Məhkəmə qərarları › İş №3(041)-1120/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1120/2025

02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1120/2025 02.12.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X7, İsayev Orxan Mahir oğlunun katibliyi, Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Qaraqocalı kəndində qeydiyyatda olmaqla yaşayan (Fin xxxxxxx) Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı üzərində daşımış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi X5 tərtib etdiyi inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün məhkəməyə verdiyi izahatında bildirdi ki, Kürdəmir rayonu Qaraqocalı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlamasında və daşımasında, həmçinin istifadə etməsində şübhəli bilindiyi üçün, xx.xx.2025-ci il tarixdə, saat 18:30-də Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir şəhəri S.Şıxalıyev küçəsində piyada hərəkət edən zaman saxlanılmış və üstü yoxlanılan zaman əynində olan göy rəngli şalvarın sağ ön cibindən 01 ədəd gümüşü kağız bükümdə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Araşdıma zamanı toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs əməlində İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta olduğu müəyyən edildiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Kürdəmir şəhəri İ.Məmmədov küçəsi ərazisində yerdən bir ədəd büküm diqqətini çəkdiyi üçün götürüb içərisinə baxmış və içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüş, maraq kəsb etdiyi üçün üzərində saxlamışdır. xx.xx.2025-ci il tarixdə saat 18:30 radələrində Kürdəmir şəhəri S.Şıxalıyev küçəsi ərazisində piyada hərəkətdə olan zaman Kürdəmir RPŞ-nın əməkdaşları yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu saxlamışlar. Videoçəkiliş vasitəsilə üzərinə üst yoxlaması keçirilmiş, üzərində narkotik vasitə olub-olmaması soruşulmuş, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Daha sonra onu Kürdəmir RPŞ-yə gətirmişlər. Şəxs ilk dəfə inzibati xəta törətdiyini, əməlindən səmimi peşimançılıq çəkdiyini nəzərə alaraq barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən: - məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 18/568 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim olunmuş üzərində “..Şəxs üzərindən.." sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,51 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1833 saylı rəyinə əsasən Şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş, Kürdəmir rayon polis şöbəsinin İB-nin baş müstəntiqi, polis mayoru X3 cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025ci il tarixli qərarında göstərilmişdir ki, Şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlamasında və daşımasında, həmçinin istifadə etməsində şübhəli bilindiyi üçün, xx.xx.2025-ci il tarixdə, saat 18:30-də Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir şəhəri S.Şıxalıyev küçəsində piyada hərəkət edən zaman saxlanılmış və həmin tarixdə saat 18:30-dan 18:35-dək üstü yoxlanılan zaman əynində olan göy rəngli şalvarın sağ ön cibindən 01 ədəd gümüşü kağız bükümdə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Araşdırma zamanı şübhəli şəxs qismində dindirilmiş Şəxs göstərmişdir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Kürdəmir şəhəri İ.Məmmədov küçəsi ərazisində yerdən bir ədəd büküm diqqətini çəkdiyi üçün götürüb içərisinə baxmış və içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüş, maraq kəsb etdiyi üçün üzərində saxlamışdır. xx.xx.2025-ci il tarixdə saat 18:30 radələrində Kürdəmir şəhəri S.Şıxalıyev küçəsi ərazisində piyada hərəkətdə olan zaman Kürdəmir RPŞ-nın əməkdaşları yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu saxlamışlar. Videoçəkiliş vasitəsilə üzərinə üst yoxlaması keçirildi, üzərində narkotik vasitə olub-olmaması soruşulmuş, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı çıxarıb təqdim etmiş. büküm polis əməkdaşı tərəfindən açılıb içərisində baxış keçirildi və ekspertizaya təqdim olunacağı bildirilərək polis əməkdaşı tərəfindən qablaşdırıldı, üzəri onun və iştirakçılar tərəfindən imzalanmış. Daha sonra onu Kürdəmir RPŞ-yə gətirmişlər, Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Üzərindən aşkar edilərək götürülüb qablaşdırılmış kütlə açılaraq baxış keçirilmiş, elektron tərəzidə çəkilmiş, narkotik vasitə qurudulmuş marixuananın çəkisi 0.83 qram olması müəyyən olunmuş, sonra üzərindən aşkar olunmuş kütlə yenidən qablaşdırılmış, üzəri "Azərbaycan Respublikası DİN №137" möhürü ilə möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya təqdim olunacağı bildirilmişdir. Araşdırma zamanı izahatı alınmış Kürdəmir RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı X8 izahatında xx.xx.2025-ci il tarixdə Kürdəmir rayonu Qaraqocalı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üstündə saxlaması və daşıması ilə bağlı daxil olmuş məlumat əsasında rəhbərliyin icazəsi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etdiyini, şöbənin ƏRQ-nın kiçik inspektoru, polis kiçik serjantı X4 və şöbənin PPXB-nın polis nəfəri, polis serjantı X6 ilə birlikdə rayonun S.Şıxalıyev küçəsi ərazisində saat 18:30da Şəxs saxlayıb üzərinə keçirilən üst yoxlaması zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər aşkar edilmiş, ekspertizaya təqdim olunacağı bildirilərək qablaşdırılaraq götürülmüşdür. Araşdırma zamanı X4 və X6 oxşar izahat verərək, polis baş leytenantı X2 izahatında göstərilmiş xüsusatları olduğu kimi təsdiq etmişdir. Beləliklə aparılmış araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixdə psixotrop saat 18:30 radələrində Kürdəmir şəhəri S.Şıxalıyev küçəsi ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq Şəxs üzərində üst yoxlaması keçirilərkən onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü bükümdə təmiz çəkisi 0.51 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixo maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama zamanı yarandığından və Şəxs üzərindən aşkar olunmuş 0.51 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında" xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası qanununda göstərilmiş siyahıda nəzərdə tutulmuş şəxsi istehlak miqdarında olduğundan, eləcədə toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanması rədd edilməli, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsinin tərkibi olduğundan, onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nin İTB-nə göndərilməlidir. Şəxs əməli özünün etirafı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə, üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətdiyini, səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 115.4.2-ci maddəsinə görə dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir. İş üzrə maddi sübut-Kürdəmir rayon polis şöbəsinin İTB-nin saxlanc otağına təhvil verilmiş, Şəxs üzərindən aşkar edilmiş 0.51 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 0.49 qramı qərar qanuni qüvvəsini alandan sonra məhv edilməlidir. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 85, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 300 (üç yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Kürdəmir rayon polis şöbəsinin İTB-nin saxlanc otağına təhvil verilmiş, Şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə, təmiz çəkisi 0.51 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 0.49 qramı qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar