Məhkəmə qərarları › İş №3(041)-119/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-119/2025

16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-119/2025 16.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Kürdəmir Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləyən, Sumqayıt şəh., 13-cü mikrorayon, ev 25 mənzil 5-də qeydiyyatda olmaqla Kürdəmir rayonunun Şüşün kəndində yaşayan (FİN-xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə xırda xuliqanlıq əməli törətmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Şəxs Kürdəmir rayonunun Şüşün kənd ərazisində yerləşən mağazanın qarşısında ictimai qaydanı pozaraq həmkəndlisi Zərərçəkmiş şəxs şəxsiyyətini alçatmış, bununla da İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, onun barəsində Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş Kürdəmir rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Kürdəmir rayonunun Şüşün kənd sakini Zərərçəkmiş şəxs Kürdəmir RPŞ-nə ərizə ilə müraciət edərək həmkəndlisi Şəxs onu kənd mağazasının qarşısında nalayiq ifadələr işlədərək təhqir etdiyini bildirmişdir. Bununla da o, kənar şəxslərin diqqətini özünə cəlb etməklə ictimai qaydanı pozmuş, xırda xuliqanlıq etmişdir. Həmin yerdə olan şahidlərin izahatları alınaraq iş materiallarına əlavə edilmiş, əməlində inzibati xəta tərkibi olduğundan onun barəsində Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, o, özünü İXM-nin 510-cu maddəsi ilə təqsirli bilmir. Zərərçəkmiş şəxs onun uzaq qohumu, əmisi qızının qaynanasıdır. xx.xx.2025-ci il tarixdə Kürdəmir rayonu Şüşün kəndi ərazisində yerləşən X8 məxsus mağazaya çörək almağa getmişdir. Orada Zərərçəkmiş şəxs ilə rastlaşmış və ona “səni hər yerə şikayət edib başına oyun gətirəcəm” kimi ifadə işlətmişdir. O da heç bir günahı olmadığını bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs ona “mən şəhid anasıyam” dedikdə o, da “şəhidimizə qurban olum, xahiş edirəm şəhidimizin adını hər yerdə çəkməyin” demişdir. O, Zərərçəkmiş şəxs söyüb təhqir etməmişdir. Hadisə zamanı orada mağaza satıcısı X17 və X7 olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Kürdəmir rayonunun Şüşün kəndindində yaşayır. Şəxs həmkəndlisi, həm də uzaq qohumudur. O, qardaşını ikinci dünya müharibəsində itirmiş, oğlu isə birinci Qarabağ müharibəsində şəhid olmuşdur. Ümumiyyətlə dünyaya gəlmiş on övladından cəmi dördü hazırda yaşayır. Şəxs onun şəhid övladına Kürdəmir Rayon İcra Hakimiyyəti və bələdiyyə tərəfindən təsərrüfat məqsədi ilə verilmiş torpaq sahəsinin onlardan alınmasına çalışır, bunun üçün dəfələrlə müxtəlif qurumlara 17 dəfə şikayət yazmış, oğlanları ilə mübahisələşərək düşmənçilik yaradır, onların torpaq sahəsindən istifadə etməsinə maneə olur. O, xx.xx.2025-ci il tarixdə kənd ərazisində yerləşən mağazaya getmişdir. Həmin mağazada satıcı X17 və X5 olmuşdur. O, mağazada olan zaman Şəxs mağazaya çörək almağa gəlmişdir. O, Şəxs qolundan tutaraq qohum olduqlarını, niyə düşmənçilik yaratdığını soruşmuşdur. Şəxs də əsəbləşərək onun ailəsinə verilmiş gölməçəni qurutduracağını bildimişdir. Daha sonra o, Şəxs şəhid anası olduğunu, o ərazinin də şəhid anası olduğu üçün onlara verildiyini bildirmişdir. Şəxs də “şəhid adından hər yerdə istifadə etmə, şəhidə görə sizə dövlət tərəfindən qayğı var ancaq ki, mən o gölü qurutduracam” deyərək əlini sinəsinə vurmuşdur. Yer üstündə Şəxs onunla mübahisə etmiş, buna görə səhhəti pisləşmişdir. Həmin yerdə o, Şəxs həm də onların qohum olduqlarını, Şəxs əmisi qızlarının onlarda gəlin olduğunu xatırladaraq qohumlar arasında düşmənçilik yaratmamasını da xahiş etmiş, cavabında əmisi qızlarının taleyinin onu maraqlandırmadığını demişdir. Həmin yerdə halı pisləşmiş, bu zaman mağazada olan bacısı oğlu X7 onun halının pisləşdiyini görüb onu evlərinə aparmışdır. Sonda o, məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dəvət olunmuş X17 izahat verərək bildirmişdir ki, o, Kürdəmir rayonu Şüşün kəndində yerləşən mağazada satıcı işləyir. Şəxs onun həmkəndlisi, həmçinin uzaq qohumudur. xx.xx.2025-ci il tarixdə mağazaya bibisi Zərərçəkmiş şəxs gələrək narahat olduğunu, Şəxs onun oğlanlarını tutdurub həbsə atdıracağını, şəhid ailəsi kimi onlara verilmiş gölə görə problem olduğunu bildirmişdir. Bu zaman orada onunla birgə X11 da olmuşdur. Onlar da onu sakitləşdirmək üçün hər şeyin yaxşı olacağını bildirmişlər. Bu zaman Şəxs mağazaya çörək almağa gəlmişdir. Zərərçəkmiş şəxs Şəxs gəldiyini görüb ona yaxınlaşaraq oğlunun şəhid olduğunu, düşmənçilik yaratmamasını demişdir. Şəxs zərərçəkmiş şəxsə “şəhidi əsas tutub nə gəldi etməyin, mən öz işimi görürəm” demişdir. Bundan sonra Şəxs oradan çıxıb getmişdir. Bu zaman Zərərçəkmiş şəxs halı pisləşmişdir. O, da Zərərçəkmiş şəxs sakitləşdirmək üçün ona dərman vermişdir. Bibisi Zərərçəkmiş şəxs bir az yaxşılaşdıqdan sonra orada olan X1 ilə oradan getmişdir. Məhkəmə iclasında şahid qismində dəvət olunmuş X7 izahat verərək bildirmişdir ki, Şəxs onların uzaq qohumları, zərərçəkmiş şəxs isə onun bibisidir. xx.xx.2025-ci il tarixdə bibisi Zərərçəkmiş şəxs mağaza satıcısı Bəyim Hüseynova və o mağazada olan zaman Şəxs çörək almaq məqsədi ilə oraya gəlmişdir. Bu zaman bibisi Zərərçəkmiş şəxs Pərviz İbarhimliyə şəhid anası olduğunu, niyə düşmənçlik yaratdığını, onun əmisi qızının da onlarda gəlin olduğunu, belər şeylər etməyin ayıb olduğunu bildirmişdir. Şəxs Zərərçəkmiş şəxs dediklərinə qarşılıq olaraq bildirmişdir ki, “şəhid adından istifadə etmə, mən onsuz da o gölü qurutduracam, əmim qızlarının taleyi məni maraqlandırmır” demişdir. Bu sözlərdən sonra Şəxs çörəyi alıb getmişdir. Bibisi Zərərçəkmiş şəxs həmin mübahisədən sonra halı pisləşmiş, ürəyi tutmuşdur. Ona dərman vermiş, sonra isə evlərinə aparmışdır. Məhkəmə iclasında şahid qismində dəvət olunmuş X12 izahat verərək bildirmişdir ki, zərərçəkmiş şəxs onun anasıdır. O, hadisə zamanı orada olmamışdır. Axşam evə gələndə anası Zərərçəkmiş şəxs halının pis olduğunu görmüşdür. O, anası Zərərçəkmiş şəxs niyə halının pis olduğunu soruşduqda anası ona heç bir şey deməmişdir. Anası Zərərçəkmiş şəxs ürəyi tutuduğundan və təzyiqi qalxdığı üçün ona tibbi yardım məqsədi ilə dərmanlar alıb gətirmişdir. Lakin bir gün sonra anası Zərərçəkmiş şəxs ona mağazaya getdiyini və ora Şəxs gəldiyini, onunla mübahisə etdiyini, ona şəhid anası olduğunu bəhanə etməməyini, şəhidlərə hörmətsizliyini kobud şəkildə ifadə etdiyini demişdir. Sonradan anasının Şəxs ilə mübahisədən, şəhid adına hörmətsiz yanaşmasından, anasını şəhid adından istifadə etməkdə kobud şəkildə günahlandırmaqla alçatmasından sonra halının pisləşdiyini, orada olan X2 ona dərman verdiyini, daha sonra onu evə gətirdiyini, hadisə günü Şəxslə oğlanları arasında münaqişə olmaması üçün aralarında olan mübhisəni ondan gizlətdiyini öyrənmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 15 yanvar 2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025ci il tarixdə saat 11 radələrində yaşadığı kənddə həmkəndlisi Zərərçəkmiş şəxs kənd ərazisində yerləşən mağazanın qarşısında ucadan nalayiq ifadələr işlədərək təhqir etmişdir. Onun barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli AZA 000324 nömrəli protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:30-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə, saat 10:20-də azad edilmişdir. İş materiallarında olan ******* nömrəli şəhid ailəsi üzvlərinin vəsiqəsindən görünür ki, zərərçəkmiş şəxs X9 şəhid anasıdır. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şərh edilən inzibati xətanın obyekti - ictimai qaydadır. Obyektiv cəhətdən xırda xuliqanlıq aktiv hərəkətlərlə (ictimai qaydanı pozan hərəkətlər) xarakterizə edilir. Qanunvericilik quruluşuna görə bu maddədə göstərilən inzibati xəta formal tərkiblidir. Subyektiv tərəfdən xırda xuliqanlıq qəsdlə, adətən düzünə qəsdlə xarakterizə olunur. Lakin şəxs inzibati xəta törədilməsini arzu etmirsə, lakin buna şüurlu surətdə yol verirsə, xırda xuliqanlıq dolayı qəsdlə törədilir. İnzibati xəta tərkibi üçün subyekt - 16 yaşına çatmış, anlaqlı, fiziki şəxsdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs zərərçəkmiş şəxsi söyüb təhqir etmədiyini, bununla da özünü təqsirli hesab etmədiyini bildirsə də məhkəmə hesab edir ki, ictimai yerdə şəhid anasını övladının şəhid adından suiistifadə etməkdə günahlandırmaqla onun şərəf və ləyaqətini alçatmış, davranışı ilə şəhid adına və şəhid ailəsinə dövlət tərəfindən göstərilən qayğıya etinasızlığını nümayiş etdirməklə ictimai qaydanı pozmuşdur. Xırda xuliqanlıq ictimai qaydaya qəsd edən inzibati xətadır. O, təqsirli şəxsin təkəbbürlüyünü, onu əhatə edən insanların maraqlarına laqeydliyini və əxlaq qaydalarına məhəl qoymamağın sübut edir. Şərh edilən inzibati xətanın obyekti ictimai qaydadır. Bu inzibati xətanın bilavasitə obyekti isə vətəndaşların ictimai yerlərdə olması ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Xırda xuliqanlığın törədilməsi zamanı (hər bir halda) ictimai qaydaya, vətəndaşların şərəf və ləyaqətinə, onların normal iş şəraitinə, istirahətinə, hüquq və qanuni maraqlarına ziyan vurulur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona aşkar surətdə yaşlı və şəhid anası olması məlum olan (qohumluq əlaqələrinin olmasını məhkəmə iclasında bildirmişdir) 88 yaşlı (doğum tarixi XX.XX.1937) Zərərçəkmiş şəxs ilə mağazada qarşılaşarkən sonuncunun ona qohumluq əlaqələrini və şəhid anası olmasını xatırlatmasına, qohumlarla mehriban olması barədə etdiyi müraciətinə baxmayaraq ətrafdakı insanların yanında onu şəhid adından sui-istifadə etməkdə günahlandırmaqla və onun ailəsinə verilmiş torpaq sahəsi ilə istədiyi kimi davrana biləcəyi kimi gücə sahibliyini bildirməklə cəmiyyətə olan hörmətsizliyi nümayiş etdirmişdir. Məhkəmə iclasında ifadə verən şahidlər hadisədən sonra zərərçəkmiş şəxsin səhhətinin pisləşməsi və ona tibbi yardım göstərildiyini bildirmişlər. Məhkəmə qeyd edir ki, ictimai yerlərə müxtəlif həyati təlabatların təmin edilməsi məqsədi ilə insanların ünsiyyət yerləri aid edilir, ictimai yer orada insanların olması ilə əlaqələndirilir. Çünki insanların olduqları yerdə davranış qaydalarının pozulması hər hansı bir şəxsiyyətin, insan qruplarının və cəmiyyətin maraqlarına toxunması ilə bağlıdır. İctimai qayda anlayışı ictimai yerlərdə yaranan münasibətlərlə yanaşı bu yerlərdən kənarda yaranan və inkişaf edən, lakin ictimai sabitliyin təmin edilməsi, dövlət və ictimai təşkilatların fəaliyyəti, vətəndaşların əməyi və istirahəti üçün şəraitin yaradılması, eləcə də insanların şərəf və ləyaqətlərinin mühafizəsi ilə bağlı münasibətlər də əhatə olunur. İctimai qaydanın bilavasitə məqsədinə vətəndaşların toxunulmazlığı, onların şərəf, ləyaqət və digər hüquqlarının, qanuni mənafelərinin təmin edilməsi, dövlət orqanları və ictimai qrumların normal fəaliyyəti, formasından aslı olmayaraq mülkiyyətin mühafizəsi və s aid etmək olar. Bununla yanaşı ictimai qaydanın ümumi məqsədi yüksək şüur, yəni düşüncə əsasında hər bir vətəndaşda birgəyaşayış və öz hərəkətlərini dövlət və cəmiyyət tərəfindən sosial normalarla müəyyən edilmiş ciddi qaydada riayət etmək vərdişlərinə uyğunlaşdırmaq tələbatının yaradılmasından ibarətdir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin izahatı, şahidlərin izahatları və işin digər halları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyyən edilməmişdir. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Şəxs 15 yanvar 2025-ci il tarixdən 16 yanvar 2025-ci il tarixədək inzibati qaydada tutulduğu 02 (iki) gün müddət təyin edilmiş inzibati həbsdən çıxılaraq üzrərində 08 gün inzibati həbs saxlanılsın. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar