Məhkəmə qərarları › İş №3(041)-174/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-174/2023

14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-174/2023 14.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qərib oğlunun iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Ərəbqubalı kəndində qeydiyyatda olmaqla yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (ünvan: Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Kürdəmir rayonu Ərəbqubalı kəndi ərazisində Kürdəmir RPŞ-nın əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, bir müddət əvvəl qızı Xədicə onun barəsində Kürdəmir rayon polis şöbəsinə şikayət etmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində Kürdəmir rayon polis şöbəsinin əməkdaşları onun yaşadığı ünvana gələrək barəsində olan şikayətlə bağlı polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt polis əməkdaşlarına evdəkiləri məlumatlandırmaq istədiyini bildirmiş, lakin polis əməkdaşları dediklərinə əhəmiyyət vermədən onu polis şöbəsinə aparmışlar. Şöbədə yazdığı izahatında baş verənləri olduğu kimi qeyd etmişdir. Həmin vaxt polis əməkdaşları onun barəsində qızı ilə aralarında olan dava-dalaşla bağlı İXM-nın 157-ci maddəsilə inzibati xəta haqqında protkol tərtib etmişlər. Bundan sonra polis əməkdaşlarının əsassız yerə onun barəsində İXM-nın 535.1-ci maddəsilə də inzibati xəta haqqında protokol tərtib etdiklərini görmüş və öz etirazını bildirməsinə baxmayaraq bunun bir nəticəsi olmamışdır. Hesab edir ki, barəsində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilən inzibati xəta haqqında protokol əsassızdır. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib etmiş Kürdəmir rayon Polis Şöbəsinin İB-nin Polis sahə rəisi X2 izahatında bildirdi ki, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsinə daxil olan şikayətə izahatının alınması üçün şöbəyə dəvət edilməsi zamanı polis əməkdaşları ilə Əhmədağanın arasında mübahisə yaranmışdır, Əhmədağa əvvəl getmək istəməsədə sonradan polis əməkdaşları ilə birlikdə şöbəyə getmiş, izahatı alındıqdan sonra Azərbaycan Respublikası İXM-nın 157 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Tərəflərin izahatını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, hərəkətində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Belə ki, işin faktiki və mübahisəedilməyən hallarından məlum olur ki, barəsinə olan şikayətə görə xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində Kürdəmir rayon polis şöbəsinin əməkdaşları Kürdəmir rayonu Ərəbqubalı kəndində yaşayan Şəxs yaşadığı ünvana gedərək şikayətlə bağlı izahat verməli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt Şəxs şöbəyə getməsi ilə bağlı evdəkiləri məlumatlandırmaq istədiyini bildirmiş, lakin polis əməkdaşları ilə aralarında qısa müddətli anlaşılmazlıq yaranmış və məcburi qaydada polis şöbəsinə aparılmışdır. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Müəyyən olundu ki, polis əməkdaşları Şəxs yaşadığı ünvana getmiş və izahatının alınması üçün onu məcburi qaydada polis şöbəsinə aparmışlar. Şəxs şöbəyə getməsi ilə bağlı evdəkiləri məlumatlandırmaq istəyi onların qanuni tələblərinə qəsdən tabe olmaması kimi qiymətləndirilə bilməz. Ona görə də, Şəxs Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM:X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar