Məhkəmə qərarları › İş №3(041)-1066/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1066/2025

18.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1066/2025 18.11.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Həsənova Gülnar Fikrət qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Kürdəmir RPŞ-nin DYPB-nin YNH üzrə baş inspektoru, polis kapitanı X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Kürdəmir rayonu, Şahsevən kəndində qeydiyyatda olan və yaşayan (FİNxxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Şəxs İXM 327.2, 332.1 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Kürdəmir Rayon Polis Şöbəsinin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və onlara əlavə edilmiş materiallar daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Kürdəmir RPŞnin DYPB-nin YNH üzrə baş inspektoru, polis kapitanı X3 məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 08:30 radələrində Şəxs sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ-2106” markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir şəhəri, Bakı prospekti ilə üzü Ucar rayonu istiqamətində hərəkət edərkən öz hərəkət zolağında yolayrıcını keçmə qaydalarını pozmaqla Zərərçəkmiş şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə heç kim xəsarət almamış, zərərçəkmiş şəxsə maddi zərər dəymişdir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.2, 332.1 və 332.4-cü maddələri ilə inzibati qaydada protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, “VAZ-2106” markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə, rəsmi olaraq isə bacısı oğluna məxsusdur. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. xx.xx.2025-ci il tarixdə saat 08:30 radələrində o, idarə etdiyi “VAZ-2106” markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir şəhəri, Bakı prospekti ilə yolun sağ hərəkət zolağı ilə üzü Ucar rayonu istiqamətində hərəkətdə olan zaman həmin prospektdə yerləşən “Aran” yeməkxanasının qarşısında olan sfetovora çatarkən sol hərəkət zolağı ilə hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısından sola dönmə əməliyyatını edən zaman toqquşmuş, hadisə zamanı yanında heç kim olmamış və hadisə onun günahı nəticəsində baş vermişdir. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, “Chevrolet Cruze” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil onun özünə məxsusdur, sürücülük vəsiqəsi vardır. Avtomobili ilə üzü Ucar rayonu istiqamətində hərəkətdə olmuş, Kürdəmir şəhəri, Bakı prospektində yerləşən “Aran” yeməkxanasının qarşısında olan sfetovora çatan zaman sağ tərəfdən Şəxs idarə etdiyi “VAZ-2106” markalı ** RS *** dövlət qeydiyyat nişanlı avtomobillə onun idarə etdiyi avtomobilin qarşısından sola dönmə əməliyyatını edən zaman avtomobillər toqquşmuş, avtomobilinə 1900 manat ziyan dəymiş və zərərinin ödənilməsində heç bir köməklik göstərilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 188/11 nömrəli ziyan aktından görünür ki, Zərərçəkmiş şəxs “Chevrolet Cruze” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ümumi ziyan 1975 manat təşkil edir; xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 08:30 radələrində Şəxs sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ-2106” markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir şəhəri, Bakı prospekti ilə üzü Ucar rayonu istiqamətində hərəkət edərkən öz hərəkət zolağında yolayrıcını keçmə qaydalarını pozmaqla Zərərçəkmiş şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə heç kim xəsarət almamışdır; xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.2, 332.1 və 332.4-cü maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nin DYPB-nə göndərilmişdir; xx.xx.2025-ci il tarixli, İXP ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-in 327.2, 332.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İXM-nin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Həmin Məcəllənin 34-cü maddəsinin 1-ci bəndinə əsasən: Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 2-ci bəndinə əsasən: Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 3-cü bəndinə əsasən: şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün, zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə inzibati xətanı törətmiş şəxsin ilk dəfə inzibati xəta törətməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirib və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinin tələbinə əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair məsələyə baxılması üçün aidiyyəti üzrə Kürdəmir Rayon Polis Şöbəsinin DYPB-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair məsələyə baxılması aidiyyəti üzrə Kürdəmir Rayon Polis Şöbəsinin DYPB-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar