Məhkəmə qərarları › İş №3(041)-1165/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1165/2025

25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1165/2025 25.12.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mehdiyev Rahid Baxşəli oğlu Həsənova Gülnar Fikrət qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Söyüdlər kəndində qeydiyyatda olmaqla yaşayan (FİN-xxxxxxx) Şəxs barəsində Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola və əlavə edilmiş sənədlərə əsasən Şəxs 27 noyabr 2025-ci il tarixdə özünə məxsus bir baş camış heyvanını Kürdəmir – Zərdab asfalt örtüklü avtomobil yolunda nəzarətsiz qoyması səbəbindən həmin heyvanın avtomobil yolu ilə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi özünə məxsus “Chevrolet Cruze” markalı **-SY-*** qeydiyyat nişanlı avtomobillə vurulmasına və avtomobilə maddi ziyan dəyməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, özlərinə məxsus heyvanları Kürdəmir-Zərdab avtomobil yolundan keçirməklə qarşı tərəfdə olan örüş yerinə aparmışdır. 27 noyabr 2025-ci il tarixdə saat 17:40 radələrində heyvanları örüşdən qaytaran zaman asfalt yolu keçirdikdə Zərdab istiqamətində tanımadığı avtomobilin gəlməsini görmüşdür. Həmin avtomobil həmin vaxt yolu keçən bir baş camışını vurmuşdur. Həmin avtomobilin sürücüsü ilə həmin vaxt mübahisələri olmuşdur. Sonra həmin şəxsin ondan DİN-nin 102 xidmətinə şikayət etdiyini bilmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyini, qarşı tərəfdən heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Kürdəmir Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı polis kapitanı X1 cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarından məlum olur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nin DYPB-nə göndərilmişdir; Kürdəmir Rayon Polis Şöbəsinin yol patrul xidmətinin baş inspektor, polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs özünə məxsus heyvanları Kürdəmir–Zərdab asfalt örtüklü avtomobil yolu ilə yolun digər hissəsində yerləşən örüş sahəsindən qaytararkən yol hərəkəti təhlükəsizliyi qaydalarına riayət etməmiş, nəticədə həmin heyvanlardan birinin avtomobil yolu ilə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobilə dəyməsi nəticəsində nəqliyyat vasitəsinə maddi ziyan vurulmuşdur. Göstərilən hal inzibati xəta haqqında tərtib edilmiş protokol, barəsində icraat aparılan şəxsin izahatı və iş materiallarında olan digər sübutlarla təsdiq edilir. Məhkəmə hesab edir ki, göstərilən əməl Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş qayda pozuntusunun törədilməsi və bu pozuntu nəticəsində maddi zərərin vurulması ilə müşayiət olunduğundan, Şəxs əməlində həmin Məcəllənin 338.7-ci maddəsinin tərkib əlamətləri mövcuddur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununa 47-ci maddəsinin Vİ bəndinə əsasən, at arabası nəqliyyatının (kirşəsinin) sürücüsünə, yük və minik heyvanlarını sürənlərə, mal-qaranı ötürənlərə mal-qaranı yolda nəzarətsiz qoymaq, malqaranı dəmiryol xətlərinin və yolların üstündən xüsusi olaraq bu məqsəd üçün ayrılmış yerlərdən kənarda, habelə sutkanın qaranlıq vaxtında və məhdud görünmə şəraitində keçirmək (müxtəlif səviyyələrdə mal-qaranı ötürmə yerlərindən başqa), mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürmək qadağandır. Azərbaycan Respublikasının İXM-nin 338.5-ci maddəsinə görə at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; 338.5.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; 338.5.4. at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; 338.5.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə, qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə, yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs əməli özünün etirafedici izahatı və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, Şəxs barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İXM-nin 36.2-ci maddəsinə görə inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəx Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində aşağı həddə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməli, həmçinin vurulan ziyanla bağlı tərəflərə məhkəmədə mülki qaydada iddia qaldırmaq hüquqları izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar