Məhkəmə qərarları › İş №3(041)-1062/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1062/2025

27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1062/2025 27.11.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Həsənova Gülnar Fikrət qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonunun Carlı kəndində qeydiyyatda olmaqla yaşayan (Fin xxxxxxx) Şəxs barəsində Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-in) 590.2-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarından xüsusi icazə almadan mülki silahın əldə edilməsi qaydalarını pozaraq 01 ədəd “İJ 18” markalı, tək lüləli, 16 çaplı, P08875 nömrəli yivsiz ov silahını qeydiyyatsız saxlamış, nəticədə Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokoldan və protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarından xüsusi icazə almadan mülki silahın əldə edilməsi qaydalarını pozaraq 01 ədəd “İJ 18” markalı, tək lüləli, 16 çaplı, P08875 nömrəli yivsiz ov silahını qeydiyyatsız saxladığı üçün Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq barəsində Azərbaycan Respublikası İXM-nın 590.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol digər iş materialları ilə birlikdə aidiyyəti üzrə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu, Carlı kəndində yaşayır. Saxladığı silah mərhum atası X1 məxsus olmuşdur və yadigar kimi saxlamışdır. Həmin silahı yaşadığı evdə sandıqda saxlamış, ov silahından heç bir zaman istifadə etməmişdir. Polis əməkdaşları yaşadığı ünvana gələrək ondan silahın olub-olmamasını soruşmuş, o da mərhum atasından qalma silahı polis əməkdaşlarına təqdim etmişdir. Barəsində yüngül, cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında inzibati xəta haqqında protokol tərtib etmiş orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Məhkəmə onların gəlməməsini üzürsüz hesab edərək işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-cı maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ İTB-nə göndərilmişdir; xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Şəxs evində qanunsuz olaraq 01 ədəd “İJ 18” markalı, tək lüləli, 16 çaplı, P08875 nömrəli yivsiz ov silahını saxlamışdır; xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs evində qanunsuz olaraq 1 ədəd tək lüləli ov silahı saxlamış, nəticədə Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətmişdir. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta özünün etirafı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşiman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq sözü gedən silahın müsadirə edilməklə onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində cərimə edilsin. 01 ədəd “İJ 18” markalı, tək lüləli, 16 çaplı, P08875 nömrəli yivsiz ov silahı müsadirə edilərək Azərbaycan Respublikası DİN-nin X3 Baş İdarəsinin anbarına təhvil verilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə və Kürdəmir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar