Məhkəmə qərarları › İş №3(041)-1182/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-1182/2024

12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-1182/2024 12.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X7 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi ilə, Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Babayev X4 Rayon Məhkəməsinin xx.xx.2023cu il tarixli, 2(041)-880/2023 nömrəli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yaşadığı və qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərməklə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1 məhkəmə iclaslarına gəlməməsini üzrsüz hesab edərək işə onlarn iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında material Kürdəmir rayon icra və probasiya şöbəsinə geri qaytarılmalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələblərinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən edildi ki, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinə cavab vermir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin: 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 80.1. Sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. 100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. İnzibati xəta haqqında materala görə Babayev X4 Rayon Məhkəməsinin xx.xx.2023-cu il tarixli, 2(041)-880/2023 nömrəli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İcra sənədinə görə tərəflərin birgə nikahlarından xx.xx.2019-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Şəxs hər ay sabit pul məbləği ilə 130 (yüz otuz) manat miqdarında aliment tutularaq X3 verilməsi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda faktın təsdiqi kimi borclunun icra sənədi üzrə 1000 manat aliment borcu olması göstərilsə də, bu halı təsdiq edən heç bir sübut işə əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Məhkəmədə işə baxılarkən həmin materialları tamamlamaq mümkün olmamışdır. Bundan əlavə, inzibati xəta haqqında materiala icra sənədi üzrə məcburi icra tədbirlərinin görülməsi ilə bağlı heç bir sübut əlavə edilməmişdir. Halbuki, “İcra haqqında” Azərbaycan Respubikası Qanunun 43.1-ci maddəsinə əsasən hənmin Qanunun 44-cü maddəsində göstərilən əsaslardan biri mövcud olduğu halda, icra məmuru borclu barəsində aşağıdakı məcburi icra tədbirlərini tətbiq edə bilər: borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. İnzibati Xətalar Məcəlləsində məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 may 2019-cu il tarixli qərarının 1-ci bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 125,127 və 128-ci maddələrinə əsaslanaraq, Q Ə R A R A A L D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında material Kürdəmir rayon icra və probasiya şöbəsinə geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar