Məhkəmə qərarları › İş №3(041)-169/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-169/2025

06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-169/2025 06.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsi Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Ucar rayonunun Qaracallı kəndində qeydiyyatda olmaqla yaşayan (Fin: xxxxxxx) Şəxs barəsində Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü və 590.2-ci maddələri ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (ünvan: Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarından xüsusi icazə almadan mülki silahın əldə edilməsi qaydalarını pozaraq 1 ədəd 330 manat dəyərində turac quşunu ovlamış və 1 ədəd “İJ ” markalı 16 çaplı 67519-51 nömrəli, 1974-cü il istehsalı olan qoşa uzun lüləli atəşə yararlı, sənayə üsulu ilə hazırlanmış, yivsiz, sənədsiz ov silahını qeydiyyatsız saxladığı üçün Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq barəsində Azərbaycan Respublikası İXM-nın 272.3-cü və 590.2-ci maddələri ilə xx.xx.2024-cü il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollor tərtib edilmiş və həmin protokollar digər iş materialları ilə birlikdə aidiyyəti üzrə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, ov silahı qaynatasından ona qalmışdır. Əmisi nəvələri və qardaşı ilə ovdan qayıtdıqları zaman yolda avtomobilin batdığını görüb kömək məqsədi ilə həmin avtomobilin yanında dayanmış 1 nəfər şəxsə yaxınlaşmışlar. Onlar yaxınlaşdıqdan sonra onların mülki formada olan polis əməkdaşı olduğu müəyyən olunmuşdur. Polis əməkdaşı ondan soruşduqda turac ovladığını demişdir. Daha sonra onlar Kürdəmir RPŞ-ə gətirilmişdir. Şəxs izahatının sonunda əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazəsi olmadan ov silahı ilə 01 ədəd 330 manat dəyərində turac quşunu vurmaqla təbiətə ziyan vurmuşdur. Əhmədov X1 RPŞ-nə gətirilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Əhmədov X1 rayonunun Ərşəli kənd ərazisində bir ədəd Turac quşunu ovlamış, odur ki, barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta özünün etirafı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollar və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 590.2-ci və 272.3-cü maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikasının İXM-nin 272.3 maddəsinə əsasən, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə- inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan Respublikasının İXM-nin 590.2 maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2020-ci il tarixli qərarına əsasən İXM-in 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Lakin bu o anlama gəlmir ki, eyni vaxtda törədilən inzibati xətalara baxan səlahiyyətli orqan yalnız daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı qiymətləndirir. İnzibati xətaya dair işlərə baxan səlahiyyətli orqan, şəxs tərəfindən eyni vaxtda törədilən hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verməli, bu xətaların hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməli, sadəcə olaraq ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddlərində tənbeh tətbiq etməlidir. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlini səmimi etiraf edərək peşman olmasını məsuliyyəti yüngülləşdirən hall kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan sözü gedən silahın müsadirə edilməklə onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü və 590.2-ci maddəsi ilə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 1000 (min) manat məbləğində cərimə edilsin. 1 ədəd “İJ ” markalı 16 çaplı, qoşa uzun lüləli, lülə nömrəsi 67519-51, 1974-cü il istehsalı olan, atəşə yararlı, sənayə üsulu ilə hazırlanmış, yivsiz, sənədsiz ov silahı müsadirə edilərək Azərbaycan Respublikası DİN-nin X2 Baş İdarəsinin anbarına təhvil verilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə və Kürdəmir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar