Məhkəmə qərarları › İş №3(041)-1069/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1069/2025

04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1069/2025 04.12.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, Kürdəmir RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X1, Kürdəmir RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı X2, Şikayət vermiş şəxs X3 iştirakları ilə, Şikayət vermiş şəxs X3 Kürdəmir RPŞ-nin DYPB-nin yol patrul xidmətinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şikayət vermiş şəxs X3 Kürdəmir RPŞ-nin DYPB-nin yol patrul xidmətinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 13 sentyabr 1959-cu ildə Kürdəmir rayonunda doğulmuşdur, ailəlidir, 03 (üç) övladı vardır. Hazırda heç bir yerdə işləmir, təqaüdçüdür. Mülkiyyətində “QAZ 3110” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili var, Həmin avtomobillə yalnız ailəsi və yaxın qohumlarının gəzməyi üçün istifadə olunur. Həmin maşınla o, heç bir qazanc məqsədi ilə istifadə etmir. Avtomobilin texniki baxışı və sığorta sənədləri vaxtlı-vaxtında həyata keçirilir və indiyə kimi bu barədə heç bir problemi olmamışdır. Cari ildə də, yəni 2025-ci ilin avqust ayının 19-da mülkiyyətində olan avtomobili növbəti texniki baxışda keçirərək, avtomobildə heç bir texniki problem olmadığı müəyyən olunaraq, ona növbəti baxış müddəti xx.xx.2026-cı ilə kimi elektron-talon təqdim olunmuşdur. Bütün bunlara baxmayaraq, 19 noyabr 2025-ci il tarixdə rayonda həmişəki kimi hərəkətdə olarkən Kürdəmir rayon Yol polis əməkdaşları onu heç bir əsaslı səbəb olmadan Kürdəmir şəhərində saxlayaraq, ekologiya ilə bağlı maşına baxış keçirərək və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə 50 manat cərimə yazmışlar. O, iradını bildirərək maşını bu yaxınlarda texniki baxışdan keçirdiyini və maşında heç bir problem olmadığını demişdir. Onun himayəsində hazırda üç xəstə var, onların bütün müalicə və müayinələrini o aldığı təqaüdlə güclə yola verə bilir. Onun imkanı yoxdur ki, bu qanunsuz yazılan cəriməni ödəyə bilsin. Qeyd olunanları və himayəsində xəstə olmasını nəzərə alaraq Kürdəmir rayon Yol patrul xidmətinin TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X5 şikayət ərizəsinin dəlillərinə uyğun çıxış edərək bildirmişdir ki, tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur. Məhkəmədən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Kürdəmir RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X6 və Kürdəmir RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı X7 məhkəmədən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Kürdəmir RPŞ-nin DYPB-nin yol patrul xidmətinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 50 manat məbləğində inzibati cərimə olunmuşdur; xx.xx.2025-ci il tarixli MF 17073039 №-li elektron talondan görünür ki, X4 məxsus “QAZ 3110” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi növbəti texniki baxışdan keçirilmiş, son tarix xx.xx.2026-cı il müəyyən edilmişdir. İş materiallarında olan təqdim edilmiş videogötüntülərə baxış keçirilmişdir. Baxış zamanı DVD diskdə təqdim edilmiş videogörüntünün birində yol patrul xidmətinin əməkdaşları sürücüyə nəqliyyat vasitəsinin saxlanılaraq ona təmiz hava aylığı ilə əlaqədar dəm qazının miqdarının yoxlanıldığı bildirilərək avtomobilinin saxlandığı görünür. Digər videogörüntüdə sürücüyə avtomobilindən ixrac olunan dəm qazının miqdarının normadan artıq olduğu bildirildiyi, sürücünün ona etiraz edərək avtomobilinin motorunun təzə yığdırdığını dediyi, polis əməkdaşları ilə razılaşmadığı əks olunmuşdur. Sonuncu videgörüntüdə də sürücüyə avtomobilindən ixrac olunan dəm qazının miqdarının normadan artıq olduğu bildirildiyi və qəbz təqdim edildiyi, sürücünün onlarla razılaşmadığı görünür. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, X5 barəsində Kürdəmir RPŞ-nin DYPB-nin yol patrul xidmətinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməli, onun əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarının məhkəmə iclasında qarşılıqlı tədqiqi zamanı müəyyən edilmişdir ki, X5 xx.xx.2025-ci il tarixdə saat 10:49-da Kürdəmir rayonu, Babək prospektində “QAZ 3110” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən mühərriki nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı nəticəsində İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə cərimə edilmişdir. Lakin bu halı təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Səlahiyyətli orqanın nümayəndəsi tərəfindən məhkəməyə X3 xx.xx.2025-ci il tarixdə nəqliyyat vasitəsinin istismarı qaydasını pozmasını təsdiq edən sənəd kimi qəbz təqdim edilmişdir. Təqdim edilmiş qəbzlə bağlı məhkəmə qeyd edir ki, həmin qəbzin sübut əhəmiyyəti yoxdur. Belə ki, həmin qəbzin X3 nəqliyyat vasitəsinə aid olmasını müəyyən etmək olmur, qəbzdə müvafiq məlumatlar (nəqliyyat vasitəsinin markası, modeli, dövlət qeydiyyat nömrəsi) qeyd olunmamışdır. Bu isə qəbzin məhz şikayətçiyə məxsus “QAZ 3110” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid olmasını istisnasız müəyyən etməyə imkan vermir və beləliklə, həmin sənəd sübut qiymətinə malik deyil. Eləcə də təqdim edilmiş DVD diskdə olan hər üç videogörüntüdə qaz analizatorunun məhz həmin nəqliyyat vasitəsinə tətbiq edildiyini və cihazın göstərdiyi nəticələrin “QAZ 3110” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid olduğunu təsdiq edən aydın vizual məlumat yoxdur. Bundan əlavə, şikayətçiyə məxsus nəqliyyat vasitəsinin hadisədən cəmi üç ay əvvəl texniki baxışdan keçirildiyi və texniki baxış talonunun xx.xx.2026-cı il tarixinə qədər qüvvədə olduğu elektron talonla təsdiq olunur. Texniki baxışdan uğurla keçmiş nəqliyyat vasitəsinin mühərrikində aradan qaldırılması mümkün olmayan nasazlığın mövcud olması barədə səlahiyyətli orqan tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətin tətbiqi üçün şəxsin təqsirinin qəti və şübhəyə yer qoymayacaq dərəcədə sübuta yetirilməsi səlahiyyətli orqanın vəzifəsidir. İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil, əksinə, onun təqsirini təsdiq edən dəlilləri toplamaq və məhkəməyə təqdim etmək vəzifəsi səlahiyyətli orqana məxsusdur. Təqsirin mövcudluğu barəsindəki bütün şübhələr həmin şəxsin xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasım, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, X3 Kürdəmir rayonu Yol patrul xidmətinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilməsinə dair Kürdəmir RPŞ-nin DYPB-nin yol patrul xidmətinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar