Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1041/2024 07.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Şilyan kəndində qeydiyatda olmaqla Bakı şəhərində kirayədə yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN2085557 nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs Azərbaycan Respublikası Mərkəzi Bankının 0480367, 0480371, 0480383, 0088360, 0088361, ******* və ******* nömrəli qərarları üzrə cəriməni təyin edilmiş müddət ərzində ödəməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru M.R.Şirnalıyev tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandıraraq bildirdi ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarla 18000 ABŞ dolları məbləğində, xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarla 34540 ABŞ dolları məbləğində, xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarı ilə barəsində 14.700 ABŞ dolları məbləğində, xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli qərarla 5000 ABŞ dolları məbləğində, xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli qərarla 5000 ABŞ dolları məbləğində, xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli qərarla 5000 ABŞ dolları məbləğində, xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli qərarla 6650 ABŞ dolları məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Hər bir qərar üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borclunun qeydiyatda olduğu Kürdəmir rayonu Şilyan kəndinə göndərilmişdir. Edilmiş xəbərdarlıqlara və aparılmış məcburi icra tədbirlərinə baxmayaraq, icra sənədləri üzrə ödənişləri təmin etmək mümkün olmamışdır. Eyni borclu barəsində bir neçə icra sənədi olduğundan, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 54.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli qərarla həmin icra sənədləri bir icraatda birləşdirilmişdir. Aparılmış araşdırmalar nəticəsində Şəxs adına olan telefon nömrələri müəyyən edilmiş və o, telefon vasitəsilə icra şöbəsinə dəvət edilmişdir. Şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon icra və probasiya şöbəsinə gəlmiş və verdiyi izahatında bildirmişdir ki, Kürdəmir rayonunun Şilyan kəndində qeydiyatda olmasına baxmayaraq, uzun müddətdir ki, Bakı şəhərində yaşadığı üçün qeydiyatda olduğu Kürdəmir rayonu Şilyan kəndində gələn bildirişlərdən məlumatı olmadığını, telefon vasitəsiylə onunla əlaqə saxlanıldıqdan sonra dərhal Kürdəmir rayon icra və probasiya şöbəsinə gəldiyini bildirmişdir. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə icraata başlama haqqında qərarın surəti və tələbin könüllü icra edilməsi barədə bildiriş ona təqdim edilmişdir. Şəxs icra sənədində göstərilən cərimə məbləğlərini ödəməyə maddi imkanı olmadığını, borca düşdüyünü və bütün daşınar və daşınmaz əmlaklarını satsa da borclarını tam ödəyə bilməmişdir. Şəxs xx.xx.2024-cü il tarixdə təkrarən icra şöbəsinə dəvət edilmiş və verdiyi izahatında heç bir işləmədiyi, adına daşınar və daşınmaz əmlak olmadığı üçün icra sənədi üzrə heç bir ödəniş edə bilmədiyini göstərmişdir. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməklə Azərbaycan Respubikası İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 2021-2022-ci illərdə bir Türk vətəndaşı ilə tanış olmuş və söhbət əsnasında ona bildirmişdir ki, Çin dövlətindən inşaat materiallarının gətirilməsi işi ilə məşğul olur, istərsə onu da bu işə cəlb edə bilər. Uzun söz-söhbətdən sonra ona inanaraq bütün daşınar və daşınmaz əmlaklarını sataraq pulları hissə-hissə Çin dövlətində yerləşən bir şirkətin bank hesabına köçürmüş, lakin deyilən vaxtdan uzun müddət keçməsinə baxmayaraq göndərilməli olan inşaat materialları ona göndərilməmiş, tanış olduğu Türk vətəndaşının telefonuna isə zəng çatmadığına görə aldadıldığını başa düşmüş və sonradan etdiyi hərəkətlərə baxmayaraq ödədiyi pulları geri qaytara bilməmişdir. Hazırda da araşdırmalar davam etdirilsə də, hələlik heç bir müsbət nəticə əldə edilməmişdir. Çin dövlətinə köçürdüyü 300 000 ABŞ dollarından artıq vəsaitin böyük hissəsini qohumlarından və dostlarından borc götürmüş və hal-hazıra kimi həmin borclarını da qaytara bilməmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankın onun barəsində tətbiq etdikləri cərimələrlə tam razıdır, lakin qeyd etdiyi hallara görə həmin cərimələri ödəmək iqtidarında deyil. Bakı şəhərində kirayədə qaldığı üçün icra məmuru tərəfindən qeydiyyatda olduğu Kürdəmir rayonunun Şilyan kəndinə göndərilmiş sənədlərdən məlumatı olmamışdır. İcra məmuru telefon vasitəsiylə onu Kürdəmir rayon icra və probasiya şöbəsinə dəvət etmiş, həmin gün, yəni xx.xx.2024-cü il tarixdə icra şöbəsinə gəlmiş, icra məmuru icraata başlama haqqında qərarı və tələbin könüllü icra edilməsi barədə bildirişi ona təqdim etmişdir. Şəxs izahatının sonunda göstərdiyi halları nəzərə alaraq, barəsində ədalərli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarla 18000 ABŞ dolları məbləğində, xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarla 34540 ABŞ dolları məbləğində, xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarı ilə barəsində 14.700 ABŞ dolları məbləğində, xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli qərarla 5000 ABŞ dolları məbləğində, xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli qərarla 5000 ABŞ dolları məbləğində, xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli qərarla 5000 ABŞ dolları məbləğində, xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli qərarla 6650 ABŞ dolları məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Həmin qərarlar əsasında qəbul edilmiş icraata başlama haqqında qərarların surəti və tələbin könüllü icra edilməsi barədə bildirişlər borclu Şəxs qeydiyatda olduğu Kürdəmir rayonunun Şilyan kəndinə göndərilmiş, lakin həmin sənədlərin borcluya təqdim edilməsini təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. İş materiallarına əlavə edilmiş, icraata başlama haqqında qərarların və tələbin könüllü icra edilməsi barədə bildirişlərin xx.xx.2024-cü il tarixdə Şəxs imza etdirməklə təqdim edilməsi onu göstərir ki, həmin sənədlər göstərilən tarixə kimi bopcluya təqdim edilməmişdir. İşə əlavə edilmiş, xx.xx.2024-cü il tarixli qərarla eyni borclu barəsində bir neçə icra sənədi olduğundan, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 54.1-ci maddəsinə əsasən həmin icra sənədləri bir icraatda birləşdirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati tənbeh vermə haqqında qərarları ilə tətbiq edilmiş cərimələri 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməməklə Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İnzibati Xətalar Məcəlləsi inzibati xətalar haqqında işin həllini təmin edən bir neçə müstəqil prosessual mərhələni nəzərdə tutur ki, bunlardan biri də inzibati xətalar haqqında işlər üzrə qərarların icra olunmasıdır. İnzibati Xətalar Məcəlləsinin 139-cu maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın icrası bütün dövlət orqanları, bələdiyyələr, vəzifəli şəxslər, fiziki şəxslər, hüquqi şəxslər üçün məcburidir. İnzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan dərhal icra olunmalıdır. Bu mövqedən çıxış edərək qanunverici öz səlahiyyətləri çərçivəsində hər kəsin hüquq və azadlıqlarının qorunması məqsədilə inzibati xətalar haqqında işlər üzrə qanuni qüvvəyə minmiş qərarların icrası mərhələsində həmin qərarın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən edir və onları mütəmadi təkmilləşdirir. İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə müvafiq inzibati tənbeh tədbirinin (ictimai işlərin) tətbiq edilməsi nəzərdə tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsinin tələbinə görə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Həmin Məcəllənin 150.9-cu maddəsinə müvafiq olaraq, fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. İnzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə bağlı məsələlərə gəldikdə o da nəzərə alınmalıdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən həmin qərarın icrasının müəyyən edilmiş müddətdə həyata keçirilməsini qeyri-mümkün edən hallar mövcud olduqda və ya şəxsin maddi vəziyyəti nəzərə alınmaqla, inzibati xətalar qanunvericiliyi həmin qərarı qəbul etmiş hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında qərarın icrasının təxirə salınması və ya ona möhlət verilməsi barədə qərardadın qəbul edilməsinin mümkünlüyünü müəyyən etməklə, inzibati cərimənin müəyyən olunmuş müddətdə ödənilməsinin təmin edilməsi üçün müxtəlif hüquqi imkanlar nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 143-cü maddəsi). X5 Məcəlləsinin 150.7-ci maddəsinə müvafiq olaraq, barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilən fiziki şəxs işləmirsə, yaxud onun əməkhaqqından və ya digər gəlirlərindən inzibati cərimənin ödənilməsi mümkün deyildirsə, eləcə də hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları barədə məlumat və ya hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, yaxud cərimə könüllü qaydada ödənilmədikdə inzibati cərimə tətbiq etmə haqqında qərar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra – “İcra haqqında” Qanun) nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldilir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 43-cü maddəsində icra məmurları tərəfindən görülə bilən məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər nəzərdə tutulmuşdur. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq isə icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra məmurunun bilavasitə vəzifəsidir. Həmin Qanunun 11-ci maddəsinə müvafiq olaraq isə icra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd olunduğu kimi, inzibati cərimə növündə tənbeh tətbiq etmə barədə səlahiyyətli orqanın (vəzifəli şəxsin) və ya məhkəmənin məcburi icraya yönəldilmiş qərarı müvafiq olaraq 2 ay və ya 15 gün müddətində icra edilmədikdə, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokolu tərtib edir. İnzibati Xətalar Məcəlləsinin 150.10-cu maddəsinə görə isə inzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri bu Məcəllənin 150.9-cu maddəsində göstərilən müddətlərdə, yəni məcburi icra üçün müəyyən edilmiş müddətlərdə aşkar edildikdə, bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi icra tədbirləri davam etdirilir. Hazırki iş üzrə əldə edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası Mərkəzi Bankının qəbul etdiyi inzibati tənbeh vermə haqqında qərarlarının icrasını təmin etmək məqsədilə icra məmuru tərəfindən hər bir qərar üzrə icraata başlama haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra edilməsi barədə bildirişlə xx.xx.2024-cü il tarixdə borclu Şəxs təqdim edilmişdir. Bundan əvvəl də icra sənədinin icrasını təmin etmək məqsədilə zəruri hesab edilən məcburi icra tədbirləri görülmüş, lakin borcluya məxsus daşınar və daşınmaz əmlak müəyyən edilmədiyindən icra sənədlərinin icrası mümkün olmamışdır. Sonradan eyni borclu barəsində olan icra sənədləri bir icraatda birləşdirilmiş və borclu icra şöbəsinə dəvət edilərək ondan izahat alınmışdır. Borclunun həm icra şöbəsində, həm də ki, məhkəmədə verdiyi izahatında onun müflis olması, ölkə xaricinə köçürdüyü pulları dələduzlar mənimsəmiş, hal-hazıra kimi köçürülən pulları və ya onun müqabilində göndərilməli olan inşaat materiallarını geri ala bilməmişdir. Köçürülən pulların əksər hissəsi də borc şəklində alındığı üçün onun icra sənədləri üzrə cərimələrinin ödənilməsini mümkünsüz hesab edir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2023cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh tərbiyəvi xarakter daşıdığından, həmçinin vətəndaşların hüquq şüurunun və mədəniyyətinin, qanunlara hörmət və əməl edilməli olması ilə bağlı vərdişlərinin formalaşmasında mühüm rol oynadığından, məhkəmə və digər orqanların inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qanunverici məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı məsələləri tənzimləyərkən icra məmurlarına müvafiq qərarın icrasının təmin olunması ilə bağlı hərəkətlərin həyata keçirilməsində mülahizə sərbəstliyi verməkdən çəkinməklə, icra məmurları tərəfindən görülə biləcək tədbirlərin dairəsini, icra müddətlərini, o cümlədən digər prosessual məsələləri dəqiq müəyyən etmişdir. İnzibati Xətalar Məcəlləsinin 145.1.6-cı maddəsinə müvafiq olaraq barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasına xitam verir. Bu cür hüquqi tənzimetmə hüququn hamılıqla qəbul edilmiş eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipindən irəli gəlir. Eyni əmələ görə təkrarən məsuliyyətə cəlb edilməyə yol verilməməsinə dair prinsip inzibati xətalar qanunvericiliyində də əks olunmuşdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə müvafiq olaraq, bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhz bu prinsipdən çıxış edərək qanunverici barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin həmin qərarı icra etməməyə görə İnzibati Xətalar Məcəlləsinin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildiyi halda onun barəsində əvvəlki inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsini nəzərdə tutmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarın qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə dair protokol icra məmuru tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə tərtib edilmədikdə və nəticədə həmin xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi halda, məhkəmə tərəfindən İnzibati Xətalar Məcəlləsinin 38.1, 53 və 109.2-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinin tələbinə uyğun olaraq, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Belə olan halda inzibati cərimə tənbeh tədbirini icra etməməyə davam edən şəxs barəsində icra məmuru tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsilə protokolun təkrarən tərtib edilib məhkəməyə göndərilməsinin mümkünlüyü barədə Konstitusiya Məhkəməsi Plenumunun qənaəti ondan ibarətdir ki, inzibati cəriməni qanunla müəyyən edilmiş müddət ərzində ödəməyərək müvafiq inzibati xətanı törətmiş şəxs barəsində artıq bir dəfə protokol tərtib olunaraq məhkəməyə göndərilsə də, protokolun tərtib olunması müddətlərinə əməl edilməməsi səbəbindən inzibati məsuliyyətə cəlb etmə müddətlərinin ötürülməsi əsası ilə iş üzrə icraata xitam verildiyindən, şəxs həmin xətaya görə yenidən inzibati məsuliyyətə cəlb oluna bilməz. Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası İXM-nin 150.9 və 529.1-ci maddələrinə uyğun olaraq, müvafiq inzibati xəta haqqında protokol qanunvericiliklə müəyyən edilmiş müddətdə tərtib edilmədikdə və nəticədə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdə, həmin Məcəllənin 38.1, 53 və 109.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1 və ya 529.2-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edilə bilmədikdə onun barəsində qəbul edilmiş inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərar üzrə məcburi icra tədbirləri davam etdirilir. Şəxsin inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb edilməsi istisna olunur. Hazırki işin materiallarından məlum olur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası Mərkəzi Bankının qəbul etdiyi inzibati tənbeh vermə haqqında qərarlarının icrasını təmin etmək məqsədilə icra məmuru tərəfindən qəbul edilmiş icraata başlama haqqında qərar və tələbin könüllü icra edilməsi barədə bildiriş xx.xx.2024-cü il tarixdə borclu Şəxs təqdim edilmiş, inzibati xəta haqqında protokol xx.xx.2024-cü il tarixdə tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iş üzrə toplanmış sübutlar Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini kifayət qədər təsdiq etdiyindən, barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməli, Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası Mərkəzi Bankının onun barəsində qəbul etdiyi inzibati tənbeh vermə haqqında qərarların icrasına xitam verilməlidir. Şəxs hərəkətlərində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər inzibati cəza növü Azərbaycan Respublikası İXM-nin 23.1-ci maddəsinə görə yalnız əsas inzibati tənbeh növləri kimi tətbiq edilir. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. 28.2. İctimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. 28.3. İctimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. 28.3-1. Məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Həmin Məcəllənin 154.2-ci maddəsində göstərilir ki, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs icra məmurunun icraata başlamaq haqqında qərar qəbul etdiyi gündən sonra ən geci on gün müddətində ictimai işlərin yerinə yetirilməsinə cəlb olunur. Həmin Məcəllənin 154.7-ci maddəsinin tələbinə görə ictimai işlər növündə inzibati tənbehin müddəti saatla hesablanır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 240 (iki yüz qırx) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, ictimai işlər növündə inzibati tənbeh tədbirini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə çəkməli, ictimai işlər növündə inzibati tənbeh tədbirinin əvvəli ictimai işlərin yerinə yetirilməsinə başlandığı vaxtdan hesablanmalı, Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalı, Şəxs Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli, xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli, xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli, xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli qərarlarının icrasına xitam verilməli, Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 23, 28, 40, 43, 106-115,117 və 129-130, 145 və 154-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 240 (iki yüz qırx) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs ictimai işlər növündə inzibati tənbeh tədbirini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə çəksin. İctimai işlər növündə inzibati tənbeh tədbirinin əvvəli ictimai işlərin yerinə yetirilməsinə başlandığı vaxtdan hesablansın. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Şəxs Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli, xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli, xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli, xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli qərarlarının icrasına xitam verilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-1041/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1041/2024
07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver