Məhkəmə qərarları › İş №3(041)-1035/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1035/2024

21.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1035/2024 21.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Kürdəmir şəhəri H.Aslanov küçəsi ev-34-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23-30 radələrində sərxoş vəziyyətdə Kürdəmir şəhəri Babək prospektində ayrı-ayrı şəxslərin, o cümlədən onu intizama dəvət edən polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söymüş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir rayon polis şöbəsindən daxil olmuş, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sərxoş vəziyyətdə xx.xx.2024-cü il tarixdə saat 23-30 radələrində Kürdəmir şəhəri Babək prospektində onu intizama dəvət edən xidmətdə olan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nın 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır, subaydır. xx.xx.2024-cü il tarixdə gecə saatlarında evlərində 1 litrə yaxın spirtli içki araq qəbul etmiş və evdən çıxaraq küçə ilə hərəkət etmiş və ağır dərəcədə sərxoş vəziyyətində olduğu üçün etdiyi hərəkətləri xatırlamır. Əməlindən peşmandır, polis əməkdaşlarından üzr istəyərək bağışlanmasını istəmişdir. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin polis sahə nəfəri, polis serjantı X2 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 23-30 radələrində xidməti ərazidə postda olarkən bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlədərək onlara tərəf gəlməsini görmüş, ilk əvvəl ona məhəl qoymamış, sonradan həmin şəxs onları da söyüb-təhqir etdiyindən digər polis əməkdaşı Samir Kərimovla bərabər ona yaxınlaşaraq nizam-intizama dəvət etmiş, lakin ağır dərəcəli sərxoş vəziyyətində olduğundan onlara tabe olmamış, söyüşlərini davam etdirərək ictimai qaydanı pozduğu üçün ərazidə xidmət aparan digər polis əməkdaşlarına məlumat vermiş, polis əməkdaşları onların yanına gələrək Şəxs polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin polis sahə nəfəri, polis serjantı X1 digər şahid X2 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etdi. İşə əlavə edilmiş, xx.xx.2024-cü il tarixli protokollardan məlum olur ki, həmin tarixdə İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib olunmuş inzibati xəta haqqında protokollarla tanış edilmiş, protokollarla razı olaraq imzalamış və izahat vermişdir. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakını məhv edilməsi və ya zədələməsi ilə müşaiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı Şəxs Kürdəmir şəhəri Babək prospektində gecə saat 23- 30 radələrində ictimai qaydanı pozan hərəkətləri ilə və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması ilə bağlı törətdiyi inzibati xəta özünün etirafı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollarla və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, törətdiyi inzibati xətalara görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati tənbeh tədbiri görülməlidir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində daha ciddi xəta hesab edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, AZA000502 nömrəli inzibati qaydada tutuma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il saat 00.15-da inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli onun inzibati qaydada tutulduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli onun inzibati qaydada tutulduğu gündən, yəni 20 oktyabr 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar