Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-199/2025 19.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X2, Məhkəmə iclas katibi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2003-cü il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Kürdəmir şəhəri, Koroğlu küç, ev 29 da qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sürücülük hüququ olmadan xx.xx.2025-ci il tarixdə saat 13.50-də atasının mülkiyyətində olan “VAZ 2106” minik markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Kürdəmir şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törədərək X5 1524 yük markalı, ** JP *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ yan hissəsini vurmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, atasına məxsus “VAZ 2106” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan özü idarə edir.xx.xx.2025-ci il tarixdə saat 13.50-də Kürdəmir şəhər H.Əliyev prospektində körpü istiqamətində hərəkətdə olarkən ondan qabaqda eyni zolaqla hərəkətdə olan X5 1524 yük markalı, ** JP *** dövlət qeydiyyat nişanlı yük avtomobilini sağdan ötməyə cəhd etmiş, yolun sağ tərəfindəki bardürə çırpılacağını anlayıb sola doğru manevr edərkən idarə etdiyi avtomobilin arxa sol qənəd hissəsi həmin yük avtomobilinin ön sağ yan hissəsi ilə toqquşmuş və ona maddi zərər vurmuşdur. Bundan sonra avtomobili saxlamadan oradan uzaqlaşmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobildə tək olmuş və heç bir bədən xəsarəti almamışdır. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Kürdəmir RPŞ DYPB-nın YHN-nın inspektoru X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 13.50də Kürdəmir şəhər H.Əliyev prospektində “VAZ 2106” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs yol nəqliyyat hadisəsi törətdərək X5 1524 yük markalı, ** JP *** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissədən vurmuşdur. Hadisədən sonra tərəflər Kürdəmir RPŞ DYPB-ya dəvət olunaraq izahatları alınmış, Şəxs yol nəqliyat hadisəsinin onun günahı üzündən olduğunu etiraf etmiş, həmçinin araşdırma zamanı onun avtomobili idarə etmək hüququ olmadığı müəyyən edilmişdir. Bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş və aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xəta özünün etirafı və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 332.4cü maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə, beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında materiala yol-nəqliyyat hadisəsinin sxemi, tərəflərin polis şöbəsində verdikləri izahatlar, hər iki nəqliyyat vasitəsinə aid texniki və hüquq müəyyənedici sənədlər, Şəxs sürücülük hüququnun məhdudlaşdırılması barədə portaldan çıxarış, X5 1524 yük markalı, ** JP *** dövlət qeydiyyat nişanlı avtomobilin yol vərəqəsi, buraxılış kartı, X5 1524 yük markalı, ** JP *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilən hissəsinin fotoşəklləri və digər sənədlər əlavə edilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş, İnzibati xəta haqqında materiala əlavə edilmiş, Kürdəmir Rayon Məhkəməsinin hakimi Rahid Mehdiyevin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 15 gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qeyd etməyi vacib hesab edir ki, inzibati məsuliyyətə səbəb olan hər bir əməlin (hərəkət və ya hərəkətsizliyin) tərkibinin düzgün müəyyən edilməsi inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməlin inzibati xəta olub-olmamasını, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə inzibati xəta törətmiş şəxsə ədalətli tənbehin təyin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikasının İXM-nin 332-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi adlanır. Həmin Məcəllənin 332.4-cü maddəsi nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirildikdə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulduqda inzibati məsuliyyət yaradır. Həmin maddənin qeydində göstərilmişdir ki, bu Məcəllənin 96.1.1-ci, 332.1, 335.1, 336.1 və 337.1-ci maddələrində “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür. “Yol hərəkəti haqqında” Qanunun 2-ci maddəsi ilə yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsasları və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqları və vəzifələri müəyyən edilir. Qanunun nəqliyyat vasitələrinin dövlət qeydiyyatını tənzimləyən 27-ci maddəsində göstərilmişdir ki, qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. Nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda yol hərəkətində olan nəqliyyat vasitəsi və onun sahibi haqqında məlumatları təsdiq edən vahid sənəddir. Həmin Qanunun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndində mexaniki nəqliyyat vasitəsinin sürücüsünün özündə saxlamalı olduğu sənədlər müəyyən edilmişdir. Fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücülük vəsiqəsi ilə yanaşı, sənədlər sırasında sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsi, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnamə və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnamə göstərilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 iyul 2023-cü il tarixli Qərarında gəlinən hüquqi mövqeyə görə İnzibati Xətalar Məcəlləsinin və “Yol hərəkəti haqqında” Qanunun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda, nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) həmin Məcəllənin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur. İşdə olan sənədlərdən məlum olur ki, Şəxs yol nəqliyyat hadisəsi törədərkən idarə etdiyi “VAZ 2106” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi atası X1 (AD 966748 nömrəli qeydiyyat şəhadətnaməsi) olmuş, özünün isə sürücülük hüququ olmamışdır (sürücülük hüququnun məhdudlaşdırılması barədə portaldan çıxarış). İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi). İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsi). Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Lakin eyni inzibati xəta olmasa da, onun bir il ərzində təkrar olaraq inzibati xəta törətməsi, yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçması şəxsiyyətini səciyyələndirən mənfi hallar kimi qiymətləndirilir. Ona görə də, Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsi tələb edir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs şəxsiyyətini səciyyələndirən halları, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq, törətdiyi inzibati xətaya görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs etmənin əvvəli 19 fevral 2025-ci il tarixdən hesablanmalı, qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli 19 fevral 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-199/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-199/2025
19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver