Məhkəmə qərarları › İş №3(041)-1077/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1077/2024

20.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1077/2024 20.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X7, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Kürdəmir rayonunun anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Carlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-50/2019 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh almasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrarən icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandıraraq bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-50/2019 saylı icra sənədinə əsasən 2 nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün borclu Şəxs hər ay hər uşağa görə 100 manat aliment tutularaq tələbkar X2 ödənilməsi qət edilmişdir. İcra sənəd icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borclu tələbkara olan borcunu ödəməkdən yayındığı üçün icra məmurunun inzibati xəta haqqında protokolu əsasında Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarları ilə İXMnın 528.1-ci maddəsilə təqsirli bilinib barəsində müxtəlif müddətlərə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Buna baxmayaraq borclu icra sənədini bu günə kimi icra etməkdən yayınmış və nəticədə bu günə 8620 manat borcu qalmışdır. Tələbkarın şikayətləri əsasında borclu onun dəvətilə Kürdəmir rayon icra və probasiya şöbəsinə dəvət olunmasına baxmayaraq, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün barəsində axtarış elan edilmiş və bundan sonra polis əməkdaşları tərəfindən tutularaq icra şöbəsinə təhvil verilmişdir. Bundan sonra borcludan izahat alınmış, borcunu tam şəkildə ödəməkdən yayındığı üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-50/2019 saylı icra sənədinə əsasən 2 nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay hər uşağa görə 100 manat aliment tutularaq tələbkar X2 ödənilməsi qət edilmişdir. Maddi imkansızlığa görə bu günə qədər alimenti tam şəkildə ödəyə bilməsə də, mütəmadi olaraq alimentin hissə -hissə ödənilməsini təmin etmişdir. Bir neçə gün bundan qabaq borcundan 700 manat ödəniş etmiş və hər ay 250-300 manat ödəniş edəcəyi barədə tələbkarla öz aralarında razılığa gəlmişlər. Odur ki, nəzərə alınmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İş materiallarına əlavə edilmiş, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(041)-79/2024 saylı qərardan görünür ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-50/2019 saylı icra sənədini icra etmədiyi üçün Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 08 səkkiz gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Tərəflərin izahatından və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-50/2019 saylı icra sənədinə əsasən 2 nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün borclu Şəxs hər ay hər uşağa görə 100 manat aliment tutularaq tələbkar X2 ödənilməsi qət edilmişdir. İnzibati xəta haqqında protokol məhkəmənin icraatına daxil olduqdan sonra tələbkarla borclu arasında hər ay 250-300 manat ödəniş edilməsi barədə razılığ əldə olunmuş, məhkəmə iclasında tələbkarla telefon vasitəsilə əlaqə saxlanılmış və o, borcludan şikayətci olmadığını bildirmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. İşin yuxarıda şərh edilən halları barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi hallar öz təsdiqini tapmadığına görə onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanları nəzərə alaraq hesab edirəm ki, Şəxs hərəkətlərində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin dispozisiyasında göstərilən inzibati xəta halları yoxdur və bu səbəbdən də, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən on gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar