Məhkəmə qərarları › İş №3(041)-1040/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1040/2024

22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1040/2024 22.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş Kürdəmir Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X2 iştirakları ilə, xx.xx.1986-cu il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN-xxxxxxx) Şəxs barəsində Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sora - İXM-nin) 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Kürdəmir RPŞ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* və xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollar və onlara əlavə edilmiş material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Kürdəmir RPŞ – nın İTB-nın sahə rəisi, polis kapitanı X4 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə X3 ərizə ilə müraciəti əsasında Kürdəmir RPŞ-nin CAB-ın əmakdaşları Kürdəmir şəhər sakini Şəxs saxlayaraq RPŞ-nə dəvət etmişlər, lakin Şəxs polis əməkdaşlarının qanunu tələblərinə tabe olmamış, RPŞ-nə getməkdən imtina etmiş, ucadan nalayiq ifadələr işlətməyə başlamışdır. Ona görə də həmin şəxsi RPŞ-nə gətirmişlər. Bu səbəbdən, Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, bir müddət Rusiya Federasiyasında yaşadıqdan sonra yaxınlarda Azərbaycan Respubliksına gəlmidir. Təxminən 3-4 gün əvvəl Kürdəmir şəhərində Kamran adlı şəxsin aptekinə dərman almaq üçün girmişdir. Orada olan zaman bir nəfər qadının ona baxaraq güldüyünü görmüş və ondan nə olduğunu soruşduqda o da heç nə olmadığını bildirərək çölə çıxmışdır. O da aldığı dərman pulunu verərək çölə çıxmışdır. Çölə çıxdıqda orada olan oğlanlar həmin qadının onun idarə etdiyi avtomobili soruşduğunu demişdirlər. Sonra o da avtomobilə əyləşərək oradan getdiyi zaman qırmız rəndə “Chevrolet” markalı bir avtomobilin onun arxasından gəldiyini görmüş və öz avtomobilini kənara çəkərək saxlamışdır. Bu zaman həmin avtomobil onun avtomobilinin yanında saxlamış və ona mesajlar göstərərək onun yazıb-yazmadığını soruşmuşdur. O da həmin mesajların onun yazmadığını bildirmişdir. xx.xx.2024-cdü il tarixdə Asan xidmətə uşağının şəxsiyyət vəsiqəsini götürüb qayıtdığı zaman qarşısına “Doblo” markalı avtomobilin çıxdığını görüb saxlamışdır. Həmin avtomobildən polis əməkdaşları enərək ona yaxınlaşmış və şöbəyə dəvət etmişlər. Sonda Şəxs birldirmişdir ki, o, polis əməkdaşlarını söyməmiş və heç bir müqavimət göstərməmişdir. Rusiya Federasiyasından yaxın vaxtlarda gəlməsinə baxmayaraq o, həmin ölkəyə aid telefon nömrəsi işlətmir, heç kimə qarşı təhqiramiz ifadər yazmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili X5 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Kürdəmir RPŞ-nə ərizə daxil olmuşdur. Daxil olmuş ərizə əsasında həmin şəxsi Asan xidmət ərazisi ətrafında görüb ona yaxınlaşaraq, özlərini təqdim etmiş və onu RPŞ-nə dəvət etmişlər. Şəxs isə onlarla gəlməkdən imtina etmiş və ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı üçün onu məcburi RPŞ-nə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8, X11 və X12, X5 ilə ümumən eyni məzmunlu izahatlar vermiş, izahatlarında Şəxs polis şöbəsinə əvvəlcə getmək istəmədiyini, sonra isə onu polis şöbəsinə apardıqlarını bildirmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli AZA 000504 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin gün, saat 20:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir şəhəri, Bakı prospektində ictimai yerdə nalayiq ifadələr işlətmiş, İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir şəhəri, Bakı prospektində Kürdəmir RPŞ-nin əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, İXM-in 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, X1 RPŞ-nə ərizə yazaraq təxminən bir həftə ərzində “Rövşən” adlı şəxsin Rusiya Federasiyasına aid nömrə ilə “Watsapp” üzərindən ona nalayiq mesajlar yazdığını bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və şahidlərin izahatlarını dinləyib, həmçinin inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Kürdəmir RPŞ tərəfindən Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar əsaslıdır. Belə ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özü etiraf etməsə də inzibati xəta haqqında protokollar tərtib etmiş şəxsin izahatları, şahidlərin izahatları, iş materialları və məhkəmə iclasında toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İXM-nə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 510-cu madəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2020-ci il tarixli qərarına əsasən İXM-in 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Lakin bu o anlama gəlmir ki, eyni vaxtda törədilən inzibati xətalara baxan səlahiyyətli orqan yalnız daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı qiymətləndirir. İnzibati xətaya dair işlərə baxan səlahiyyətli orqan, şəxs tərəfindən eyni vaxtda törədilən hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verməli, bu xətaların hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməli, sadəcə olaraq ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddlərində tənbeh tətbiq etməlidir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXMin 34.3-cü maddəsinə əsasən, xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar