə 14 oktyabr 2024-cü il tarixdə işəgötürənlə mühəndis vəzifəsinə 3 (üç) ay müddətinə- 14 yanvar 2025-ci il tarixədək olan müddətə elektron əmək müqaviləsi bağlamış, X11 Sistemlərinin İstismarı İdarəsinin rəisinin 15 yanvar 2025-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən- əmək müqaviləsinin müddətinin başa çatması əsası ilə əmək müqaviləsinə xitam verilmişdir; o, 15 yanvar 2025-ci il tarixdən işdən azad olunduğuna görə 15 yanvar 2025-ci il tarixdən işə çıxmamışdır. Hesab edir ki, işəgötürən Azər Xankişiyev onun etibarından sui-istifadə edərək onu aldatmışdır, belə ki, X8la həmin müddətli əmək müqaviləsi bağlanarkən onu inandırmışdı ki, guya heç kimi işdən azad etmək fikri yoxdur və müddətli əmək müqaviləsinin bağlanması guya ümumi qaydadır; hal-hazırda isə o, işsiz qalmışdır, heç işsizliklə bağlı müavinət də ala bilmir- məşğulluq orqanından bununla bağlı ona bildirilir ki, onun əmək müqaviləsi müddətli olduğundan ona işsizliklə bağlı müavinət verilə bilməz. X8 bir nöqsanını da ona bildirə bilmir. Bundan başqa, əmək müqaviləsinə 15 yanvar 2025-ci il tarixdən xitam veriləcəyi ilə bağlı işəgötürənin müvafiq yazılı xəbərdarlığını 06 yanvar 2025-ci il tarixdə poçt vasitəsi ilə alsa da, əmək müqaviləsinin müddətinin 14 yanvar 2025ci il tarixdə başa çatdığı halda həmin müqaviləyə 15 yanvar 2025-ci il tarixdə xitam verilməsi də qanunsuzdur, bununla bağlı X9 Xidmətinə müraciət etmişdir. O, işinə bərpa olunmaq istəyir, ona görə də X9 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X6 tərəfindən vəzifəli şəxs- X11 Sistemlərinin İsismarı İdarəsinin rəisi X1 İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinməsi və barəsində 1700 (bir min yeddi yüz) manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 04 mart 2025-ci il tarixli MN № ******* saylı qərarı qanuni və əsaslı hesab edir, həmin qərarın dəyişdirilmədən saxlanmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, orta ixtisas təhsilli maliyyəçidir və hal-hazırda ali məktəbdə mühasibatlıq ixtisası üzrə əyani ali təhsil alır; 2018-ci ildən müddətsiz əmək müqaviləsi ilə X4 İdarəsində anbardar vəzifəsində qüsursuz işləmiş, 2024-cü ilin avqust ayında X4 İdarəsi ilə Kəlbəcər Su-Kanal İdarəsi birləşdirilərək X11 Sistemlərinin İstismarı İdarəsi yaradılmış, bundan sonra İdarəyə rəis vəzifəsinə təyin edilmiş Azər Xankişiyevin yalan vədlərinə inanaraq könüllü şəkildə 14 oktyabr 2024-cü il tarixdə işəgötürənlə mühəndis-hidroloq vəzifəsinə 3 (üç) ay müddətinə- 14 yanvar 2025-ci il tarixədək olan müddətə elektron əmək müqaviləsi bağlamış, X11 Sistemlərinin İstismarı İdarəsinin rəisinin 15 yanvar 2025-ci il tarixli 86/k nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasənəmək müqaviləsinin müddətinin başa çatması əsası ilə əmək müqaviləsinə xitam verilmişdir; o, 15 yanvar 2025-ci il tarixdən işdən azad olunduğuna görə 15 yanvar 2025-ci il tarixdən işə çıxmamışdır. Hesab edir ki, işəgötürən Azər Xankişiyev onun etibarından sui-istifadə edərək onu aldatmışdır, belə ki, X8la həmin müddətli əmək müqaviləsi bağlanarkən onu inandırmışdı ki, guya heç kimi işdən azad etmək fikri yoxdur və müddətli əmək müqaviləsinin bağlanması guya ümumi qaydadır; hal-hazırda isə o, işsiz qalmışdır. Bundan başqa, əmək müqaviləsinə 15 yanvar 2025-ci il tarixdən xitam veriləcəyi ilə bağlı işəgötürənin müvafiq yazılı xəbərdarlığını 06 yanvar 2025-ci il tarixdə poçt vasitəsi ilə alsa da, əmək müqaviləsinin müddətinin 14 yanvar 2025-ci il tarixdə başa çatdığı halda həmin müqaviləyə 15 yanvar 2025-ci il tarixdə xitam verilməsi də qanunsuzdur, bununla bağlı X9 Xidmətinə müraciət etmişdir. O, işinə bərpa olunmaq istəyir, ona görə də X9 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X6 tərəfindən vəzifəli şəxs- X11 Sistemlərinin İsismarı İdarəsinin rəisi X1 İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinməsi və barəsində 1700 (bir min yeddi yüz) manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 04 mart 2025-ci il tarixli MN № ******* saylı qərarı qanuni və əsaslı hesab edir, həmin qərarın dəyişdirilmədən saxlanmasını məhkəmədən xahiş edir. Məhkəmə icraatında tədqiq edilmiş sənədlər: -X9 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin məsləhətçi-əmək müfəttişi X15 tərəfindən vəzifəli şəxs- X11 Sistemlərinin İstismarı İdarəsinin rəisi X5 barəsində tərtib edilmiş 26 fevral 2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X18 Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin (müddətli əmək müqaviləsinin müddəti bitdikdə xitam verilməsi barədə) tələbini pozaraq idarənin işçiləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə bağlanmış əmək muqavilələrinə 15 yanvar 2025-ci il tarixdə xitam verməklə X2 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilir. -X9 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X7 tərəfindən vəzifəli şəxs- X11 Sistemlərinin İstismarı İdarəsinin rəisi X5 barəsində qəbul edilmiş 04 mart 2025-ci il tarixli MN № ******* saylı “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarın surətindən görünür ki, X18 Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin (müddətli əmək müqaviləsinin müddəti bitdikdə xitam verilməsi barədə) tələbini pozaraq idarənin işçiləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə bağlanmış əmək muqavilələrinə 15 yanvar 2025-ci il tarixdə xitam verməklə X2 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 1700 (bir min yeddi yüz) manat məbləğdə cərimənin şərti olsrsq tətiq edilməsi qərara alınmışdır. -İş materiallarında olan elektron əmək müqaviləsinin kağız daşıyıcıda olan əksindən görünür ki, mühəndis Zərərçəkmiş şəxs2 ilə bağlı əmək müqaviləsinin bağlandığı tarix 30 iyul 2008-ci il olduğu və müqavilənin müddətinin 14 yanvar 2025-ci il tarixdə başa çatacağı göstərilir. -İş materiallarında olan elektron əmək müqaviləsinin kağız daşıyıcıda olan əksindən görünür ki, mühəndis-hidrometr Zərərçəkmiş şəxs1 ilə bağlı əmək müqaviləsinin bağlandığı tarix 04 mart 2020-ci il olduğu və müqavilənin müddətinin 14 yanvar 2025-ci il tarixdə başa çatacağı göstərilir. -X11 Sistemlərinin İstismarı İdarəsinin rəisinin adından Zərərçəkmiş şəxs2 göndərilmiş 29 dekabr 2024-cü il tarixli 152 nömrəli məktubdan görünür ki, əmək müqaviləsinin müddətinin 14 yanvar 2025-ci il tarixdə başa çatması ilə bağlı 15 yanvar 2025-ci il tarixdən işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir (İş materiallarında olan müvafiq poçt xəbərnaməsinin surəti həmin məktubun ünvançı tərəfindən 06 yanvar 2025-ci il tarixdə alınmasını təsdiq edir, eyni zamanda bu fakt Zərərçəkmiş şəxs2 tərəfindən inkar edilmir-hakimin qeydi). -X11 Sistemlərinin İstismarı İdarəsinin rəisinin adından Zərərçəkmiş şəxs1 göndərilmiş 29 dekabr 2024-cü il tarixli 151 nömrəli məktubdan görünür ki, əmək müqaviləsinin müddətinin 14 yanvar 2025-ci il tarixdə başa çatması ilə bağlı 15 yanvar 2025-ci il tarixdən işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir (İş materiallarında olan müvafiq poçt xəbərnaməsinin surəti həmin məktubun ünvançı tərəfindən 06 yanvar 2025-ci il tarixdə alınmasını təsdiq edir, eyni zamanda bu fakt Zərərçəkmiş şəxs1 tərəfindən inkar edilmir-hakimin qeydi). -X11 Sistemlərinin İstismarı İdarəsinin rəisinin 15 yanvar 2025-ci il tarixli 87/k saylı əmrindən görünür ki, Zərərçəkmiş şəxs2 ilə bağlanmış əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin 14 yanvar 2025-ci il tarixdə başa çatması ilə əlaqədar 15 yanvar 2025-ci il tarixdən xitam verilmişdir. -X11 Sistemlərinin İstismarı İdarəsinin rəisinin 15 yanvar 2025-ci il tarixli 86/k saylı əmrindən görünür ki, Zərərçəkmiş şəxs1 ilə bağlanmış əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin 14 yanvar 2025-ci il tarixdə başa çatması ilə əlaqədar 15 yanvar 2025-ci il tarixdən xitam verilmişdir. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq elektron informasiya sistemindən əldə olunaraq işəgötürən tərəfindən kağız daşıyıcıda çap olunmuş “xxxxxxx0001X0” nömrəli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, Zərərçəkmiş şəxs2 ilə 30 iyul 2008-ci ildə bağlanmış əmək müqaviləsinə 15 yanvar 2025-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən- əmək müqviləsinin müddətinin qurtarması ilə əlaqədar xitam verilmişdir. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq elekktron informasiya sistemindən əldə olunaraq işəgötürən tərəfindən kağız daşıyıcıda çap olunmuş “xxxxxxx000X0” nömrəli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, Zərərçəkmiş şəxs1 ilə 04 mart 2020-ci ildə bağlanmış əmək müqaviləsinə 15 yanvar 2025-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən- əmək müqviləsinin müddətinin qurtarması ilə əlaqədar xitam verilmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidməti tərəfindən 19 sentyabr 2024-cü il tarixdə verilmiş vergi uçotu haqqında ŞƏHADƏTNAMƏdən (№ VÖEN: **********) görünür ki, X11 Sistemlərinin İstismarı İdarəsinin hüquqi şəxs olaraq 10 mart 2025-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: -60-cı maddəsinin: birinci (İ) hissəsində bəyan edilir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; ikinci (İİ) hissəsində bəyan edilir ki, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; üçüncü (İİİ) hissəsində bəyan edilir ki, hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; dördüncü (İV) hissəsində bəyan edilir ki, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. -125-ci maddəsinin yeddinci (Vİİ) hissəsində bəyan edilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. -127-ci maddəsinin dördüncü (İV) hissəsində bəyan edilir ki, ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. -129-cu maddəsinin üçüncü (İİİ) hissəsində bəyan edilir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Əmək Məcəlləsinin: -3-cü maddəsinin 5-ci hissəsindən görünür ki, əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; -7-ci maddəsinin: 1-ci hissəsinə əsasən, işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir; 2-ci hissəsinin 12 avqust 2024-cü il tarixədək (o cümlədən inzibati orqan tərəfindən iddia olunan əmək münasibətlərinin mövcud olduğu dövrdə) qüvvədə olmuş mətninə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; -7-ci maddəsinin 12 avqust 2024-cü il tarixdən sonra və hal-hazırda qüvvədə olan 2-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır; -8-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə — illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir; -11-ci maddəsinin 1-ci hissəsinin birinci abzası və “b” bəndindən görünür ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biridir; -44-cü maddəsinin 12 avqust 2024-cü il tarixdən sonra hal-hazıradək qüvvədə olan 1-ci hissəsinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron sənəd formasında bağlanılır; -44-cü maddəsinin 12 avqust 2024-cü il tarixədək qüvvədə olmuş 1-ci hissəsinə əsasən, əmək müqaviləsi yazılı bağlanır; -45-ci maddəsinin: -1-ci hissəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır; müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; - 4-cü hissəsinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; -5-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 (beş) ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir; -46-cı maddənin 6-cı hissəsinə əsasən, əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir; razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir; bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər; elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir; -47-ci maddəsinin birinci abzası və “f” bəndindən görünür ki, maddənin mətnində göstərilən digər şərtlərlərdən əlavə, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müddətli bağlana bilər. -73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir; müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur; -87-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hal (Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci maddəsində göstərilən hallarhakimin qeydi) istisna olmaqla, işçinin əmək fəaliyyəti haqqında məlumatlar elektron informasiya sistemində qeydə alınır. İnzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. -31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. -75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -84.1-cı maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. -84.2-cı maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. -134.1 və 134.1.4-cü maddələrindən görünür ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 (hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması-hakimin qeydi) və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. -134.2-ci maddəsinə əsasən, şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. -135.1 və 135.1.1-ci maddələrindən görünür ki, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardan biridir. -192.6-cı maddəsinə əsasən, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə- vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, şikayət verən (barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş vəzifəli şəxs X11 Sistemləri İdarəsinin rəisi X5 işəgötürən olduğu həmin idarədə müddətli əmək müqaviləsi əsasında işləyən və hər birinin müqavilə müddəti 14 yanvar 2025-ci il tarixdə başa çatan işçilər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə bağlanmış müddətli əmək müqavilələrinin 14 yanvar 2025-ci il tarixdə bitəcəyi barədə qanunda nəzərdə tutulmuş qaydada yeddi gündən artıq müddət əvvəldən rəsmi xəbərdarlıq etməklə və həmin işçiləri 15 yanvar 2025-ci il tarixdə əmək fəaliyyətinə cəlb etmədən əmək müqavilələrinə 15 yanvar 2025-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verməklə qanunsuzluq etməmiş, o cümlədən həmin fakt üzrə İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir- həmin fakt üzrə inzibati xəta hadisəsi olmamışdır. Bununla belə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparmış və nəticədə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə əsassız qərar qəbul etmişdir. Belə ki, X9 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin səlahiyyətli şəxsi iş üzrə zəruri faktları tam araşdırmamış, o cümlədən 10 mart 2005-ci il tarixdə qeydiyyata alındığı göstərilən X11 Sistemləri İdarəsinin zərərçəkmiş şəxslərin əvvəl çalışmış olduqları X4 İdarəsinin hüquqi varisi olub-olmaması, işəgötürənin həmin işçilərlə (zərərçəkmiş şəxslərlə) müddətli əmək müqaviləsini bağlamaq hüququnun olub-olmaması aydınlaşdırılmamışdır-deməli, İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsində nəzərdə tutulan hal mövcuddur: səlahiyyətli vəzifəli şəxs olan X9 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsinin rəisi gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. Ona görə də vəzifəli şəxs X11 Sistemləri İdarəsinin rəisi X1 şikayəti qismən təmin edilməli, X9 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi tərəfindən vəzifəli şəxs- X11 Sistemləri İdarəsinin rəisi X5 barəsində qəbul edilmiş 04 mart 2025-ci il tarixli “MN № 0023566” saylı “İnzibati cərimənin şərti tətbiq edilməsi haqqında” qərar ləğv edilməli və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə göndərilməlidir. Məhkəmə (hakim) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115.1, 134.1.4 və 135.1.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi tərəfindən vəzifəli şəxs- X11 Sistemləri İdarəsinin rəisi X5 barəsində qəbul edilmiş 04 mart 2025-ci il tarixli “MN № 0023566” saylı “İnzibati cərimənin şərti tətbiq edilməsi haqqında” qərar ləğv edilsin və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə göndərilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar