Məhkəmə qərarları › İş №3(041)-1164/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1164/2025

15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1164/2025 15.12.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mehdiyev Rahid Baxşəli oğlu, Həsənova Gülnar Fikrət qızının katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Atakişili Ə/D, Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əkbərov X6 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-1616/2025 nömrəli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək icra sənədinin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, barəsində olan icra sənədindən xəbəri var. Yaranmış aliment borcundan bu günə qədər sentyabr ayında 200 manat ödəniş etmiş, tələbkarla aralarında razılığa gəlmiş və ödəniş etməsi üçün vaxt istəmiş, tələbkar razılaşmış, lakin xəstəliyi ilə bağlı son 2 ay ərzində ödəniş edə bilməmişdir. Alimentini ödədiyi övladından başqa 2 övladı var, hər ikisi də ödənişli ali təhsil alırlar, onların xərclərini də özü edir. Hazırda aliment borcundan 300 manat ödəniş etmişdir. Qalan borcundan ay sonuna qədər ödəniş edəcək və borcunu tam şəkildə ödəyəcəyinə söz verir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-1616/2025 nömrəli icra sənədinə əsasən xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Şəxs Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalı, cavabdeh Şəxs 44 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir; xx.xx.2025-ci il tarixli icraata başlama haqqında qərarın surətindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-1616/2025 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, tələbin könüllü icrası üçün borcluya 10 gün müddətində vaxt verilmiş və borclu bildirişlə tanış olmuşdur; Kürdəmir rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-1616/2025 saylı icra sənədi üzrə yaranmış 1000 manat borc Şəxs tərəfindən ödənilməmişdir; Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə verilmiş sorğudan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs himayəsində iki uşaqları (aliment ödədiyi xx.xx.2013-cü il tarixdə doğulmuş X3 əlavə) vardır: xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2004-cü il təvəllüdlü X7); xx.xx.2025-ci il tarixli 23589 nömrəli ödəniş qəbzindən görünür ki, borclu Şəxs aliment borcundan 300 manat ödəniş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-1616/2025 nömrəli icra sənədinə əsasən xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Şəxs Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalı, cavabdeh Şəxs 44 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Borclu izahatında aliment borcundan əvvəl 200 manat ödəniş etdiyini, aliment ödədiyi övladından başqa iki övladının olmasını və onların ödənişli təhsil almalarını, xəstəliyi ilə bağlı son 2 ayda ödəniş edə bilmədiyini, ay sonuna qədər ödənişi tam şəkildə ödəyəcəyini bildirmişdir. İcra müddətində borclu icra məmurunun qanuni tələblərinə tabe olaraq vaxtlıvaxtında çağırışlara gəlmiş və borcu tam ödənilməməsi səbəbi olaraq xəstəliyinin olmasını göstərmişdir. İşin faktiki hallarından da görünür ki, borclunun mülkiyyətində tələbin məcburi qaydada yönəldilə biləcəyi hər hansı bir əmlakı və ya qazancı yoxdur. Onun əvvəlki nikahdan iki - xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2004-cü il təvəllüdlü X7 adlı iki uşaqları vardır. Evinə yeganə qazanc gətirən şəxsdir. Övladları ödənişli təhsil alır və onların xərclərini özü ödəyir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə ödənişlərin edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar