Məhkəmə qərarları › İş №3(041)-1119/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1119/2025

17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1119/2025 17.12.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi, X1, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir Rayon Şöbəsinin Səfərbərlik hazırlığı və Səfərbərlik bölməsinin rəis müavini, mayor X6 iştirakı ilə, X7 Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir Rayon Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X3 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir Rayon Şöbəsinin (bundan sonra SHXÇDX-nin Kürdəmir Rayon Şöbəsi) xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, anadangəlmə sağ ayağında olan barmaqlarının sayı 6 olub və hal-hazırda altı barmaqla yaşayır. 2013-cü ildə onda boğulma və əsmə xəstəliyi əmələ gəlmiş və həmin vaxtdan hal-hazıra kimi bu xəstəlikdən müalicə alır. Orta məktəbdə oxuyarkən hərbi uçota alınmaq üçün həkim müayinəsindən keçmiş, yuxarıda qeyd olunan xəstəliklər öz təsdiqini tapmışdır. 18 yaşı tamam olanda hərbi xidmətə getmək üçün çağrılmış və bu zaman xəstəliyi ilə əlaqədar ona 3 il möhlət vermişlər. Bundan sonra 2025-ci ilə kimi hər 3 ildən bir SHXÇDX-nin Kürdəmir Rayon Şöbəsinə çağrılaraq 3 il möhlət verilmişdir. 2025-ci ilin oktyabr ayının 7-də Bakı şəhərində yerləşən Hərbi Hospitala müayinəyə göndərilmiş, həmin vaxtdan 14 gün keçdikdən sonra, hərbi xidmətdə olan qardaşı Səddam ona zəng vuraraq SHXÇDX-nin Kürdəmir Rayon Şöbəsinin onu axtardığını bildirmişdir. Həmin günün səhəri şöbəyə getmiş, burada onu Səfərbərlik bölməsinin rəis müavini Vidadi Şirməmmədov qəbul etmiş, hərbi biletini alaraq ona bildirmişdir ki, o iyul ayında SHXÇDX-nin Kürdəmir Rayon Şöbəsinə gəlməli idi, gəlmədiyinə görə 300 manat cərimə olunmuşdur və ondan iyul ayında şöbəyə gəlməməsi barədə izahat alınmışdır. Halbuki, iyul 2025-ci il tarixdə şöbəyə çağrılmamış, bu barədə ona rəsmi bildiriş verilməmişdir. xx.xx.2025-ci il tarixdə Vidadi Şirməmmədov qardaşı Səddama zəng vuraraq, onun şöbəyə dəvət olunduğunu bildirmiş, o, həmin gün şöbəyə gəlmiş və hərbi biletini və "İnzibati xəta haqqında" 30 oktyabr 2025-ci il tarixli MN2441401 nömrəli və 30 oktyabr 2025-ci il tarixli MN1608393 nömrəli qərarlar ona təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən X11 ərizədə göstərdiyi xüsusatları təsdiq edərək şikayətin təmin edilməsini və SHXÇDX-nin Kürdəmir Rayon Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında SHXÇDX-nin Kürdəmir Rayon Şöbəsini təmsil edən X10 izahatında bildirdi ki, Kürdəmir rayonu Qağacılı kəndində qeydiyyatda olan xx.xx.1996-cı il təvvəllüdlü hərbi vəzifəli X7 xx.xx.2025-ci il tarixdə sağlamlıq vəziyyətinə görə möhləti bitdiyi üçün xx.xx.2025-ci il tarixdə mütləq müayinədən keçməsi üçün SHXÇDX-nin Kürdəmir Rayon Şöbəsi tərəfindən SMS bildirişi göndərilmiş, X11 şöbəyə gəlməkdən boyun qaçırdığına görə xx.xx.2025-ci il tarixdə mütləq müayinəsi deaktiv olmuşdur. X8 dəfələrlə zəng etmiş əlaqə saxlaya bilmədiyi üçün Xırdapay kənd icra nümayəndəliyindən qardaşının telefon nömrəsini əldə etmiş və ona qardaşının şöbəyə gəlməsini, gəlmədiyi təqdirdə inzibati məsuliyyətə cəlb olunacağını və digər hüquqi çərçivədə görüləcək tədbirlər barədə həmçinin ölkə sərhədində sərbəst hərəkətində giriş-çıxışına "sərhədkeçmə məhdudiyyət siyahısına əlavə ediləcəyi barədə məlumat vermişdir. xx.xx.2025-ci ildə təkrarən mütləq müayinədən keçməsi üçün xidmətin Kürdəmir rayon şöbəsi tərəfindən SMS bildiriş göndərilmişdir. xx.xx.2025-cı il tarixdə xidmətin Kürdəmir rayon şöbəsinə yaxınlaşaraq xx.xx.2025-ci il tarixdə əlavə tibbi müayinəyə göndərilmişdir və xx.xx.2025-ci il tarixdə müayinəsi yekunlaşmışdır. Daxil olan sağlamlıq vəzyyətinin yoxlanılması aktına əsasən qərarı təsdiq edilməsi məqsədi ilə şəxsi işi ilə birlikdə Dövlət Tibbi Sosial X4 təqdim olunmuşdur. Dövlət Tibbi Sosial X5 tərəfindən Kürdəmir rayon şöbəsinin qərarı təsdiq edildikdən sonra şəxs işi geri qaytarılmışdır. xx.xx.2025-ci il tarixdə X11 heç bir üzrlü səbəb olmadan 2025-ci ilin iyul ayında tibbi müayinədən keçmədiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 606.3 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 300 (üç yüz) manat məbləğində cərimə növü tətbiq edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir Rayon X2 ünvanladığı çağırış vərəqəsində xx.xx.2025-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir Rayon Şöbəsinə gəlməli olduğunu, qeyd olunan tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə üzrsüz səbəbdən gəlmədiyi halda AR İnzibati Xətalara Məcəlləsinin 606.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunacağını bildirmişdir. - X7 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir Rayon Şöbəsinə verdiyi xx.xx.2025-ci il tarixli izahatında bəzi problemlər səbəbindən təkrar tibbi komissiyaya gəlmədiyini bildirmiş, yenidən komissiyaya cəlb olunması üçün göstəriş verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir Rayon Şöbəsinin Səfərbərlik hazırlığı və Səfərbərlik bölməsinin rəis müavini, mayor X6 tərtib etdiyi xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokola əsasən X11 heç bir əsas olmadan 2025-ci ilin iyul ayından bugünədək təkrar tibbi müayinədən keçməmiş, nəticədə X11 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X7 xx.xx.2025-ci il tarixdə sağlamlıq vəziyyətinə görə möhləti bitdiyi üçün xx.xx.2025-ci il tarixdə mütləq müayinədən keçməsi üçün SHXÇDX-nin Kürdəmir Rayon Şöbəsinə dəvət edilmiş, lakin göstərilən tarixdə şöbəyə gəlməkdən boyun qaçırdığına görə xx.xx.2025-ci il tarixdə mütləq müayinəsi deaktiv olmuşdur. xx.xx.2025-ci ildə təkrarən mütləq müayinədən keçməsi üçün xidmətin Kürdəmir rayon şöbəsi tərəfindən X8 SMS bildiriş göndərilmiş, göstərilən tarixdə şöbəyə gəlmədiyi üçün Xırdapay kənd icra nümayəndəliyindən X7 hərbi qulluqda olan qardaşının telefon nömrəsi əldə edilərək onunla əlaqə saxlanılmış və bundan sonra X11 şöbəyə gələrək müayinəsi yekunlaşmışdır. X7 SHXÇDX-nin Kürdəmir Rayon Şöbəsinə verdiyi xx.xx.2025-ci il tarixli izahatında bəzi problemlər səbəbindən təkrar tibbi komissiyaya gəlmədiyini bildirsə də, qərardan verdiyi şikayətində bildirişin ona vaxtında verilməməsi göstərmişdir. Bundan əlavə, X11 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla tanış olaraq öz imzası ilə təsdiq etmiş, şikayətdə qeyd etdiyi hallarla bağlı protokolda heç bir qeyd aparmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.4-cü maddəsinə əsasən protokol nömrələnmiş blankda tərtib edildikdə onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır və protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etmələrinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə, üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. SHXÇDX-nin Kürdəmir Rayon Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, barəsində 300 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 134.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məhkəmə hesab edir ki, SHXÇDX-nin Kürdəmir Rayon Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikasının İXM-nin 135.1-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədiyindən, həmin qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir Rayon Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən, X7 həmin qərardan verdiyi şikayət isə təmin edilmədən saxlanılsın. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar