Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1160/2025 10.12.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mehdiyev Rahid Baxşəli oğlu, Həsənova Gülnar Fikrət qızının katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Kürdəmir şəhəri, Şəhriyar küçəsi, ev 14 ünvanında yaşayan Şəxs barəsində Kürdəmir rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Yunusov X9 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(017)-167/2025 nömrəli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək icra sənədinin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, barəsində olan icra sənədindən xəbəri var. Hazırda Kürdəmir şəhəri, Şəhriyar küçəsi, ev 14 ünvanında ailəsi ilə birlikdə kirayədə yaşayır, üç azyaşlı uşaqları var, oğlu nitq qüsurludur. 2019-2020-ci illər ərzində Zərərçəkmiş şəxs sələmə, yəni faizlə borc götürmüş, həmin pulu götürməkdə məqsədi oğlunun müalicəsi üçün həkim pulunun çatmaması olmuşdur. Götürdüyü məbləğ 2500 manat olmuş, lakin həmin vaxt əlyazma olan sənədə imza çəkən zaman Şəmistan ondan 6000 manat pul alması barədə iltizam almış, eyni zamanda həyat yoldaşı da borc üçün zamin olmuşdur. Uşağın səhhətinə görə buna razılıq vermişdir, çünki həmin vaxt pul ona çox lazım olmuşdur. Sonradan həmin borcu hər ay artıqlaması ilə ödəmiş, 2500 manata qarşı 4000 manatdan çox ödəniş etmişdir. Tələbkar isə sonradan həmin 6000 manatın ödənilməsini tələb etmişdir. O, tələbkardan borcunu ödəməsi üçün vaxt istəmiş, lakin tələbkar razılaşmamış, Ağcabədi Rayon Məhkəməsinə müraciət etmiş və borcunu tələb etmişdir. Həmin vaxt maddi imkanı olmadığı üçün hüquqlarını müdafiə etməsi məqsədilə müdafiəçi tuta bilməmişdir. Əvvəllər "xxxx" MMC-də çalışmış, sonradan şirkət bağlandığı üçün işdən çıxmışdır. Həm də həyat yoldaşı X1 Peşə Litseyində İngilis dili müəlliməsi kimi işləmiş, lakin sertifikat imtahanından 1 balla kəsildiyi üçün işinə davam edə bilmir və özü hazırda fəhləçiliklə məşğul olmaqla ailəsini dolandırır. Borcundan əvvəl 900 manat ödəmiş, bu gün ərzində 200 manat ödəniş etmişdir və qalan borcunu da işləyib hər ay ödənişi edəcək. Götürdüyü pul faizlə götürülmüş pul olsa da, artıq məhkəmənin qətnaməsi olduğundan onu icra etməli olduğunu dərk edir. Amma indiyədək ödəniş edə bilməməsi işdən çıxarılması və həyat yoldaşının da imtahandan kəsilərək işləməməsidir. Hazırda işləmir, Kürdəmirdə kirayə yaşayır. Özü və həyat yoldaşına işə düzəlməsinə çalışır. Uşağı xəstədir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(017)-167/2025 nömrəli icra sənədinə əsasən borclular Şəxs və X4 4000 (dörd min) manat məbləğində borc pul və dövlət rüsumuna görə ödənilmiş 60 manat məbləğində pul müştərək qaydada tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir; xx.xx.2025-ci il tarixli icraata başlama haqqında qərarın surətindən görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(017)-167/2025 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclular Şəxs və X8 göndərilmişdir; xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, tələbin könüllü icrası üçün borcluya 10 gün müddətində vaxt verilmişdir; Kürdəmir rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(017)-167/2025 saylı icra sənədi üzrə yaranmış 4060 manat borc Şəxs tərəfindən ödənilməmişdir; Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə verilmiş sorğudan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs evlidir (həyat yoldaşı G.A.Yunusova) himayəsində üç azyaşlı uşaqları vardır: xx.xx.2011-ci il təvəllüdlü X13, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X14; Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 110434/2 nömrəli məktubundan görünür ki, tələbin borclu Şəxs əmək haqqına yönəldilməsi barədə müraciət edilmişdir. Kürdəmir rayon İcra və X3 Peşə Litseyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 110434/2 nömrəli məktubundan görünür ki, tələbin borclu X7 əmək haqqına yönəldilməsi barədə müraciət edilmişdir. Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 110434 nömrəli məktubundan görünür ki, borclu X7 əmək haqqından tələbkara 200 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2025-ci il tarixli, 6685 nömrəli ödəniş qəbzindən görünür ki, borclu Şəxs məhkəmə qərarı üzrə borcundan 500 manat tələbkar Zərərçəkmiş şəxs hesabına ödəniş etmişdir. xx.xx.2025-ci il tarixli, 30286 nömrəli ödəniş qəbzindən görünür ki, borclu Şəxs məhkəmə qərarı üzrə borcundan 200 manat tələbkar Zərərçəkmiş şəxs hesabına ödəniş etmişdir. xx.xx.2025-ci il tarixli, 10325 nömrəli ödəniş qəbzindən görünür ki, borclu Şəxs məhkəmə qərarı üzrə borcundan 200 manat tələbkar Zərərçəkmiş şəxs hesabına ödəniş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(017)-167/2025 nömrəli icra sənədinə əsasən borclular Şəxs və X4 4000 (dörd min) manat məbləğində borc pul və dövlət rüsumuna görə ödənilmiş 60 manat məbləğində pul müştərək qaydada tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokolda borclu Şəxs üzərinə düşən 4060 manat məbləğində borcun ödənilmədiyi göstərilsə də, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar bu məlumatın faktiki hallarla tam uyğun gəlmədiyini təsdiq edir. Belə ki, borclu tərəfindən xx.xx.2025-ci il tarixlərində 500 manat və 200 manat, eləcə də xx.xx.2025-ci il tarixində 200 manat məbləğində ödənişlər edilmişdir. Bununla yanaşı, Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, borclunun həyat yoldaşı X7 əmək haqqından 200 manat məbləğində pul vəsaiti tutulmuş və tələbkara köçürülmüşdür. Göstərilənlər onu deməyə əsas verir ki, inzibati xəta haqqında protokolda borcun ümumiyyətlə ödənilməməsi barədə qeyd edilən məlumat işin real halları ilə ziddiyyət təşkil edir və protokolun bu hissəsi digər sübutlarla təkzib olunur. Borclu tərəfindən icra sənədi üzrə qismən ödənişlərin edilməsi, habelə borcun bir hissəsinin icra orqanı tərəfindən əmək haqqından tutulmaqla məcburi qaydada ödənilməsi borclunun icra sənədinin icrasından qəsdən və ya üzrsüz səbəbdən yayınmadığını göstərir. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs davranışında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv və subyektiv əlamətləri mövcud olmamışdır. İcra müddətində borclu icra məmurunun qanuni tələblərinə tabe olaraq vaxtlıvaxtında çağırışlara gəlmiş və borcu tam ödənilməməsi səbəbi olaraq maddi imkanının olmamasını göstərmişdir. İşin faktiki hallarından da görünür ki, borclunun mülkiyyətində tələbin məcburi qaydada yönəldilə biləcəyi hər hansı bir əmlakı və ya qazancı yoxdur. Hazırda həm özünün, həm də yoldaşının rəsmi iş yeri yoxdur, fəhlə kimi müxtəlif işlərdə işləməklə pul qazanır və ailəsini dolandırır. Məhkəmə, iş üzrə sübutları məcmu şəkildə qiymətləndirərək onu da nəzərə alır ki, barəsində inzibati icraat aparılan Şəxs himayəsində üç azyaşlı uşağın olması, onlardan birinin səhhətində ciddi problemlərin mövcudluğu, həm özünün, həm də həyat yoldaşının daimi və sabit gəlir mənbəyinin olmaması, borclunun adına tələbin məcburi qaydada yönəldilə biləcək daşınar və ya daşınmaz əmlakın mövcud olmaması icra sənədinin dərhal və tam həcmdə icrasını obyektiv olaraq mümkünsüz etmişdir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, borclu icra məmurunun çağırışlarına vaxtında gəlmiş, icra icraatında iştirak etmiş, icra sənədinin icrasından imtina etməmiş, əksinə maddi imkanları çərçivəsində mərhələli şəkildə ödənişlər etmiş, habelə borcun bir hissəsi həyat yoldaşının əmək haqqından tutulmaqla ödənilmişdir. Bu hallar borclunun icra sənədinin icrasından qəsdən və ya üzrsüz səbəbdən yayınmadığını, davranışında inzibati məsuliyyət üçün zəruri olan subyektiv tərəfin – təqsirin mövcud olmadığını göstərir. Beləliklə, ağır sosial vəziyyət, real icra imkanlarının olmaması və faktiki ödənişlərin aparılması fonunda icra sənədinin tam icra edilməməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi mənasında inzibati xəta kimi qiymətləndirilə bilməz. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə ödənişlərin edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-1160/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1160/2025
10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver