Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1051/2025 06.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Həsənova Gülnar Fikrət qızının katibliyi ilə, Şikayət verən şəxs X2 iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Kürdəmir rayonu, Topalhəsənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Kürdəmir rayonu, Topalhəsənli ə/d, Topalhəsənli kəndində qeydiyyatda olan və yaşayan X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30064397 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30064397 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30064397 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar əsasında İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Bildirmək istəyir ki, "xxxx" MMC 2023-cü ilin mart ayından un dəyirmanı kimi fəaliyyət göstərir. Həmin dövrdən etibarən müəssisələrinə daxil olan və çıxan avtomobillər təyinatına uyğun olaraq boşaldılacaq və yüklənəcək yüklərın miqdarının hesablanması məqsədilə, həmçinin qanunvericiliyə müvafiq olaraq avtomobil yollarında icazə verilən ağırlıq həcminin aşmaması məqsədilə müəssisənin ərazisində yerləşən 80 tonluq Esit markalı və 01185/3-2024 seriya nömrə ilə ölçmə vasitəsinin yoxlanılması haqqında şəhadətnamə ilə sertfikatlaşdırılmış yük tərəzilərində yoxlanılır. 19 avqust 2025-cı il tarixində Ağsu rayonu Qaravəlli kəndində yerləşən müəssisədən "xxxx" MMC-nin mülkiyyətində olan və onun idarə etdiyi **-AC-*** dövlət qeydiyyat nişanlı DAF markalı yük avtomobili ilə **-ZA-*** dövlət qeydiyyat nişanlı ATM markalı qoşqusuna Zaqatala şəhərinə çatdırmaq məqsədilə 23.5 ton un ve 1 ton kəpək yükü yükləyərək yola çıxmışdır. Maşın yüksüz vəziyyətdə olarkən tərəzi göstəricisi 15320 kq daha sonra yüklə birlikdə tərəzi göstəricisi 39980 kq oldu. Bununla yanaşı təyinat ünvanı istiqaməti ilə hərəkət edən zaman Ucar rayonu ərazisində asvalt yol zolağında yerləşdirilən X5 nəzarətində olan çəkiyə nəzarət yük tərəzisindən keçərkən heç bir yük artıqlığı qeydə alınmamışdır. Lakin nəqliyyat vasitəsi Zaqatala istiqamətində Şəki rayonu, Göybulaq kəndi ərazisində yerləşdirilən M-5 stansiyasından keçərkən çəki göstəricisi 42980 kq qeydə alınaraq nəqliyyat vasitəsi barəsində EQ30064397 nömrəli protokol tərtib olunaraq onun barəsində 600 AZN məbləğində cərimə tətbiq edilmişdir. Bildirmək istəyir ki, MMCnin ərazisində olan yük tərəzisi sertfikatlaşdırılmışdır və mütəmadi olaraq yoxlamadan keçirilir. Həmin yükdən başqa onun idarə etdiyi nəqliyyat vasitəsində əlavə heç bir yük olmayıb. Barəsində tərtib olunan xx.xx.2025-ci il tarixli EQ30064397 nömrəli elektron qərar barəsində "AĞSU TAXİL” MMC-yə məlumat vermişdir. Həmin protokolun əsassız olduğu üçün müəssisə tərəfindən EQ30064397 nömrəli elektron protokolun (qərarın) ləğv edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə DİN Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edilib. Lakin həmin müraciət indiyədək Baş idarə tərəfindən cavablandırılmayıb. yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmədən onun barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ30064397 nömrəli elektron qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayəti müdafiə edərək barəsində qəbul edilmiş xx.xx.2025ci il tarixli, EQ 30064397 saylı qərarın ləğv edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərarı tərtib edən orqana işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndənin iştirakı təmin edilməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə AR İXMnin 112.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında qərarı tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatlarını dinləyərək belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-in BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 30064397 saylı qərarın surətindən aydın olur ki, vətəndaş X3 M-5, 44.9 km Şəki rayonu, Göybulaq kəndi, Zaqatala istiqamətində 19 avqust 2025-ci il tarixdə, saat 14:57-də “DAF FTXF 105.460T” yük markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Həmin cərimənin yazılmasına əsas olunmuş fotoşəkildən aydın olur ki, “DAF FTXF 105.460T” yük markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil 19 avqust 2025-ci il tarixdə, saat 14:57-də M-5, 44.9 km Şəki rayonu, Göybulaq kəndi, Zaqatala istiqamətində tərəzidən keçərkən limit 40000 kiloqram olduğu halda daşıdığı yüklə birlikdə avtomobilin ümumi çəkisi 42980 kq olmuşdur; xx.xx.2025-ci il tarixli çatdırılmış malın təhvil-təslim aktından (AT-FTT-002) görünür ki, 06- AC-239 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X1 Mahmud M Zaqatala müəssisəsi Zərif 50 kq-470 kisə (23,5 ton), Kəpək 20 kq-50 kisə (1 ton) olmaqla yükü təhvil almışdır; X6 yük tərəzisinin göstəricisindən görünür ki, maşın yüksüz vəziyyətdə olarkən tərəzi göstəricisi 15320 kq., yükün çəkisi 24660 kq., maşın yüklü vəziyyətdə olarkən isə tərəzi göstəricisi 39980 kq. olmuşdur; İş materiallarında olan “ölçmə vasitələrinin yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli, 01185/3-2024 saylı şəhadətnamədən görünür ki, "xxxx" MMC-yə məxsus, Türkiyə istehsalı olan HİPPO B PWİT markalı avtomobl tərəzisi yoxlamadan keçirilmiş, tərəzinin zavod (seriya) nömrəsi 12848 olmaqla ölçmə vasitəsi istifadəyə yararlı olduğu göstərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30064397 saylı qərar əsassız olduğundan ləğv edilməli və X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında araşdırılmış iş materiallarından müəyyən edilir ki, şikayətçi tərəfindən idarə olunan “DAF FTXF 105.460T” yük markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə daşınan yükün çəkisi müəssisənin ərazisində yerləşən və qanunvericiliyə uyğun qaydada sertifikatlaşdırılmış tərəzidə yoxlanılmışdır. Həmin tərəzinin göstəricilərinə əsasən nəqliyyat vasitəsinin yüksüz çəkisi 15320 kq, daşınan yükün çəkisi 24660 kq olmaqla nəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisi 39980 kq təşkil etmişdir. İş materiallarında olan “ölçmə vasitələrinin yoxlanılması haqqında” 17 iyul 2024-cü il tarixli, 01185/3-2024 saylı şəhadətnamədən görünür ki, "xxxx" MMC-yə məxsus HİPPO B PWİT markalı avtomobil tərəzisi müvafiq qaydada yoxlamadan keçirilmiş və istifadəyə yararlı hesab edilmişdir. Bu isə həmin tərəzidə aparılmış ölçmələrin etibarlı olduğunu göstərir. Bundan əlavə iş materiallarında olan 19 avqust 2025-ci il tarixli malın təhviltəslim aktından görünür ki, nəqliyyat vasitəsi ilə Zaqatala şəhərinə 23,5 ton un və 1 ton kəpək olmaqla cəmi 24,5 ton yük daşınmışdır. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyul 2009-cu il tarixli, 104 nömrəli Qərarına əsasən ikioxlu dartıcı və üçoxlu yarımqoşqudan ibarət kombinə edilmiş nəqliyyat vasitələri üçün icazə verilən maksimum ümumi kütlə 40 ton müəyyən edilmişdir. Həmin qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın 1.3-cü bəndinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi-nin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlardan müəyyən edilir ki, şikayətçinin idarə etdiyi nəqliyyat vasitəsinin yüklə birlikdə ümumi kütləsi 39980 kq olmuş və bu göstərici normativ hüquqi aktla müəyyən edilmiş 40 tonluq icazə verilən maksimum kütlə həddini aşmamışdır. İnzibati xəta haqqında qərarda nəqliyyat vasitəsinin oxlarına düşən yük üzrə hər hansı ölçmə nəticələri göstərilməmiş, həmin halı təsdiq edən sübutlar da məhkəməyə təqdim edilməmişdir. DİN-in BDYPİ qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş və iş üçün əhəmiyyət kəsb edən sənədləri, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin irəli sürdüyü dəlil və faktları təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əssən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 114, 115, 128-131-ci və 134-cü maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30064397 saylı qərar ləğv edilsin və X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-1051/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1051/2025
06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver